Ölkəmizin bütün bölgələrində seçicilər yüksək fəallıq nümayiş etdirmişlər

 

 

 

Sumqayıtlılar elliklə sabitliyə, tərəqqiyə və daha xoş günlərə səs verdilər

Oktyabrın 9-da payız Günəşinin zərrin şəfəqləri altında əsl bayram ovqatı yaşayan sumqayıtlılar dəstə-dəstə seçki məntəqələrinə yollanaraq ölkəmiz üçün taleyüklü əhəmiyyəti olan prezident seçkilərinə qatılmışlar. Şəhərdə fəaliyyət göstərən 132 seçki məntəqəsinin hamısında səsvermə mütəşəkkil şəraitdə başlanmış və eləcə də davam etmişdir.

Vətəndaşlıq borclarını yerinə yetirən xoş əhvallı insanlar təəssüratlarını bölüşərək bildirdilər ki, növbəti beş il üçün Azərbaycan Prezidentini seçməklə respublikamızın çiçəklənməsinə və tərəqqisinə səs verirlər.

Səsvermə başlanmazdan xeyli öncə şəhərin telekommunikasiya şəbəkələrinin əməkdaşları dairə seçki komissiyalarının sədrləri ilə birlikdə məntəqələrə baş çəkmiş, seçkiləri müşahidə etmək üçün quraşdırılmış veb-kameraları bir daha yoxlamış, müvafiq aparatları tənzimləmiş, onların sabit işləməsini təmin etmək üçün zəruri tədbirlər görmüşlər.

Bu seçkilərdə ilk dəfə olaraq əlillərin seçki prosesində rahat iştirakı üçün müvafiq məntəqələrdə panduslar quraşdırılmış, gözdən əlil şəxslər üçün isə Brayl əlifbası ilə bülletenlər hazırlanmışdır. Söhbət etdiyimiz seçicilərin hamısı azad və demokratik şəraitdə səs vermələri üçün hər cür imkan yaradılmasından razılıqlarını bildirdi.

Şəhərdəki 41-ci seçki dairəsi və buraya daxil olan 23 nömrəli məntəqə Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasında yerləşir. Dairə seçki komissiyasının sədri Məzahir Süleymanov dedi ki, 43639 seçici bu gün öz iradəsini ifadə edir.

Biz orada olarkən 23 nömrəli məntəqədə səs vermiş şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov təəssüratlarını KİV nümayəndələri ilə bölüşürdü.

Məntəqədə müşahidə aparan BAXCP nümayəndəsi Şəmsiyyə Əfəndiyeva, həmçinin prezidentliyə namizəd Zahid Orucun müşahidəçisi Günel Səmədova məmnuniyyətlə müsahibə verərək səsvermənin sırf qanun çərçivəsində aparıldığını dilə gətirdilər.

Türkiyə Böyük Millət Məclisindən olan müşahidəçilər Necdet Ünüvar  (Adana) və Belma Satır (İstanbul) bildirdilər ki, səsvermədə sumqayıtlıların iştirakının fəal olmasını, kimsənin sıxıntı çəkməməsini müsbət hal kimi dəyərləndirirlər.

Gedişatı izləmək üçün 313 xarici, 60 yerli müşahidəçi dairənin məntəqələrinə baş çəkmişdir. “Rəy monitorinq” və “AJF & Assosiates İnc” qruplarının üzvləri məntəqələrin çıxışında exit-poll keçirmişlər. Gün sona yaxınlaşsa da, hələ də heç bir çatışmazlıq haqqında məlumat daxil olmamışdır. Rast gəldiyimiz çoxsaylı jurnalist həmkarlarımız da bildirdilər ki,  qanunu pozmadan öz missiyalarını yerinə yetirib, informasiya əldə edib və bu zaman heç bir maneə ilə üzləşməyiblər.

Dairənin 19 və 20 nömrəli məntəqələri şəhərin 1-ci məhəlləsində yerləşir. 1753 seçici məhz bu məntəqələrdə səs verir. Fəallıq yetərincə yüksəkdir. Könüllü müşahidəçi Sevinc Məmmədquliyeva, YAP seçki qrupunun rəhbəri Böyükxan Ağayev, ASDP-dən olan müşahidəçi Sədaqət Vəliyeva səsvermənin təşkilindən, yaradılan şəraitdən razılıqlarını ifadə etdilər. Hətta ən yaşlı seçici sayılan Qalina Mədətovanın öz evində səs verməsi üçün lazımi tədbirlərin görüldüyü vurğulandı.

Ən gənc seçici - 18 yaşı avqust ayında tamam olmuş Türkan İsmayılova isə bu gün özünü çox xoşbəxt hiss etdiyini söylədi.

Ağsaqqal seçicilər - AMEA-nın müxbir üzvü Mustafa Salahov  və “Karvan” kommersiya şirkətinin təsisçisi Ağamirzə Əhədov da ürək sözlərini həvəslə bölüşdülər. Dedilər ki, onlar növbəti dəfə bu gözəl güzərana, sabitliyə və tərəqqiyə səs vermələrindən hədsiz dərəcədə məmnundurlar: “Hamımız bu gözəl dövranın qədrini bilməli, vətəndaş və seçici fəallığımızı nümayiş etdirməliyik”. 

Sumqayıtdakı 42 nömrəli dairə seçki komissiyasının sədri Ruslan Hacıyev məlumat verərək bildirdi ki, dairənin əhatə etdiyi məntəqələrdə 42226 seçici səs verir. Onlardan 853-ü ilk dəfə səsvermə hüququ qazananlardır. MSK tərəfindən qeydə alınmış beynəlxalq müşahidəçilər sübh tezdən məntəqələrə baş çəkməyə gediblər. Almaniyadan Valter Kolbov və Ernst Hinsken, Portuqaliyadan Paolo Kasaka, Türkiyədən Harun Karaca və Tülay Salamoğlu, Hindistandan Hüseyn Bolvayi və Sanjay Raut, habelə ATƏT müşahidəçiləri Sergey İvanov və Anqules Donatas, demək olar ki, bütün məntəqələri bir-bir gəzərək səsvermənin gedişatına şahid olublar. Seçkilərin ümumi ruhu, vətəndaş fəallığı onları qane edən başlıca cəhətlər idi.

Bu arada xarici müşahidəçilər Xəzərin sahilində qərar tutmuş Sumqayıt şəhərinin gözəlliyinə, müasirliyinə və abadlığına, adamların mehribanlığına və siyasi mədəniyyətinə heyran qaldıqlarını dedilər.  

Qeyd edək ki, hər iki dairənin əhatə etdiyi məntəqələrdə əlil, xəstə, yaşlı insanların və uşaqlı qadınların əvvəlcədən ərizə və müraciətlərinə əsasən onların evlərinə “daşınan qutular” aparılmışdır.

Saat 19-dan, səsvermə vaxtı bitəndən sonra sözügedən seçki dairələri ilə təkrar əlaqə saxladıq. Məzahir Süleymanov 41 nömrəli dairə üzrə seçicilərin 66,1 faizinin, Ruslan Hacıyev isə 42 nömrəli dairə üzrə seçicilərin 67 faizinin səsvermədə iştirak etdiyini bildirdilər.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”nin bölgə müxbiri,

Fotolar Məqsəd Quliyevindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında