Almaniyanın tanınmış beyin mərkəzi Cənubi Qafqazın üç ölkəsi haqqında müqayisəli hesabat yaymışdır

 

 

Dünya şöhrətli Berlin Azad Universitetinin (BAU) Xəzər Regionu Araşdırmaları Mərkəzi Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və ictimai-siyasi inkişafını müqayisə edən hesabat yaymışdır. Oktyabrın 2-də Almaniyanın nüfuzlu “Qlobal Diplomatiya” analitik portalında dərc edilən hesabatın əsas hissəsi Azərbaycanın əldə etdiyi uğurlara həsr olunmuşdur.

Xəzər Regionu Araşdırmaları Mərkəzi yalnız BAU-nun ekspertlərini deyil, eyni zamanda, Berlində fəaliyyət göstərən digər beyin mərkəzlərinin Xəzər regionu ilə bağlı tədqiqatlar aparan mütəxəssislərini birləşdirir.

Hesabatın müəllifi, Xəzər Regionu Araşdırmaları Mərkəzinin eksperti, tanınmış alman politoloqu Mattias Dornfeldt qeyd edir ki, Ermənistan Dağlıq Qarabağı və ona bitişik rayonları işğal altında saxlama siyasətinə görə qonşuları Azərbaycan və Türkiyədən təcrid edilmiş vəziyyətə düşdüyü üçün regionun ən kasıb ölkəsinə çevrilmişdir. Ermənistan və onun iqtisadiyyatının əsas sahələri Rusiya Federasiyasından və ona məxsus şirkətlərdən tam asılı vəziyyətdədir.

Son illər apardığı radikal özəlləşdirmə siyasəti ilə Azərbaycan və Qazaxıstandan külli miqdarda sərmayələr cəlb etməsinə baxmayaraq, Gürcüstan hələ də 2008-ci ildə Rusiya müharibənin fəsadlarını aradan qaldırmaq iqtidarında deyil. Müharibə nəticəsində Gürcüstanda infrastruktura böyük zərər dəymiş və bu ölkə Rusiya bazarına girişdən məhrum olunmuşdur. Bu, xüsusilə Gürcüstanın aqrar sahəsinə daha çox təsir etmişdir. Bundan əlavə, Baş nazir Bidzina İvanişvili ilə Prezident Mixeil Saakaşvili arasında gedən ölkədaxili çəkişmə Gürcüstanın iqtisadi inkişafına mənfi təsir göstərir.

Hesabatda deyilir ki, Azərbaycan özünün zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası və həmçinin planlı şəkildə həyata keçirilən iqtisadi islahatlar nəticəsində regionun ən güclü və inkişaf etmiş dövlətinə çevrilmişdir. Müəllif xatırladır ki, SSRİ-nin süqutundan sonra ölkədaxili siyasi böhran və Dağlıq Qarabağ müharibəsinə görə Azərbaycan Cənubi Qafqazın ən geridə qalan ölkələri sırasında idi. Lakin qısa müddət ərzində ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dirçəlişə nail olmuşdur. Düşünülmüş siyasət nəticəsində ölkənin beynəlxalq əlaqələri genişlənmiş, enerji ixracı və digər nəqliyyat marşrutları şaxələndirilmişdir. 

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi ilə enerji xammalının postsovet ərazisindən dünya bazarlarına ixracındakı Rusiya monopoliyasına son qoyulmuşdur. “Cənub enerji dəhlizi”nin isə geostrateji əhəmiyyəti yüksəlmişdir. TAP və TANAP enerji  kəmərlərinin istifadəyə verilməsindən sonra ilk dəfə Azərbaycan qazının əhəmiyyətli hissəsi Avropanın daxili bazarına çıxarılacaqdır. Ölkənin güclü iqtisadi təməli siyasi sabitliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirir.

Müəllif qeyd edir ki, regiondakı üç Cənubi Qafqaz ölkəsi bir-birindən çox fərqlənir. Cənubi Qafqazda ümumi məhsulun 80 faizi Azərbaycanın payına düşür. Zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə Azərbaycan regional iqtisadi mərkəz olmaqla, Gürcüstana ən çox kredit verən və investisiya qoyan ölkədir. Belə ki, Azərbaycanın Gürcüstana qoyduğu yatırım artıq 3 milyard ABŞ dolları təşkil edir.

Hesabatda o da qeyd olunur ki, Ermənistan və Gürcüstandan fərqli olaraq öz təbii ehtiyatlarına güvənən Azərbaycan Brüsseldən  gələn maliyyə transferindən asılı deyildir. Müəllif  Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin davamlı inkişaf etdiyini və alman şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətini xüsusi vurğulayır.

Azərbaycan torpaqlarının işğalı, Rusiya və İrandan olan iqtisadi asılılığı nəticəsində Ermənistan bütün iri regional layihələrdən kənarda qalmışdır. Bununla belə, Ermənistanın Azərbaycanda gedən iqtisadi yüksəlişdən pay almaq və regional iştirakçı olmaq şansı vardır. Bu məqsədə çatmaq üçün Ermənistan Dağlıq Qarabağ probleminin həllində sabiq prezident Levon Ter-Petrosyanın dövründə əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyə hazır olduğunu göstərməlidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında