Zaqatala: 750 yaşlı çinarın yaddaşı, asfaltda ev şəkli və eyni səmtə uzanan kölgələr...

 

Hələ  mart ayında - Novruzdan da əvvəl Zaqatalada olanda öz-özümə  düşünmüşdüm  ki, bu rayondan hesabatlarsız,  rəqəmlərsiz və müsahibələrsiz  bir yazı qələmə alım. Çünki indiyədək hazırladığım yazıların böyük əksəriyyəti sosial-iqtisadi inkişafın göstəriciləri, tikinti, quruculuq, abadlıq işlərinə yönəldilən investisiyaların ilbəil artmasını sübut edən faktlar, xidmət sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası və bu kimi bir çox amillər üzərində qurulduğuna görə bir növ oxucuya yeni söz demək istəyirdim.

Yeni söz isə  Zaqatalanın  o qədər də tez-tez yada salınmayan xüsusi məqamları barədə ola bilərdi. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin ucqar dağ kəndlərinin birində keçirilən görüşündən qayıdarkən ona da bu barədə demişdim. Həmişə, hər addımda yenilik tərəfdarı olan Mübariz müəllim əvvəlcə demişdi ki, biz nəinki mətbuat təmsilçisinin, ümumiyyətlə, heç kəsin fərdi fəaliyyətinin istiqaməti barədə nə isə demək istəmirik. Sonralar hansısa tədbirdə mənim üç-dörd  ay qabaqkı təklifimi yada salaraq soruşmuşdu ki, necədir, rəqəmlərsiz yazı, deyəsən alınmır. Belə bir yazının operativ materialların çoxluğu üzündən qələmə alınmadığını söyləsəm də, yazı artıq qovluğumda demək olar ki, hazır idi. Bu məqam onu da təsdiq etdi ki, Mübariz müəllimin yadından heç nə çıxmır. Rəhbər işçi üçün xüsusilə tələb olunan keyfiyyətlərdəndir.

...Bu  şəhərdə cismən, qəlbən və ruhən sakitlik tapılacaq ünvanlar istənilən qədərdir.  Yəni hərə öz zövqünə görə istirahət yerini seçə bilir. Deyə bilərəm ki, həm yerli sakinlərin, həm də qonaqların ən çox üz tutduğu ünvan  təməli  66 il əvvəl qoyulmuş, 2008-ci ildə  yenidən qurularaq genişləndirilmiş, son zamanlar isə daha da müasirləşdirilərək ümumrayon istirahət mərkəzinə çevrilən  “Heydər parkı”dır. Buranın elə vaxtlarını görmüşəm ki, 13 hektarlıq parkda “iynə atsan yerə düşməz” ifadəsi dəfələrlə təkrarlanıb.  Elə Zərifə Əliyeva parkı da yay-qış, gecə-gündüz qonaq-qaralıdır. Bu parkların hər ikisində möhtəşəm təbii zənginlik və mükəmməl istirahət imkanları vardır.  Mən özüm neçə dəfə bu iki məkanın qonağı olduğumu indi qətiyyən xatırlaya bilmərəm.  Çünki həmin parklarda həmsöhbətlərimizlə o qədər gəzişmişik ki, indi az qala hansı ağacın nə zaman yarpaqladığını və yarpaqların hansı ağacdan tez töküldüyünü də bilirəm. Amma Zaqatalanın başqa bir ünvanı da var ki, o yer adamda həmişə poetik hisslər yaradır, duyğusal xatirələrin səhifələnməsinə səbəb olur.

 ...Başdan-başa yaşıllıqlara qərq olmuş  “Dədə Qorqud” Meydanı. Bir il əvvələ qədər burada yaşı 750-dən çox olan bir çinar  vardı. Hətta bəzi mütəxəssislər deyirdilər ki,  perimetri 6-7 metr olan bu ağacın yaşı səkkiz əsrə yaxındır. Əsrlərin qarına-çovğununa, küləyinə-qasırğasına yüz illər boyu sinə gərmiş bu çinar “öz  ağac ürəyində” nə qədər xatirələri yaşadırdısa, bir Allah bilirdi. İndi özü ürəklərdə xatirəyə çevrilib və mən əsrləri təsbeh kimi bir sapa düzmüş həmin çinarın qurumasından sonra “Dədə Qorqud” Meydanında daha tez-tez olmağa çalışıram. Ölkə başçısı da Zaqatalaya son səfəri zamanı bu meydana gəldi. Baxdı, gördü. Doğrudan da, çox iş görülüb. Əsl istirahət edilməli yerdir. Sakit məkan, sərin kölgə, qəsdən ağacların arasında gizlənibmiş kimi görünməyən quşların səsi,  “Qala pilləkənləri”nin  insanların ucalması və enməsi barədə orijinal fəlsəfi duyum  yaradan təəssüratları, şirin xəyallar və bir şeirin yadıma düşən sətirləri:

Mən bir ceviz ağacıyam, Gülhanə parkında,

Nə sən bunun farkındasan, nə polis farkında...

Nazim Hikmətin sətirləri beynimdə səslənir və hansısa paralelləri axtarmağa çalışıram. Fəqət heç bir paralel tapılmır. Bəs elə isə nə üçün dədə çinarı yada salanda bu sətirlər xatırlanır? Bir anlıq ağaca döndüyünü dilinə gətirən şair yanından keçən yaxınlarının da, polisin də ona göstərdiyi biganəlikdən gileylənir. “Dədə Qorqud” Meydanındakı çinarın isə heç kimdən umub-küsəcəyi yox idi. Geridə qalan səkkiz əsrin hansısa bir ilində ona balta çalan olsaydı, bu qədər yaşamazdı ki. Yeri gəlmişkən, bizim görkəmli bəstəkarımız Arif Məlikov Nazim Hikmətin bir əsəri əsasında  dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletini yazmışdır. Zaqataladakı qocaman çinarın  məhəbbətini isə bir nəfər deyil, rayonun bütün sakinləri əfsanələşdiriblər. Qərəz, həmin  abidə misallı ağac yurda, kökə bağlılığn ən bariz nümunəsi idi və bu gün Zaqatalada yaşayan istənilən adamda həmin mənəvi keyfiyyətlərin ən bariz nümunələrini görən on minlərdən biri də məhz mənəm. Onlar öz torpaqlarına bu qədər bağlı olmasaydılar, bu gün Zaqatala cənnətə çevrilməzdi ki...  Təbii ki, bu başqa söhbətin mövzusudur və biz hələlik “Dədə Qorqud” Meydanından ayrılmayaq.

...Mənim  əyləşdiyim yerdən beş-altı metr aralıda - o biri ağacın kölgəsində yaşlı bir kişinin gəzməyə gətirdiyi üç körpə uşaq öz qayğısız anlarını yaşayır. Yaşca  ən böyüyü olan 6-7 yaşlı qız asfaltda təbaşirlə ev şəkli çəkir. Qara üzərindəki ağ  “yaradıcılığından” xeyli  fərəhlənən qızcığaz babasına sarı çevrilir:

- Baba, bax, mən ev tikdim.

Ondan kiçik görünən oğlan uşağı isə düzəliş edir:

- Evi uşaqlar tikmirlər ey, kişilər tikirlər. Evi daşdan, ağacdan tikirlər. Gördün, babamgilin evini necə ağır daşlardan tikdilər? Sən o daşların heç birini də qaldıra bilməzsən.

-  Nənəm deyir ki, ağır daşlardan zəlzələ dağıdan evləri tikirlər.

Mən bayaqdan bu uşaqların qayğısızlığı barədə düşünürdüm. Sən demə, zəlzələ fəlakəti  böyüklər kimi, onların da təxəyyülünə yol tapıbmış. Bir də ki, necə tapmasın?  Bu uşaqlar az qala hər gün “zəlzələdə dağılmış evlərdən üçü də bərpa edildi”, “zəlzələnin dağıntıları tamamilə aradan qaldırılır”, “ bizim uşaq  zəlzələdən sonra tikilən məktəbdə oxuyur” kimi ifadələri eşidirlər. Onların beyni ağ kağız kimi tər-təmiz olduğuna görə istənilən informasiya dərhal və birdəfəlik yazılır. Ona görə də bilirlər ki, evləri kişilər tikirlər. Özü də çox ağır daşlardan. Amma bu qızcığazın “tikdiyi” bir pəncərəli “təbaşir ev” daha şairanə idi. Çünki yaşlı bir adam kimi  həmin “ev” barədə söz tapıb deyə bilmirsənsə, deməli, güman şairlərə qalır.

Ağır daşlardan tikilmiş ev - deyəndə  “Dədə Qorqud” Meydanındakı düşüncələrdən bir neçə gün əvvəl dostum Nizami Abdullayevlə birlikdə baş çəkdiyim Zaqatala tarix-mədəniyyət qoruğunda eşitdiyim fikirlər yadıma düşür.  Orada bələdçi danışmışdı ki, 1830-cu ildə inşa edilən Zaqatala qalasında “Potyomkin” zirehli gəmisinin üsyançıları məhbus kimi saxlanılıblarmış. Qalanın divarlarının eni 1,5 metrdir. 100-dən çox mazğalı- tüfəng atmaq üçün yeri olan qalanın daxilində 20-dən çox yerli əhəmiyyətli tarixi abidə var. Ümumiyyətlə, imkan olandan olana Zaqatalanın tarixi yerləri barədə daha çox öyrənməyə çalışıram və məlum olur ki, mənim əvvəllər bu rayon haqqında söz açarkən buranın təbiəti haqqında fikirləri daha çox qabartmağım  o qədər də düzgün olmayıb. Çünki Zaqatalanın tarixi haqqında deyilməli olan faktlar heç də təbiəti haqqında deyilməli faktlardan az deyil.

Məsələn, Nizami danışır ki, Car kəndinin ərazisində – Zaqatala şəhərinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəklərində  XVI əsrə aid,  müdafiə məqsədləri üçün tikilmiş, hündürlüyü 10-12 metr olan Cigiz qala, Pərzivan - Yuxarı Tala və Muxax kəndlərinin arasında,  Böyük Qafqaz dağlarının cənub ətəyində isə IV -V əsrlərə aid  Alban kilsəsi yerləşir. Yaxud  Yuxarı Cardaxlar kəndində XIII əsrə aid bürc, Alban kilsə qalıqları, XIX əsrdə tikilmiş məscid vardır. Burada III-IV əsrlərə aid olan, el arasında “Qız qalası” mağarası adlanan “Pəri qala”sı da yerləşir. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır. İndi hünərin var Zaqatalanın təbiətini tarixindən üstün tutan sətirləri qələmə al, görüm, necə alırsan. Nizami deyir ki, Mübariz Əhmədzadənin  həmin tarixi abidələrin hamısının bərpa edilərək turistlərin ixtiyarına verilməsi barədə xüsusi tapşırığı var. Çünki ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilən Zaqatalanın tarixini əks etdirən abidələri bütün əcnəbi turistlərin nəzərinə çatdırmaq bütövlükdə Azərbaycanın təbliği istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı kimi dəyərləndirilir. 

