“N” saylı hərbi hissənin yaranmasının 21-ci ildönümü qeyd edilmişdir

 

Oktyabrın 5-də “N” saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmiş, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni əsgər yataqxanasının açılışı olmuşdur.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “N” saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümünü hərbi hissənin yeni əsgər yataqxanasının istifadəyə verilməsi ilə qeyd edildiyini bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını, hərbi hissənin bütün şəxsi heyətini təbrik edərək demişdir: Dövlətin dövlət olması üçün onun güclü ordusu olmalıdır. Ordusu olmayan ölkə tam müstəqil ola və milli dövlətini qura bilməz. Ordu hər bir dövlətin özünütəsdiq imkanıdır. Xalqımızın özünütəsdiq imkanının reallaşdırılması yolunda ilk addımlar ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu öndərimiz Sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi barədə düşünərək Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaratmış, Azərbaycandan kənarda hərbi kadrların yetişməsinə, bununla yanaşı Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəblərdə azərbaycanlıların sayının artırılmasına nail olmuşdu.

“20 il bundan əvvəl – 1993-cü il oktyabrın 3-də ulu öndərimizin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkəmizdə digər sahələr kimi, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması istiqamətində də davamlı tədbirlər görülmüş, ordu quruculuğu prosesi vacib və zəruri məsələ kimi diqqət mərkəzində saxlanmışdır”, – deyən Ali Məclisin sədri bildirmişdir ki, Azərbaycan ordusunun, eyni zamanda, “N” saylı hərbi hissənin bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması ulu öndərimizin gərgin dövlətçilik fəaliyyətinin nəticəsidir. Ümummilli liderimizin qayğısı ilə “N” saylı motoatıcı briqada 1995-ci ildə motoatıcı diviziyaya çevrilmiş, 1998-ci ildə isə “N” saylı diviziyanın bazasında ordu korpusu yaradılmışdı. Azərbaycan ordusunun yaradıcısı, böyük dövlət xadimi Heydər Əliyev deyirdi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu, bir tərəfdən, canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə, canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz silahlı qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.

Sonra Ali Məclisin sədri zabitlərdən 1 nəfərə “Vətən uğrunda”, 1 nəfərə “İgidliyə görə”, 3 nəfərə isə “Hərbi xidmətlərə görə” medallarını təqdim etmiş, xidmətdə fəqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Yataqxanada əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılmış, yataq otaqları lazımi avadanlıqlarla təchiz olunmuşdur. Divarlara “Dövri mətbuat”, “İdman güşəsi” başlıqlı stendlər, eləcə də xalqımızın yetirdiyi tarixi şəxsiyyətlərin, generalların, muxtar respublikamızın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri vurulmuşdur.

Binada fərdi qazanxana quraşdırılmış, istilik sistemləri və daimi su xətti çəkilmiş, sanitar qovşaqları yaradılmışdır. Həyətdə də geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Bina ilə tanışlıqdan sonra Ali Məclisin sədri hərbi hissənin əsgəri-məişət kompleksinə gəlmiş, şəxsi heyətlə birlikdə nahar etmişdir.

* * *

Son illər aparılan tikinti quruculuq işləri Qıvraq qəsəbəsindəki hərbi hissəninin görkəmini tamamilə dəyişmiş, xidmətin təşkili üçün lazımi şərait yaradılmışdır. Hazırda hərbi hissədə Təlim-Tədris Mərkəzi üçün yeni bina inşa olunur.

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın yerləşdiyi əraziyə gəlmiş, tikinti işlərinin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaqdır. Burada interaktiv atəş otağı, təlim sinifləri və trenajor zalları istifadəyə veriləcək, mərkəz müasir texnika və avadanlıqlarla təchiz olunacaqdır. Hazırda binada tikinti işləri davam etdirilir. Mərkəzdə hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktik vərdişlərinin möhkəmləndirilməsi üçün lazımi şərait yaradılacaqdır.

Ali Məclisin sədri binada inşaat işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında