Ən əsası diqqət və qayğıdır
Hər bir yenilik, inkişaf insan amilinə, onun rahatlığına xidmət edəndə daha faydalı və məzmunlu olur. Abşeron rayonunun 2013-cü ilin ötən dövründə sosial-iqtisadi inkişafından, abadlıq-quruculuq tədbirlərindən, qazandığı uğurlardan və nailiyyətlərdən material hazırlamaq zərurəti yarananda öncə bəzi statistik rəqəmlərə nəzər salmaq qərarına gəldim. Rayon rəhbərliyinin vətəndaşların problem və qayğıları ilə dərindən maraqlanması və həlli istiqamətində müxtəlif tədbirlər görməsi xüsusilə diqqətimi çəkdi. İndi abşeronlular “bir nömrəli ünvana”- rayon icra hakimiyyətinə böyük ümidlərlə üz tuturlar. Çünki burada rayon sakinləri ilə münasibət qanunlara və insan hüquqlarına hörmət prinsipləri əsasında tənzimlənir.
Elə buna görədir ki, cari ilin ötən dövründə abşeronlular icra hakimiyyətinə 1966 müraciət ünvanlayıblar. Onlara operativ münasibət bildirilib. Bundan əlavə, rayon icra hakimiyyətinin başçısı üç yüzdən çox sakini qəbul edərək onların problemləri ilə şəxsən maraqlanıb və nəticədə müvafiq tədbirlər görülüb.
Digər vacib bir məqama da toxunmaq lazımdır ki, rayonda məskunlaşmış məcburi köçkünlərin (rəsmi məlumatlara əsasən, hazırda rayonda 33973 (8941 ailə) məcburi köçkün yaşayır) müraciətlərinə də həssaslıqla yanaşılır. Xırdalan şəhərində və Aşağı Güzdək qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə təminatındakı problemləri aradan qaldırmaq üçün bir ədəd 400 kv-lıq, bir ədəd 250 kv-lıq transformatorun quraşdırılmasını, 3 kilometr uzunluğunda elektrik xəttinin çəkilməsini bu istiqamətdə görülmüş işlərə və silsilə tədbirlərə kiçik bir nümunə kimi göstərmək olar. “Dövlətqaçqınkom”un sifarişi ilə Masazırda məcburi köçkünlər üçün tikilmiş 15 ədəd 5 mərtəbəli 756 ailəlik binanın, 540 şagird-yerlik məktəbin və 240 yerlik uşaq bağçasının istifadəyə verilməsi də 2013-cü ilin keçən dövrünün payına düşür.
Rəqəmlər - sürətli inkişafın göstəricisi
Ölkəmizin iqtisadi qüdrətinin yüksəlişində Abşeron rayonu da xüsusi çəkiyə malikdir. 2012-ci ilin birinci yarısı ilə müqayisədə rayonda sənaye məhsulunun ümumi həcmi 6 faiz artmaqla 56,9 milyon manata, nəqliyyat sektorunda yük daşınması 14 faiz artmaqla 568 min tona, pərakəndə əmtəə dövriyyəsi 5 faiz artmaqla 118,1 milyon manata, əhaliyə göstərilən pullu xidmətlər 60 faiz artmaqla 34,7 milyon manata çatdırılmışdır. İlin birinci yarısında iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 267,4 milyon manat investisiya yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Tikinti təşkilatları öz imkanları ilə cari ildə 129,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz artıq tikinti işləri görmüşlər.
Rayonda 10,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Heyvandarlıq sahəsinin artımı bu il də davam etmişdir. İyulun 1-dək iribuynuzlu qaramalın sayı 19063 baş, davarların sayı 106002 baş, quşların sayı isə 803,8 min baş olmuşdur. Həmçinin 1223 ton ət, 19061 ton süd, 31,9 milyon ədəd yumurta, 2673 sentner yun istehsal olunmuşdur. Bu dövrdə 1828 ton müxtəlif tərəvəz yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artım deməkdir. İyulun 1-nə qədər əkin sahələrindən 840 ton taxıl toplanılmış və məhsul yığımı başa çatdırılmışdır.
Son illər Abşeronda əkinçilik və bağçılıq, üzümçülük və tərəvəzçilik sahəsinə maraq göstərən sahibkarların sayı xeyli artmışdır. Son iki ildə təkcə zeytun bağlarının sahəsi 130 hektar çoxaldılmışdır.
Sözsüz ki, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait özəl sektorun xüsusi çəkisini artırır. Məlum dövrdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə abşeronlu sahibkarlara 42 layihə üzrə 10 milyon 556 min manat güzəştli kredit verilmişdir.
Bizi yollar səsləyir...
Abşeron rayonu ilə bağlı bu yazını hazırlayarkən onun kənd və qəsəbələrinə bir daha yolumu saldım. Çox yox, cəmi 8-9 il əvvələdək Abşeron rayonunun ən ağrılı problemlərindən biri kənd və qəsəbə yollarının tamamilə bərbad halda olması idi. İndi dövlət başçısının sərəncamlarına əsasən ayrılmış vəsaitlər hesabına, həmçinin rayonun daxili imkanları ilə bu sahədə də xeyli iş görülmüş və ürəkaçan vəziyyət yaranmışdır.
Dövlət başçısının 24 may 2012-ci il tarixli sərəncamı ilə 73 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 4 milyon manat vəsait ayrılmışdır. Ötən dövrdə Saray - Novxanı istiqamətində bu yolun tikintisi davam etdirilmiş, 20000 kvadratmetrdən çox asfalt salınmışdır. Bundan əlavə, dövlət başçısının 5 aprel 2013-cü il tarixli sərəncamı ilə 70 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq ayrılmış 2 milyon manat vəsait hesabına da intensiv işlər aparılır.
Cari ilin ötən dövrü ərzində daxili imkanlar hesabına rayonun yaşayış məntəqələrinin küçə və yollarının təmiri də eyni templə davam etdirilmişdir. Bütövlükdə rayonun küçə və yollarına 75000 kubmetrdən çox çınqıl-qırmadaş döşənmiş, 101,976 kvadratmetr sahə asfaltlanmış, mərkəzi küçələrin kənarlarındakı hasarlara, evlərin və obyektlərin fasadlarına 2300 kvadratmetr aqlay, təbii qaya və çay daşları ilə üz çəkilmiş, 1339 poqonometr səki daşı düzülmüş, 1073 kvadratmetr yeni hasar tikilmiş, piyada səkilərinə 1654 kvadratmetr tamet döşənmişdir.
Abşeronda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllaşdırmaya da xüsusi qayğı ilə yanaşılmışdır. İl başlayandan indiyədək rayon ərazisində 16394 ədəd ting, 124100 ədəd dekorativ gül əkilmiş, 33900 kvadratmetr sahədə süni çəmənlik (qazon) yaradılmışdır.
Kommunikasiya sistemi əsaslı şəkildə yenilənir
Ötən illərdə olduğu olduğu kimi, 2013-cü ildə də abşeronluların elektrik enerjisi, təbii qaz və su ilə təminatına diqqətlə yanaşılmışdır. Yaşayış məntəqələrində müxtəlif gücə malik 11 ədəd transformator istifadəyə verilmiş, 733 ədəd yüksək gərginlikli, 80 ədəd 0,4 kv-luq dayaq, 40,9 kilometr naqil, 7396 metr kabel dəyişdirilmiş, 51,8 kilometr özünüdaşıyan izolyasiyalı naqil və 2872 ədəd elektrik sayğacı quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin sifarişi əsasında rayon üzrə bütövlükdə müxtəlif diametrli borularla 69,4 kilometr daşıyıcı və küçədaxili qaz xətləri çəkilmiş, 7233 ədəd “Smart-kart” tipli elektron sayğac quraşdırılmışdır.
Elm Çində də olsa...
1400 il əvvəl İslam peyğəmbəri belə buyururdu: elm Çində də olsa, onun ardınca gedin. Bu mənada son illər Abşeron rayonunda təhsilə ən önəmli sahələrdən biri kimi yanaşılır. Bu il Abşeron rayonu üzrə orta məktəbləri bitirmiş 1461 məzundan 1102-si ali məktəblərə qəbul üçün sənəd vermişdir. Bunlardan 672-si ali məktəblərin tələbəsi adını qazanmışdır. 58 nəfərin balı 500- dən, 16 nəfərin göstəricisi isə 600 baldan çox olmuşdur.
Neçə illik müşahidələrim icra hakimiyyətinin başçısı Zakir Fərəcovun yüksək təşkilatçılıq və quruculuq bacarığına yaxından bələd olmaq imkanı verir. Buna görə də tam səmimiyyətlə deyə bilərəm ki, dövlətin yaratdığı imkanları uğurla təhsilin inkişafına istiqamətləndirməyi bacaran, bu sahənin yüksəlişi üçün qayğısını və köməyini əsirgəməyən rayon rəhbəri kimi onun məhz belə yüksək nəticələr ummağa tam mənəvi haqqı çatır.
Ötən dərs ilində Saray qəsəbə 3 saylı tam orta məktəbinin məzunu Günay Nəsirova və Xırdalan şəhər 3 saylı tam orta məktəbinin məzunu Güləndam Cəbiyeva təlim və tərbiyədə yüksək nailiyyətlərinə görə qızıl medala layiq görülmüşlər. Onlar ali məktəblərə yüksək nəticələrlə qəbul olaraq aldıqları qızıl medalları doğrultmuşlar.
Bundan başqa, Güzdək qəsəbə tam orta məktəbinin müəllimi Orucəli Bədəlov, Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru Taliyyə Mirzəyeva, Saray qəsəbə 14 saylı uşaq bağçasının müdirəsi Məhbubə Sadıqova “Əməkdar müəllim” adına layiq görülmüşlər.
Abşeron rayonu sürətlə inkişaf edir. Bu da məktəblərə şagird axınını gücləndirir. 2012-2013-cü dərs ilində rayonda 76 sinif komplektində 1656 şagird artmışdır. Şagird sıxlığını azaltmaq məqsədilə Məmmədli kənd tam orta məktəbinin yararsız binası sökülərək yerində 960 şagird yerlik məktəb binası tikilmişdir. Xırdalan şəhər 1 və 7 saylı tam orta məktəblərdə əlavə tədris korpusları tikilməkdədir. Yaşayış massivlərində orta məktəblərə əlavə korpuslar və müasir standartlara cavab verən uşaq bağçaları tikilir.
Mədəniyyət sahəsində görülən işlər barəsində. Bu günə qədər Xırdalan şəhərində yerləşən rayon mədəniyyət və istirahət parkında ötən ilin ikinci yarısından tikintisinə başlanılmış Heydər Əliyev Mərkəzinin əzəmətli binasının divar-hörgü işləri başa çatdırılmış, akt zalının dam konstruksiyası tamamlanmışdır. Hazırda əsas korpusda dam örtüyünün metal konstruksiyası quraşdırılır və fasad üzlənir.
Bundan əlavə, Qobu qəsəbəsində 220 tamaşaçı-yerlik mədəniyyət mərkəzinin tikintisi tamamlanmışdır.
Mədəni- kütləvi tədbirlər sırasında yalnız bunu demək kifayətdir ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər ölkəmizin hər guşəsində olduğu kimi, Abşeron rayonunda da çox təntənəli şəkildə keçirilmiş və abşeronluların yaddaşında uzun illər silinməyəcək izlər və xoş təəssüratlar yaratmışdır. Abşeron rayonunun 50 illik yubileyindən bəhs edən və yüksək səviyyədə keçirilmiş tədbir də sakinlərin hədsiz sevincinə və marağına səbəb olmuşdur.
Abşeron rayonunda əhalinin sağlamlığı üçün bir sıra vacib tədbirlər görülür, xüsusilə yeni tibb müəssisələri tikilir və müasir avadanlıqlarla təchiz olunur.
Tikintisi davam etdirilən yeni rayon mərkəzi xəstəxanasının yeraltı torpaq işləri bu günədək başa çatdırılmış, hazırda zirzəmi hissəsində tikinti-quraşdırma işləri aparılır. Hökməli qəsəbəsinin “Atyalı” yaşayış məntəqəsində yerli bələdiyyənin vəsaiti hesabına bir mərtəbəli, on bir otaqlı həkim məntəqəsi tikilmişdir. Həmçinin Fatmayı bələdiyyəsinin vəsaiti hesabına tikilmiş iki mərtəbəli, 14 otaqdan ibarət həkim məntəqəsi də əhalinin istifadəsinə verilməyə hazırdır.
Son illər rayon gəncləri istər bilik və bacarıqlarını nümayiş etdirməkdə, istərsə də idman yarışlarında məharətlə iştirak edərək uğurlu nəticələr qazanırlar. Bu ilin ötən dövründə rayon gəncləri ölkə və beynəlxalq turnirlərdə 68 medal qazanıblar. Onlar beynəlxalq yarışlardan 12 qızıl, 8 gümüş, 11 bürünc medalla qayıdıblar. Şübhəsiz ki, Xırdalan şəhərində tikilən Olimpiya İdman Kompleksinin fəaliyyətə başlaması ilə rayon idmançılarının nailiyyətləri daha da çoxalacaq, rayon həm də idman yarışlarının keçirilməsində daha fəal iştirak edəcək. Hazırda kompleksin ikinci mərtəbəsinin yükdaşıyan monolit konstruksiya-inşaat işləri başa çatdırılmış, metal konstruksiya işlərinə hazırlıq görülməkdədir.
Bundan başqa, daxili imkanlar hesabına Masazır kəndində mövcud standartlara uyğun inşa edilən Stadion-İdman Kompleksi də idmanla intensiv məşğul olmaq üçün əlavə şərait yaradacaq.
Son illərdə rayonda aparılan abadlıq işləri, səliqə-sahman, yeni su və kanalizasiya xətlərinin çəkilməsi, yaşıllıqların salınması infeksion xəstəliklərin azalmasına səbəb olmuşdur.
Son 3 ildə rayonda heç bir xüsusi təhlükəli infeksion xəstəlik, kütləvi qida zəhərlənmələri, idarə olunan infeksiyalar qeydə alınmamışdır. Bunun səbəbi hər bir infeksion xəstəliyin vaxtında aşkarlanması, hospitalizasiyası, xəstələrin xəstəxanadan çıxdıqdan sonra dispanser qeydiyyatına alınması, xəstəlik ocaqlarında tamamlayıcı dezinfeksiya işlərinin aparılmasıdır.
1 yaşa qədər uşaqların peyvəndə cəlb olunması, demək olar ki, tam şəkildə həyata keçirilmişdir.
Son 4-5 il ərzində rayonun sanitariya təmizliyinə nəzarət zamanı Xırdalan şəhərində, qəsəbə və kəndlərdə 250-yə yaxın qeyri-qanuni zibillik ləğv olunmuş, 96 yerdə yeni zibil meydançası tikilmiş, 500-ə qədər konteyner gətirilmiş, 12 ədəd yeni zibil daşıyan maşın alınmış, zibillərin gündəlik daşınması qrafik əsasında təşkil olunaraq yaxşılaşdırılmışdır.
Yeniləşən binalar rayonun simasına xüsusi yaraşıq verir
Abşeronun şəhər, qəsəbə və kəndlərinin simasını dəyişən abadlıq-quruculuq işlərində rayonun təmir-tikinti təşkilatları və Mənzil-kommunal təsərrüfatı istehsalat birliyi yaxından iştirak edir. Cari ilin birinci yarısında da bu işlər uğurla davam etdirilmiş, mənzil fondunun saxlanılması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Xırdalan şəhərində 25, 26, 27 və 28-ci məhəllələrdə səkkiz beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsələri əsaslı təmir olunmuşdur. 20, 27 və 30-cu məhəllələrdə 15 çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının giriş və zirzəmi qapılarının, mərtəbələrarası pəncərələrinin dəyişdirilməsi, pilləkən qəfəsələrinin əsaslı təmiri davam etdirilir.
2013-cü ilin ötən dövründə Xırdalan şəhərində on Mənzil Tikinti Kooperativi tərəfindən 5, 7, 9, 12 və 18 mərtəbəli 34 yaşayış binasının tikintisi davam etdirilmişdir.
Keçmiş Bakı quşçuluq fabrikinin ərazisində 23 bir girişli, 3 mərtəbəli yaşayış binası istifadəyə verilmişdir. Müvafiq dövrdə Masazır kəndindəki “Qurtuluş-93” və “Yeni Bakı” MTK-lar tərəfindən üç ədəd iki girişli, beş mərtəbəli, üç ədəd bir girişli, on mərtəbəli, bir ədəd üç girişli, 12 mərtəbəli yaşayış binaları istifadəyə verilmişdir. “Mehdiabad Gənclər Şəhərciyi”ndə dörd ədəd 6 mərtəbəli yaşayış evi istismara qəbul edilmiş, dörd qrupluq özəl uşaq bağçasında isə son tamamlama işləri görülməkdədir.
2013-cü ilin ötən dövrü ərzində 400-dən çox vətəndaşa pensiya təminatı aparılmışdır. 1230 ailənin 4929 üzvünə ünvanlı sosial yardım təyin edilmişdir. 1824 vətəndaş üçün telefon çəkilmiş, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 95 ədədə, internet istifadəçilərinin sayı isə ümumi telefon istifadəçilərinin 97 faizinə çatdırılmışdır. Rayon poçtamptının tabeliyindəki 24 poçt şöbəsi və 1 poçt agentliyi tarif gəlirləri proqnozuna artıqlaması ilə əməl etmişdir. Rayon məşğulluq mərkəzi vasitəsilə 515 300-dən çox vətəndaş işə düzəlmişdir. Rayonda 1500-ə yaxın yeni iş yeri açılmışdır. RİH başçısı yanındakı Büdcədənkənar İnkişaf və Bərpa Fondundan ehtiyacı olanlara 40000 manatdan çox yardım olunmuşdur.
... Bu ardıcıllıqla Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar. Əslində buna ehtiyac da yoxdur. Amma bir məsələ dəqiqdir: rayon inkişaf edir, abadlaşır, gözəlləşir. Və bu yüksəliş abşeronların ürəyincədir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.