Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz silah gətirilməsinin qarşısını alırlar

 

Son vaxtlar bir sıra şəxslər, xüsusilə gənclər tərəfindən xarici ölkələrdən müxtəlif silahların - “beşbarmaq”, dəyənək, pnevmatik və qaz tapançalarının qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri intensivləşmişdir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, gömrük orqanları tərəfindən son vaxtlar bununla bağlı xeyli fakt aşkar olunmuşdur. Bu günlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Antalya-Bakı aviareysinin sərnişini, Azərbaycan vətəndaşı İbrahim Rüstəmova məxsus əl yükündən metaldan hazırlanmış iki “beşbarmaq”, İstanbul-Bakı aviareysinin sərnişini Qafar Baxşıyevdən isə əsanın içərisində yerləşdirilmiş, tiyəsinin uzunluğu 305 millimetr olan xəncər aşkarlamışlar.

Bu cür faktlara Xaçmaz Gömrük İdarəsinin sərhəd gömrük keçid məntəqələrində də rast gəlinmişdir. Belə ki, Rusiya Federasiyası istiqamətindən “Şirvanovka” gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Tərlan Hacıyevdən 4,5 mm kalibrli “Gietcher” markalı tapança, tapançada istifadə olunan 5 ədəd qaz balonu, 400 qrama yaxın qırma, həmçinin Azərbaycandan Rusiya Federasiyasına gedən bu ölkənin vətəndaşı Axmed Pirmaqomedovun idarə etdiyi “Ford Fokus” markalı H734 AE 05 dövlət nömrə nişanlı avtomobildə 7 ədəd 9 mm kalibrli rezin başlıqlı güllə aşkarlanmışdır. “Samur” gömrük postunda Rusiyadan gələn “Neoplan” markalı 90 FN 056 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı Azərbaycan vətəndaşı İsmayıl Cəbiyevdən 75 ədəd 16 kalibrli ov patronlarının gilizləri və 800 ədəd ov patronlarının pistonları, “VolksvagenGrafter” markalı 57 BT 675 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Azərbaycan vətəndaşı Muxtar Bağırovdan optik nişangah, İspaniya istehsalı olan 4,5 kalibrli tüfəng və qırma, 15 ədəd boş giliz aşkar olunmuşdur.

Qadağan olunmuş belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdikləri izahatlarda müxtəlif bəhanələr gətirərək  məsuliyyətdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən “beşbarmaq”, habelə kəsici-deşici, insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən digər əşyalar soyuq silah hesab olunur. Bu əməllərə görə inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında