Binəqədi rayonu
Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkilərinin demokratik, azad və şəffaf keçirilməsi üçün respublikamızda yaradılan normal seçki şəraiti Azərbaycan cəmiyyətində yüksək demokratik mühitin formalaşmasından xəbər verir. Bunu Binəqədi rayonunun timsalında da aydın görə bilərik.
Binəqədidəki dairə və seçki məntəqələrində müşahidə etdiyimiz vəziyyət rayonda prezident seçkilərinə ciddi hazırlıq tədbirlərinin həyata keçirilməsindən xəbər verirdi. Xatırladaq ki, dairə seçki komissiyalarının tərkibinə daxil olan məntəqələrdə seçkilərə hazırlıq işləri yüksək səviyyədə başa çatmışdır. Məntəqələrdə komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələri, istədikləri namizədə demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılmışdır.
Xatırladaq ki, Binəqədi rayonunu 3 əsas seçki dairəsi əhatə edir. Bunlar 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü seçki dairələridir. Rayon ərazisinin bir hissəsi isə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin hüdudları daxilindədir.
8 saylı Binəqədi birinci seçki dairəsi prezident seçkilərinə yüksək səviyyədə hazırlaşmışdır. Oktyabrın 9-da səhər saat 8-dən etibarən adı çəkilən dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlamışdır. Dairə seçki komissiyasının sədri Natiq Əliyev bildirdi ki, dairənin əhatə etdiyi 39 daimi və beş müvəqqəti seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilmişdir.
10 məntəqədə veb-kamera yerləşdirilmişdir. Bundan başqa, 8 məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılmışdır. Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilmişdir. Seçkiləri müşahidə etmək üçün müxtəlif siyasi partiya və təşkilatlardan 348 nəfər qeydiyyatdan keçmişdir. Seçicilər axın-axın məntəqələrə gəlir, azad və sərbəst surətdə növbəti 5 il üçün prezident görmək istədikləri namizədə səs verirdilər.
8 saylı Binəqədi I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də vardı. Onlar müstəqil respublikamızın gələcəyinə ilk dəfə səs vermələrindən qürur hissi duyduqlarını bildirdilər.
Adı çəkilən seçki dairəsində ümumilikdə 45623 nəfər seçici qeydiyyatdadır. Seçki dairəsində ən yaşlı seçicinin 111 yaşı var.O Maral Məhərrəmovadır. 1971 nəfər seçici isə ilk dəfə səs verir.
9 saylı Binəqədi ikinci seçki dairəsi 36 seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılmışdır. Səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılmış və fəaliyyətə başlamışdır. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak etmişlər.
Dairə əsasən fərdi evlərin yerləşdiyi Xutor yaşayış massivindən Rəsulzadə qəsəbəsinədək olan ərazini əhatə edir. Qeydiyyata alınmış 47 min 230 seçicinin 2557 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairədə yaşı 80-ni ötmüş 700-dək seçici var. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.
Məntəqələr bütün zəruri avadanlıqla təmin edilmiş, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Dairənin 10 məntəqəsində veb-kameralar işləyir. Həmçinin 9 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılmışdır.
6 saylı seçki məntəqəsində səhər saatları olmasına baxmayaraq, seçicilərin fəallığı müşahidə olunurdu. Səsvermənin başlanmasından bir neçə saat keçsə də artıq məntəqə üzrə 1218 seçicinin bir hissəsi istədikləri namizədə səs vermişdi. Burada seçkinin bütün prosedurlarına əməl olunurdu.
1251 seçicinin səs verəcəyi 5 saylı seçki məntəqəsində də saat 17-dək heç bir qanun pozuntusu qeydə alınmamışdı. Məntəqənin sədri Gülnarə Məmmədova bildirdi ki, seçicilər sərbəst şəkildə istədikləri namizədə səs verirlər.
9 saylı Binəqədi ikinci seçki dairəsinin seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələri və bitərəf müşahidəçilər seçki prosesində heç bir qanun pozuntusuna yol verilmədiyini, səsvermənin tam şəffaflığını təmin edən şərait yaradıldığını bildirdilər.
10 saylı Binəqədi üçüncü seçki dairəsi 35 daimi, iki müvəqqəti məntəqəni əhatə edir. Hərəkət imkanları məhdud olan seçicilər üçün 7 məntəqədə panduslar təşkil edilmişdir. Məntəqələrin 10-da veb-kameralar quraşdırılmışdır. Seçicilərin ümumi sayı 46 min 912 nəfərdir.
Vətəndaşların normal şəraitdə iradələrini ifadə etmələri, istədikləri namizədə azad və şəffaf şəraitdə səs vermələri üçün məntəqələrdə hər cür şərait yaradılmışdır.
Səhər saat 8-də qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılmış və fəaliyyətə başlamışdı. 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə siyahıda olan 46 min 912 seçicinin artıq 54,92 faizi saat 19-dək istədikləri namizədə səs vermişdi.
12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiysının əhatə etdiyi ərazidə 31 seçki məntəqəsi yaradılmışdır. Seçicilərin sayı 41 min 387 nəfər olan dairə məntəqələri bütün lazimi avadanlıqla təmin edilmişdir. Sözügedən DSK-da seçkinin gedişini izləmək üçün 137 müşahidəçi qeydiyyatdan keçmişdir. Müşahidəçilərin 12-si öz təşəbbüsü ilə, digərləri isə siyasi partiyalar tərəfindən irəli sürülmüşdür.
Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirdi ki, saat 19-dək 44 min 727 seçicinin 69, 3 faizi istədiyi namizədə səs vermişdir. Heç bir qanun pozuntusu müşahidə olunmamış və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Yasamal rayonu
Səsvermə başlayan andan 17 saylı Yasamal üçüncü seçki dairəsinin Akademik Milli Dram Teatrının binasında yerləşən 14 və 18 saylı seçki məntəqələrinin qarşısında böyük canlanma var idi. Mən 14 saylı seçki məntəqəsində səs verdiyimdən müşahidələrimə də buradan başladım.
Həmin seçki məntəqəsində səs verən 88 yaşlı Böyük Vətən müharibəsi əlili, prezident təqaüdçüsü Mirzəxan Hüseynov diqqətimi cəlb etdi. Səsvermədən sonra seçki məntəqəsindən bir qədər kənarda onunla söhbət edən zaman soruşdum ki, niyə evdə səs vermək üçün müraciət etməyib. O isə bildirdi ki, prezident seçkiləri onun üçün böyük əhəmiyyət kəsb edir. Xəstə olsa da, mütləq seçki məntəqəsinə gəlib şəxsən səs verməyi qərara alıb. Özü də ailədə səs vermək hüququ olanların da hamısını özü ilə bərabər gətirib.
Bu ərazidə seçkiləri müşahidə edən “Tərəqiyyə Elmi Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunmuş “exit - poll”un nümayəndələri Ruqiyyə Cəfərova və Günel Əsədullayeva da müharıbə veteranı Mirzəxan Hüseynova yaxınlaşıb prezidentliyə namizədlərdən kimə səs verməsi ilə maraqlandılar. Bildirdilər ki, onlar sorğu aparırlar və seçicilər səs verdikləri namizədin adını açqlaya bilərlər. M.Hüseynov dedi ki, bu sabitliyə, əmin - amanlığa, firavanlığa, müstəqilliyimizin əbədi və daimi olmasına görə xalqımız böyük tarixi şəxsiyyət Heydər Əliyevə borcludur. Onun möhkəm təməllər üzərində qurduğu siyasi kurs uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulub. Bax, mən müstəqil dövlətimizi bu zirvəyə qaldıran siyasətə, bu uğurları davam etdirən şəxsiyyətə səs verdim. Uşaqlarıma da tapşırmışam ki, onlar da mənim seçimimə səs versinlər.
Getdikcə seçicilərin sayı çoxalır və səs vermək üçün uzun növbə yaranır. 18 saylı seçki məntəqəsinin sədri Dünyaxanım Bağırova dedi ki, bu məntəqə üzrə 1382 nəfər seçici var. Onların hamısına bildiriş göndərilib. Adları seçici siyahısında olmayanlar elə bir problemlə qarşılaşmırlar. Onlar şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməklə adlarını seçici siyahısına saldırır və həmin dəqiqə də səs verirdilər. Məntəqədə heç bir qanun pozuntusu, narazılıq olmadığını bildirən D.Bağırova siyasi mənsubiyyətindən asılı olmayaraq bütün müşahidəçilərə seçkinin gedişini izləmək üçün hər cür şərait yaradıldığını bildirir. Mən Milli Şuranın prezidentliyə namizədinin müşahidəçisi Mürşüd Mürşüdlü ilə söhbət edərkən də bunun şahidi oldum. Müxalifət nümayəndəsinin təmsilçisi bildirdi ki, o, seçki məntəqəsində hər hansı bir narazılığın və qanun pozuntusunun şahidi olmayıb. Onun deməsinə görə, seçki demokratik prosesdə və yüksək əhval - ruhiyyə şəraitində keçirilir.
Bu məntəqədə seçkilərin gedişini izləyən Belçikalı müşahidəçi Toch - Martin Albert və Ruandadan olan beynəlxalq müşahidəçi Hiqiro Prosperlə rastlaşıram. Onlarla söhbət zamanı seçkinin gedişatından razı qaldıqlarını bildirirlər. Beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini, şəffaflığın təmin olunduğunu bildirirlər. Onlar bunu seçkiyə hazırlıq işlərinin beynəlxalq tələblər səviyyəsində qurulması ilə əlaqələndirirlər.
15 saylı seçki məntəqəsinin sədri Mehriban Qarayeva söhbət əsnasında dedi ki, burada 1435 seçici səs verəcək. Onlar üçün hər cür şərait yaradılıb. Seçicilərin sənədləri yoxlanılır, barmaqları gözlə görünməyən mürəkkəblə işarələnir və sonra onlara səsvermə bülleteni verilir. Bütün bu proseslər məntəqədə müşahidə aparan ATƏT nümayəndələrinin gözləri qarşısında baş verir. Beynəlxalq müşahidəçilər də seçkinin gedişindən razılıqlarını bildirirlər.
16 saylı seçki məntəqəsində də seçicilərin mütəşəkkilliyi diqqəti cəlb edirdi. Bir - birinin ardınca gələn beynəlxalq müşahidəçilərlə söhbət zamanı onların da hər hansı bir qanun pozuntusu ilə qarşılaşmadıqları bəlli oldu. Seçki məntəqəsində rastlaşdığımız Avropa Akademiyası Seçki Müşahidə Missiyasının üzvləri — Kanada parlamentinin senatorları Davne Percy və Corc Fyure seçkilərin demokratik şəraitdə keçirildiyindən məmnunluq ifadə etdilər. Qeyd olundu ki, seçici siyahıları səliqəli şəkildə hazırlanıb, müşahidəçilər üçün əlverişli şərait yaradılıb və barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi və bənövşəyi lampa ilə yoxlanılması bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını alır.
Məntəqə seçki komissiyasının sədri Mənsurə Qurbanova dedi ki, Türkiyə parlamentinin üzvü, AKP təmsilçiləri Arpaslan Kavakoğlu və Oznür Çalıq, həmçinin qardaş ölkənin Cümhuriyyət Xalq Partiyasının üzvləri, parlamentarilər Ali Özgündüzlə Malik Ejder Özdeniz də apardıqları müşahidələrdən razı qaldıqlarını bildirmiş, Azərbaycanda demokratik, azad və ədalətli seçkinin şahidi olduqlarını qeyd etmişlər. Yaşlı kişi və qadınların səsvermədə iştirak etmələri seçicilərin bu siyasi kampaniyaya böyük maraq göstərmələrindən xəbər verirdi. 79 yaşlı Ağamehdi kişi ilə həyat yoldaşı 76 yaşlı Tamella xanımın səsvermədə şəxsən iştirak etmələri ilə maraqlandım. Dedilər ki, bu seçkilər xalqımızın, Vətənimizin, övladlarımızın, nəvələrimizin gələcək taleyini həll edir. Ona görə də səs verib layiqli namizədi prezident seçməliyik ki, gələcəyimizdən arxayın olaq. Elə də etdik. Ən layiqli namizədə səs verdik.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Xətai rayonu
173 min 703 seçicisi olan paytaxtın Xətai rayonunda fəaliyyət göstərən dörd dairə seçki komissiyasi üzrə 136 seçki məntəqəsində ölkənin həyatında mühüm əhəmiyyət daşıyan prezident seçkilərinə oktyabrın 9-u səhər saat 8-də Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsilə start verildi. Bu əlamətdar hadisəni müşahidə etdiyimiz ilk məntəqə 36 saylı dördüncü Dairə Seçki Komissiyasının 4 saylı seçki məntəqəsi oldu.
Məntəqə açılar-açılmaz ilk xarici müşahidəçilər missiyası- Asiya-Sakit Okean hövzəsi ölkələrinin beynəlxalq mərkəzçi demokratları təşkilatının nümayəndə heyəti də məntəqəyə gəldi və ilkin seçki prosesini izləməyə başladı. Yerli müşahidəçilər isə səsvermə başlamamışdan öz yerlərini tutmuşdular. Səhər tezdən müşahidə edilən seçici fəallığı məntəqədə olduğumuz bir saata yaxın müddətdə davam etdi.
Məntəqənin səsvermə zalında qoyulmuş lövhədəki seçici siyahısında səsvermə hüququ olan 1352 rayon sakininin adı qeyd olunmuşdu. Seçki proseduru, həmişə olduğu kimi, məntəqə seçki komissiyasının nümayəndəsinin xüsusi qurğu ilə salona daxil olan seçicinin təkrar səsverməyə cəhd edib-etmədiyini yoxlaması ilə başlayırdı. Sonra vətəndaş şəxsiyyət vəsiqəsini komissiya üzvlərinə təqdim edir və qeydiyyat aparıldıqdan sonra ona səsvermə bülleteni verilirdi. Bu, vaxt aparsa belə seçkilərin şəffaf keçməsində mühüm bir prosedur kimi bütün məntəqə seçki komissiyalarında məcburi qayda sayılır. Bütün ölkədə isə bu seçki məntəqə komissiyalarının sayı 5491-ə çatır. Xətai rayonu ərazisindəki məntəqə seçki komissiyalarının bir neçəsində apardığımız müşahidələrdən tam aydın olurdu ki, dairə seçki komissiyaları, rayonun müvafiq orqanları ilə bərabər seçkilərə hazırlıq tədbirlərini yüksək səviyyədə həyata keçirmişlər. Dairə seçki komissiyalarından aldığımız məlumatda göstərilir ki, prezident seçkilərinin şəffaf keçməsi üçün 126 seçki məntəqəsindən 40-da veb-kameralar quraşdırılmışdır. Səsvermə hüququ olan əlillər də unudulmamış və onların bu dövlət əhəmiyyətli tədbirdə normal iştirak etmələri üçün məntəqələrdə xüsusi pantuslar quraşdırılmışdır.
Günün birinci yarısında, tam əminliklə demək olardı ki, səsvermə heç bir hüquq pozuntusu və insident baş vermədən normal davam edirdi. İnsanların seçki məntəqələrinə axını bir daha göstərirdi ki, xalq bu seçkilərə böyük önəm verir və növbəti beş ildə də ölkənin yeni inkişaf tarixi yazması üçün öz həlledici sözünü deyəcək. Elə bu səbəbdən də seçicilər böyük ruh yüksəkliyi ilə səsvermədə iştirak edir və öz mövqelərini ortaya qoyurdular. Bu gerçəyi təkcə biz yox, Xətai rayonundakı bir çox seçki məntəqəsində səsverməni izləyən yerli və xarici müşahidəçilər, o cümlədən Asiya-Sakit Okean hövzəsi ölkələrinin beynəlxalq mərkəzçi demokratları təşkilatının nümayəndə heyətinin üzvləri də etiraf edirdilər.
Şübhəsiz ki, taleyüklü belə bir tədbirə xalqın həqiqi vətəndaş münasibəti seçkilərin nəticələrində özünü göstərməliydi və belə də oldu. Səsvermə bütün ölkədə olduğu kimi, Xətai rayonunda da axşam saat 19-da başa çatdı.
Dairə seçki komissiyalarından aldığımız ilkin məlimata əsasən oktyabrın 9-da keçirilən prezident seçkilərində 33, 34, 35 və 36 saylı Xətai birinci, ikinci, üçüncü və dördüncü seçki dairələri üzrə 173 min 703 seçicidən 64,9 faiz, yəni 112 min 755 seçici səsvermədə iştirak etmişdir.
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
Qaradağ rayonu
11 saylı Qaradağ seçki dairəsinin 27, 29 və 30 nömrəli seşki məntəqələri rayonun ən ucqar yaşayış məntəqələrindən olan Müşfiqabad qəsəbəsində yerləşir. Bu qəsəbənin sakinləri üçün indiki seçki bir neçə cəhətdən əlamətdardır.
Belə ki, 1984-cü ildə salınmış qəsəbədə geridə qalan illərdə demək olar ki, heç bir təmir-bərpa işləri aparılmamışdı. Seçki ərəfəsində isə buradakı 67 nömrəli uşaq bağçası, Şəhər 13 nömrəli Poliklinika və Qəsəbə Təcili Tibbi Yardım məntəqəsi tamamilə yenidən qurularaq bilavasitə Prezident İlham Əliyevin iştirakı ilə sakinlərin istifadəsinə verilmişdir. Qaradağın ən böyük mədəniyyət müəssisələrindən olan Müşfiqabad Qəsəbə Mədəniyyət evində isə əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Elə 274 nömrəli orta məktəb üçün tikilmiş yeni tədris korpusu da mədəniyyət evi ilə eyni zamanda sakinlərin istifadəsinə veriləcək. Qəsəbə ətrafında yeni yaranmış yaşayış massivlərinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunması üçün reallaşdırılan tədbirlər də sakinlərin seçkidəki fəallığının artmasına təsir göstərən amillərdən idi.
29 nömrəli seçki məntəqəsində müşahidə olunan seçici fəallıığı barədə danışan məntəqə sədri Həqiqət Babayeva vurğuladı ki, yaşayış məntəqələrinin bu şəkildə abadlaşdırılması seçkiyə hazırlığın mühüm tərkib hissələrindəndir. Səsvermə prosesinə gəlincə isə qeyd olundu ki, bu məntəqədə prezidentliyə namizədlərin hamısının müşahidəçiləri öz fəaliyyətlərini Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə davam etdirirlər. Azərbaycan Sosial Demokrat Partiyasının müşahidəçisi Ülfət Qasımova və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının müşahidəçisi Fəridə Sadıqova səsvermə prosesində hansısa qanun pozuntusunun və ya seçicilərə təsirin, göstərişin olmadığını söylədilər. Yeni Azərbaycan Partiyasının müşahidəçisi Vüqar Abbasov isə qeyd etdi ki, biz öz namizədimizi təmsil etməklə yanaşı, həm də bütövlükdə seçkinin ədalətli və şəffaf keçirilməsinin qayğısına qalmağa çalışırıq. Burada bitərəf müşahidəçilər də prosesə diqqətlə nəzarət edirdilər.
Dairənin 27 nömrəli məntəqəsində daha böyük qələbəliyin şahidi olduq. Burada səsvermə günü üçün Seçki Məcəlləsinin tələb etdiyi bütün məsələlər yüksək səviyyədə öz həllini tapmışdı. Bunu “Milli Şura”nı təmsil edən müşahidəçi Səyyad Cabbarov söylədi. Biz məntəqə sədri Atakişi Cəfərova saat 15-də və 18-də bir daha zəng edib vəziyyəti öyrənəcəyimizi deyəndə “Milli Şura” təmsilçisi təklif etdi ki, məntəqə sədrindən əvvəl ona zəng edək. Belə də etdik. Səyyad bəyə saat 15-dəki zəngimizin cavabı: - Necə lazımdırsa, o şəkildə nəzarət edirik və ona görə də heç bir qanun pozuntusuna cəhd yoxdur. Olsa da, qarşısını alacağıq.
“Milli Şura”dan olan soydaşımıza saat 18-də etdiyimiz zəngin cavabını da hörmətli oxuculara olduğu kimi təqdim edirik: - Əgər qanun pozuntusu olacaqdısa, onda burada nə üçün oturmuşuq? Əlbəttə, yoxdur. Seçicilərin kimə istəsə səs verməsinə tam şərait yaradılıb. Xüsusən, bir adamın məntəqəyə ikinci dəfə gəlməsi və ya polisin məntəqənin həyətinə girməsi halları qətiyyən qeydə alınmır. Şikayət də yoxdur. Belə hal olarsa, Milli Şura öz etirazını bildirəcək. Odur ki, ciddi nəzarət edirik.
30 nömrəli seçki məntəqəsinin sədri Çiləxanım Gözəlova ilk növbədə səsvermə prosesində iştirak edən müşahidəçilərin ölkədəki bütün siyasi qüvvələri və bitərəfləri təmsil etdiyini söylədi: - Bu, çox yaxşı haldır. Namizədlərin hər birinin bütün seçki məntəqələrinə öz təmsilçilərini göndərməsi bir daha sübut edir ki, bu məsələyə hamı çox ciddi yanaşır. Məsələyə ciddi münasibət olan yerdə isə mütləq şəffaflıq olur, həqiqət ortaya çıxır. Bütün namizədlər bizim qardaşlarımız, övladlarımızdır. Biz onların heç birini o birindən ayıra bilmərik. Onları bir-birindən fərqləndirmək səlahiyyətini Allah da, qanun da seçicilərə verib. Bütün namizədlərin müşahidəçilərinin iştirakı ilə seçicilərə tam sərbəstlik vermişik. Xalqın iradəsi hamı üçün önəmlidir. Ona görə də biz seçkinin istənilən nəticəsinə hamının ehtiramla yanaşacağına inanırıq. Çünki prezidenti məntəqədəki komissiya üzvləri deyil, səsvermə qutusuna yaxınlaşan ölkə vətəndaşı seçir. Nəticəni bilməsək də, vətəndaşa seçici fəallığı nümayiş etdirdiyinə görə minnətdarıq.
Baş çəkdiyimiz məntəqələrin hamısında səs verənlər arasında gənclərin daha çox olması faktı da diqqətdən yayınmırdı. Yeri gəlmişkən öyrəndik ki, qəsəbənin ən yaşlı seçicisi 27 nömrəli məntəqədə səs verən 88 yaşlı Əli Abbasovdur. Əli dayının səs verdiyi məqamda onunla görüşə bilməsək də bizimlə birlikdə seçki məntəqələrinə gedərək ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi prosesin bütün iştirakçılarına xeyir-dua verən Axund Məşədi Mətləbin iki-üç cümləsini qeydə almağı məqsədəuyğun saydıq: - Mən bu sözləri seçki məntəqəsində söyləsəydim qanuna zidd olardı. Burada isə sərbəstcəsinə deyirəm ki, Qaradağ seçiciləri ölkəmizi bu ağ günə çıxardan namizədə səs verəcəklər. O namizədə ki, Bakını İslam mədəniyyətinin paytaxtı edib, dünya müsəlmanlarının liderlərini dəfələrlə Bakıya toplayaraq onların Qarabağ münaqişəsinə münasibətini köklü surətdə dəyişib. Din dövlətdən ayrı olsa da, insan Vətəndən ayrı deyil. Ona görə də biz bu barədə çox söhbət etmişik. Xalq da hər bir məsələni incəliyinə qədər bilir və inanıram ki, seçicilər ən layiqli namizədə səs verəcəklər.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Foto Rafiq Salmanovundur
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.