...Çox maraqlıdır, asfaltın üstündə ev şəkli çəkən qızcığazın bizə verdiyi mövzu gör haralara gedib dolaşdı? Hər halda, qısaca bir istirahət üçün üz tutduğum “Dədə Qorqud” Meydanı elə ozanın özü kimi çox söhbətlərə yol açdı. Məhz həmin “yolla” da öyrəndik ki, Zaqatalada 3 ulduzlu, 80 nəfəri qəbul edə bilən “İs otel” mehmanxanası, 4 mərtəbəli, 100 nəfərlik restoranı, Avropa tipli mətbəxi olan “Zaqatala” mehmanxanası, futbol meydançası, idman qurğuları və saunası olan neçə-neçə istirahət guşəsi, atçılıq, faytonla gəzinti, ekoturizim, balıq ovu təşkil olunan “Farel” istirahət zonası və yeni tikilmiş “Qrata” oteli əhaliyə və turistlərə  mədəni xidmət göstərir.

Yazını elə bu əhval-ruhiyyə ilə qurtarmaq istəsəm də, otel və mehmanxanaların sadalanması təxminən  25 il əvvəl Pribaltikadakı məşhur otellərdən birində rastlaşdığım əhvalatı yadıma saldı. O dövrün qaydaları əsasında təşkil olunan gənclər toplantılarından birində iştirak edirdik. Bir axşam musiqi tədbirinə gedəndə bahalı xarici ətirdən istifadə edən özbəkistanlı həmkarım mənə zarafat edərək dedi: - “Yəqin, siz azərbaycanlılar belə ətirləri sevməzsiniz. Çünki sizdə dünyanın ən gözəl gül yağları var”.

O zaman belə yağlar Zaqatalada hazırlanırdı. Elə rəqəmsiz, hesabatsız qələmə alınan bu sətirlərin finalından da gül ətri gəlsin deyə  məşhur gül yağları məsələsinə də toxunmaq istədim.

Öyrəndim ki, “Qızılgüllər diyarı” adlanan Zaqatalada təməli hələ ötən əsrin 70-ci illərində qoyulan ənənə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının icrası çərçivəsində bu gün də davam etdirilir. O zaman Qazangül efir yağları sovxoz-zavodunun  150 hektar gül sahəsi vardı və ildə 500 ton gül ləçəyi yığılıb emal olunurdu. İndiki kimi texnologiyaların olmadığına görə o qədər gül ləçəyindən cüzi miqdarda yağ almaq mümkün olurdu. İndi isə Qazangüldə fəaliyyət göstərən “Cəliar” nadir istehsalat müəssisəsində  təxminən 25 hektara qədər ərazidən toplanan gül ləçəyindən  o zamankından da artıq yağ alınır və həmin yağdan 6 adda kosmetika məhsulu hazırlanır.

Hə, əziz oxucu, bu yazıda Zaqatalanın tarixinə də baş vurduq, onun turizm potensialından da danışdıq, kövrək məqamlara da toxunduq. Amma Zaqatala haqqında danışmalı o qədər söhbətlər var ki, günlərlə söyləsək də qurtaran deyil. Təəccüblənməyin, bu gün Zaqatalanın siması o qədər dəyişib ki, bu dağlar diyarı o qədər gözəlləşib ki, danışdıqca danışmaq istəyirsən. Nə isə, güldən danışırdıq.   

...Özü də bir gül ləçəyi kimi gözəl və kövrək olan qızcığazın asfaltda çəkdiyi ev şəkilinin ətrafında bu qədər dolaşdıqdan sonra yenə də onun evinə qayıdırıq. O, evinə kölgə də çəkmək istəyirdi. Amma kölgəni evin hansı tərəfində çəkəcəyini bilmirdi. Babasından soruşdu. Ağsaqqal ustalıqla ağacların kölgəsinə baxdı: - Hə, bildim, deyə qızcığaz kölgəni ağacların kölgəsi uzanan səmtdə çəkdi. Bu, çox maraqlı məqam idi. Çünki hamı bir istiqamətə gedərsə, hamının kölgəsi eyni istiqamətə düşərsə, onda rayon da güclü olar, ölkə də, dövlət də, xalq da. Bunu isə  uşaqlar edə bilməzlər,  ağsaqqallar, müdriklər istiqamətləndirə bilərlər. Necə ki, Zaqatalada şahidi olduq.

İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında