Paytaxt seçiciləri seçkiyə bayram əhval-ruhiyyəsi ilə gəlmişdilər

 

 

Nəsimi rayonu

21 saylı Nəsimi 1-ci seçki dairəsi 29 məntəqəni əhatə edir və burada 34948 seçici qeydə alınıb. Seçkilər günü ilkin olaraq həmin dairənin 15 saylı seçki məntəqəsində olduq. 5 saylı tam orta məktəbdə yerləşən məntəqənin dəhlizində 1335 seçicinin siyahısı asılmışdı.

 Veb- kamera quraşdırılmış məntəqə açılandan seçimlərini etməyə gələn seçicilərin xüsusi aparatlarla sol əllərinin baş barmaqları yoxlanılır və gözə görünməyən mürəkkəblə işarələnirdi. Sonra onlar şəxsiyyət vəsiqələri əsasında qeydiyyatdan keçir, bülleten alaraq səsvermə kabinələrində seçimlərini edib, qatlanmış bülletenləri şəffaf qutulara atırdılar.

 Məntəqənin sədri Məlahət Hüseynova seçki ilə bağlı lazımi hazırlıq işlərinin aparıldığını və seçicilərin öz səsvermə hüququndan heç bir çətinliklə üzləşmədən istifadə etdiklərini bildirdi. Müxtəlif siyasi və ictimai təşkilatları təmsil edən müşahidəçilər seçki prosesinin normal keçdiyini, hər hansı qanun pozuntusu və müdaxiləni qeydə almadıqlarını bildirdilər.

Öz seçimini etmiş sakinlərdən birinə yaxınlaşıb rəyini soruşduq. Qarabağ müharibəsi veteranı Kavi Lalayev seçkilərin yaxşı təşkil edildiyini dedi və bildirdi ki, o, Azərbaycanın inkişafına və daha da çiçəklənməsinə, yəni indiki dövlət başçımız İlham Əliyevə səs verib. Yalnız onun müdrik siyasəti və əzmkarlığı sayəsində biz doğma Qarabağımızı qaytaracağıq. Möhtərəm Prezidentimiz bizi yeni qələbələrə aparır və onun alternativi yoxdur.

Dairənin 111 saylı tam orta məktəbdə yerləşmiş 10 saylı seçki məntəqəsində də eyni mənzərənin şahidi olduq. Seçicilər normal şəraitdə, heç bir maneə olmadan, bütün qaydalara əməl etməklə öz seçimlərini edirdilər. 1187 seçicinin qeydə alındığı məntəqənin sədri Jalə Hacıyeva seçkilərin normal keçməsi üçün tələb olunan şəraitin yaradıldığını və seçicilərin fəal şəkildə saat 8-dən məntəqəyə gəlməyə başladıqlarını bildirdi. Veb -kamera quraşdırılmış məntəqədə seçki prosesinə mane olacaq heç bir hadisə ilə rastlaşmadıq.

Həmin gün 21 saylı Nəsimi 1-ci seçki dairəsi üzrə seçicilərin 63,06 faizi səsvermədə iştirak etmişdir.

Sonra 22 saylı Nəsimi 2-ci seçki dairəsinin 2 və 5 saylı seçki məntəqələrində olduq. İşgüzar şərait, normal və şəffaf seçki prosesi həmin məntəqələrdə də hökm sürürdü. Komissiya üzvləri və müşahidəçilər seçki zamanı heç bir qanun pozuntusunun baş vermədiyini dedilər.

22 saylı Nəsimi 2-ci dairə seçki komissiyasından aldığımız məlumata görə həmin gün dairə üzrə seçicilərin 63,04 faizi səsvermədə iştirak edib.

Ayaz HƏMİDOĞLU,

 “Xalq qəzeti”

 

 

Xəzər rayonu

Dünən Azərbaycan Respublikası prezidentinin seçkiləri Bakı şəhərinin Xəzər rayonunda da demokratik, azad və sərbəst şəkildə keçirildi. Rayondakı dairə və məntəqə seçki komissiyalarının ərazisində apardığımız müşahidələrdən məlum oldu ki, seçicilər mütəşəkkil qaydada gələrək arzu etdikləri namizədə səs verirlər.

Xəzər rayonundakı14 saylı dairə seçki komissiyasının sədri İmran Qəmbərov bildirdi ki, ərazidə 34 açıq, 5 qapalı məntəqə təşkil olunub:

- Ümumi məntəqələr üzrə seçicilərin sayı 47 102-dir. Saat 12-də məntəqə seçki komissiyalarından dairə komissiyasına göndərilmiş  məlumata görə, seçicilərin 21 116 nəfəri seçkidə iştirak edərək öz səslərini vermişdir ki, bu da ümumi seçicilərimizin 44,8 faizi deməkdir. Məntəqələrdə 623 nəfər yerli müşahidəçi seçkilərin gedişini izləyir. Bundan əlavə, beynəlxalq müşahidəçilərdən də 8 nəfər məntəqələrimizdə olaraq səsverməni izləyib. Onlar da özlərinin ilkin müsbət rəylərini bildiriblər.

Dairə seçki komissiyası sədrinin sözlərinə görə, əksər məntəqələrdə müşahidə kameraları quraşdırılıb. Eyni zamanda, seçicilərin barmaqlarının şəffaf mürəkkəblə rənglənməsi də qəbul olunmuş ümumi qaydada həyata keçirilir.

Sonra rayon ərazisindəki 4 saylı seçki məntəqəsində olaraq səsvermə prosesinin gedişi ilə tanış olduq. Burada məntəqə komissiyasının sədri Təranə Qurbanova saat 12-yə qədər olan nəticələr haqqında məlumat verdi. Onun sözlərinə görə, məntəqə səhər saat 8-də tələb olunan qaydalara uyğun açılıb, seçki qutuları komissiya üzvlərinin və müşahidəçilərin iştirakı ilə bağlanılıb, qutuların şəffaflığı, səsvermə kabinələrinin seçkiyə tam hazırlığı hamıya göstərilib.

- Hər bir seçici özünün şəxsiyyət vəsiqəsi ilə gəlib siyahıya uyğun olaraq bülleten alır, sərbəst və azad şəkildə seçki kabinəsində istədiyi namizədi qeyd edir və bülletenini hamının gözü qarşısında qutuya atır. Bəzi yaşlı adamlara kömək lazım gələndə isə namizədlərin müşahidəçilərinə müraciət edirik. 

Məntəqə komissiyası sədrinin dediyinə görə, ərazidə 1178 seçici yaşayır. Saat 12-yə qədər artıq 600-dək seçici səs verib.

Məntəqədə müstəqil müşahidəçi Gülsüm Yaqubova, QHT-lərdən olan müşahidəçi Gülnaz Hüseynova və digərləri səhər saatlarından etibarən seçici fəallığının yüksək olduğunu, səsvermənin gedişində heç bir nöqsan qeydə alınmadığını bildirdilər.

Məntəqədə onu da öyrəndik ki, bizdən əvvəl bir neçə xarici müşahidəçi burada olaraq səsvermənin gedişini izləyib. Bunlar Belçikadan Sərdar Kılıç, Andre Perpene, Norveçdən Birkeland Bider, Finlandiyadan Yeva Helena, Çexiyadan Volter Filipp, Syuril Svaboda, Moldovadan Alexandru Simionov və başqalarıdır. Məntəqədə seçkini Qazaxıstan və Hindistan nümayəndələrinin də müşahidə etdiyini bildirdilər.

Günün sonunda dairə komissiyasından aldığımız məlumata görə, səsvermədə seçicilərin 78,2 faizi iştirak edib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 

Sabunçu rayonu

Rayonda  seçkilər həmişə yüksək səviyyədə keçirilib. Dünən- oktyabrın 9-da  da seçicilər  seçki  məntəqələrinə  böyük həvəslə  gəlirdilər. Onlar görürdülər  ki,  seçkilər  yenə də  demokratik, şəffaf   şəkildə  keçirilir.    

İlkin olaraq Bakıxanov qəsəbəsində yerləşən 26 saylı I dairə  seçki  komissiyasına baş  çəkirik. Komissiyanın  sədri Hacı Əliyev  bildirdi  ki, səhərdən məntəqələrimizdən gələn xəbərlər sevindiricidir.  Bizim seçki dairəsində olan  34 məntəqədən  10-da veb-kamera quraşdırılmışdır. Bu məntəqələrdəki vəziyyətdən hər an məlumat alırıq.  Dairə üzrə 47925 seçici səs verəcək.  Onların böyük bir qismi  artıq məntəqələrə gəlib səs vermişlər.   

Sonra 24 saylı məntəqədə seçkinin gedişi ilə tanış oluruq. Burada müxtəlif partiyalardan 9 nəfər müşahidəçi seçkinin gedişinə nəzarət edir. Bu seçki məntəqəsində MDB-dən olan nümayəndələr –  Nikolay Maksyuta  və  Ubedulla  Dovlatov   seçkinin  gedişini izləyirlər. Onlar  söhbət zamanı bildirdilər ki, heç bir narazılıqla  qarşılaşmamışıq, olduğumuz məntəqələrdə seçki çox şəffaf və demokratik keçirilir.  Səs verməyə gələn  Kifayət  Qasımova  bildirdi ki, bu gün biz haqqa, ədalətə, Azərbaycanın inkişafına səs  veririk.

27 saylı II dairə seçki komissiyası Sabunçu qəsəbəsində inşa edilmiş   müasir tipli yeni binada yerləşir. Burada da  məntəqələrlə daimi əlaqə qurulub. Dairə seçki komissiyasının sədri  Nadir Əjdərov  bildirdi ki,  bizim dairədə  38  seçki   məntəqəsi  var. Seçicilərimizin sayı  47555 nəfərdir. 10 məntəqədə  veb-kamera quraşdırılmışdır. İlkin məlumatlara əsasən deyə bilərəm ki, seçicilərin fəallığı yüksəkdir. Sabunçu qəsəbəsində yerləşən 2 saylı seçki məntəqəsinə baş  çəkirik.  Məntəqə sədri  Esmira Muradova dedi  ki,  bir az əvvəl  AŞ PA -dan olan nümayəndələr- Regini Andrea və  Dias Tocera  Arkadio   bizim məntəqədə oldular. Seçicilərlə, müşahidəçilərlə  görüşdülər.  Az sonra  ATƏT-dən olan  nümayəndələr –  Rerars  Danilson və  Beto Dosman da məntəqəyə gəldilər.  Onlar bildirdilər ki,  seçkilərdə  heç bir pozuntu  ilə rastlaşmamışıq. Olduğumuz bütün məntəqələrdə   seçkinin çox demokratik, şəffaf keçirildiyinin şahidi olduq.

28  saylı III dairə seçki  komissiyası Maştağa  qəsəbəsində  yerləşir.  Komissiyanın sədri Hacıbala Babayevlə də elə  dairə  seçki komissiyasında  görüşdük. Yenicə  seçki məntəqələrindən   gəlmişdi. Dedi ki,   bütün məntəqələrdə  müşahidəçilər  razılıqla danışırlar. Məlumat üçün bildirək ki, bu dairə Sabunçu rayonunun  Bilgəh, Maştağa, Zabrat və  Nardaran qəsəbələrini əhatə edir. Burada 36 məntəqə  50611 seçici var. Veb-kamera ilə 18 saylı məntəqədə seçkinin  gedişini izlədik. Aydın görünürdü  ki, seçicilər  böyük fəallıq  göstərirlər.

Günün sonunda  dairə  seçki komissiyaları ilə  əlaqə saxladıq. 26 saylı I dairədə 61,49 faiz, II dairədə 65,06 faiz, III dairədə isə 64,6 faiz  seçici səs vermişdir.

 

Mehdi MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

 

Pirallahı rayonu

Dünən Pirallahı rayonunun seçiciləri prezident seçkilərində böyük fəallıq və mütəşəkkilliklə iştirak ediblər. Bunu rayonun seçki məntəqələrində apardığımız müşahidələr də sübut etdi. Səhər saatlarından etibarən seçicilər yaşadıqları ərazidəki seçki məntəqələrinə tələsir, azad və sərbəst şəkildə istədikləri namizədə səs verirdilər. Məntəqələrdə yerli və xarici müşahidələr səsvermənin gedişinə ciddi nəzarət edirdilər.

Mərdəkan-Pirallahı 13 saylı dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov seçkinin gedişi haqqında məlumat verərək bildirdi ki, seçki səhər saat 8-də başlanıb. Həmin vaxt ərazidəki bütün 43 seçki məntəqəsi işə başlayıb:

- Xəzər-Pirallahı seçki  dairəsinin ərazisində 47 021 seçici siyahılara daxil edilmişdir. Səhər saat 10-a olan məlumata görə, artıq 9 826 nəfər seçici məntəqələrə gələrək səsvermə hüququndan istifadə etmişdir. Bu da seçicilərin 20,9 faizi deməkdir. Seçici fəallığını yüksək hesab etmək olar. Ümid edirik ki, axşam saatlarına qədər qalan seçicilərimiz də mütəşəkkil qaydada gəlib öz səslərini verəcək, ölkənin bu mühüm tədbirinə öz töhfələrini verəcəklər, - deyə komissiya sədri qeyd etdi.

Onun sözlərinə görə, artıq səhər saatlarından, məntəqələr açılandan yerli müşahidəçilər məntəqə komissiyaları ilə birgə işə başlayıblar. Bir sıra məntəqələrə xarici müşahidəçilər də gəliblər və seçkinin gedişi ilə bağlı müşahidələr aparıblar. Dairə komissiyasının sədri bildirdi ki, məntəqələrdə hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb.

Müşahidələrimiz məntəqələrdə əhalinin fəal surətdə səsverməyə gəldiyini göstərdi. Xəzər-Pirallahı 13 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində sədr Gülnarə Əzimova ilə görüşüb ilkin məlumatları aldıq. O qeyd etdi ki, səhər saat 8-də seçki başlanmışdır və hazırda öz axarı ilə davam edir:

- Seçicilərin fəallığı yüksəkdir. Vətəndaşlarımız öz səslərini vermək üçün məntəqəyə gəlməkdədirlər. Məntəqədə hər bir prezidentliyə namizədin müşahidəçisi də əyləşib və səsvermənin gedişini izləyir. Budur, ATƏT-dən olan xarici müşahidəçilər də xeyli vaxtdır ki, tərcüməçiləri ilə birgə məntəqədə əyləşiblər. Saat 10-a qədər 256 seçicimiz səs vermişdisə, saat 11-də 416 nəfərin səsvermədə iştirak etdiyi məlum oldu.

“Milli Şura”nın məntəqədəki müşahidəçisi Habil Nəsirova müraciət edib seçkinin gedişi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

- Hələ seçki təzə başlayıb. Nəsə demək tezdir. Ona görə heç bir fikir bildirmək istəmirəm, - Nəsirov dedi.

Ondan hər hansı nöqsana rast gəlib-gəlmədiyi barədə suala da konkret cavab ala bilmədik.

Prezidentliyə namizəd Zahid Orucu təmsil edən müşahidəçi Vəfa Gülməmmədova və namizəd İlyas İsmayılovun müşahidəçisi Sona Məmmədova səhərdən seçki prosesinə qoşulduqlarını, seçkicilərin sərbəst şəkildə gəldiyini, azad, demokratik qaydada səs verdiyini, ancaq heç bir qanun pozuntusu müşahidə etmədiklərini bildirdilər.

Günün sonunda dairə komissiyasından aldığımız məlumata görə, səsvermədə seçicilərin 78,8 faizi iştirak edib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 

Suraxanı rayonu

Suraxanı rayonunda müşahidə etdiyimiz məntəqələrdə səsvermə qanunvericiliyin tələblərinə uyğun, azad, şəffaf və demokratik şəraitdə reallaşırdı. Vətəndaşlar sərbəst şəkildə öz seçimlərini edir, istədikləri namizədə səs verirdilər.

Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatların təmsilçiləri də izləyirdilər. Müşahidəçilərin bildirdiyinə görə, seçkilər beynəlxalq standartlara uyğun keçirilirdi,  saat 14-dək  heç bir qanun pozuntusu qeydə alınmamışdı.

Suraxanı rayonunda bütün seçki məntəqələrində texniki təchizat yüksək səviyyədə idi. Seçki məntəqələrinin hər birində beynəlxalq standartlara uyğun səsvermə kabinələri yerləşdirilmiş, qutular, seyf, parça, ultrabənövşəyi lampalarla təchizat tam təmin edilmişdi. Məntəqələrin fasiləsiz elektrik enerjisi, telefon və internetlə təmin olunması da qaydaya salınmışdı. Seçki məntəqələrinin təmiri  daim diqqət mərkəzində olduğundan rayonda bu sahədə vəziyyət təqdirəlayiqdir.

Əlil arabasında hərəkət edən seçicilərin rahat səsverməsi üçün məntəqələrdə panduslar quraşdırılmışdı.  Səsvermə günü seçki məntəqəsinə gəlmədən evində səsverməsini təmin etmək məqsədilə xüsusi qayğıya ehtiyacı olan seçicilər haqqında müvafiq qurumdan məlumatlar  əldə edilmişdi.

Onu da qeyd edək ki, komissiya üzvləri tərəfindən  müvafiq qurumlarla birlikdə seçki dairəsinin ərazisində uzun müddət qeydiyyatsız yaşayan sakinlərin qanunvericiliyin tələbləri əsasında səsverməyə cəlb olunması istiqamətində məqsədyönlü işlər aparılmışdır.  

Xatırladaq ki, prezident seçkilərində 30 saylı Suraxanı I, 31 saylı Suraxanı II və 32 saylı Suraxanı III seçki dairələri üzrə 92 məntəqədə 112 min 124 seçici qeydiyyata alınmışdır.

32 saylı Suraxanı III seçki dairəsinin 1 və 4 saylı seçki məntəqələrində seçicilərin fəallığı daha çox nəzərə çarpırdı.1 saylı seçki məntəqəsinin  sədri Elmira Ələkbərova səsvermənin gedişi barədə bildirdi ki, 1180 nəfər seçicisi olan bu məntəqə üzrə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün zəruri şərait yaradılmışdır. Seçki məntəqəsinin üzvləri hər bir seçicinin müraciətinə həssaslıqla yanaşırdılar. Ərazidə qeydiyyatda olan, lakin hər hansı səbəbdən adları seçici siyahısına düşməyən vətəndaşların ərizələri operativ surətdə araşdırılır və protokol tərtib olunaraq həmin şəxslərin səsvermədə iştirakları barədə qərar qəbul edilirdi.

Saat 19-a olan məlumata görə, 32 saylı Suraxanı III seçki dairəsi üzrə seçicilərin 67,6 faizi məntəqəyə gələrək öz istədiyi namizədə səs vermişdir. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün burada quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirdilər. Bundan başqa, çoxsaylı xarici və yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri seçkilərin işıqlandırılmasında iştirak edirdilər. Onlar heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildirdilər.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında