Kənd yaşayış məntəqələrində içməli su infrastrukturu yaradılır

 

 “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə tədbirlər davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 1-də Salyan rayonunun Xıdırlı kəndinə içməli suyun verilməsinə başlanmışdır.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd etmiş, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırmışdır. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirmişdir.

“Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ötən müddətdə içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqəsində yeni infrastrukturların yaradıldığını bildirmişdir. Hazırda ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində geniş miqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran E. Məmmədov bildirmişdir ki, bəzi kəndlərdə ilk dəfə olaraq mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır, bir sıra kəndlərdə isə vaxtilə yaradılmış infrastruktur istismar müddətini başa çatdırdığından bu yerlərdə əhalinin tələbatını ödəmək iqtidarında deyil. Xıdırlı kəndində də belə vəziyyət yarandığından layihə çərçivəsində kəndə yeni magistral su xətti çəkilmiş və paylayıcı şəbəkə yaradılmaqdadır. Qeyd olunmuşdur ki, 2013-cü ilin ötən dövründə “Azərsu” ASC tərəfindən Masallı, Yardımlı, Lerik, Qusar, İsmayıllı, Qobustan, Balakən, Zaqatala, Gədəbəy və digər rayonların kəndlərində su layihələrinin icrasına başlanmış və bəzi yaşayış məntəqələrində işlər yekunlaşmışdır. E. Məmmədov həmçinin 2014-cü ildə Şirvan-Muğan kəmərindən Salyan rayonunun 17 kəndinə keyfiyyətli suyun veriləcəyini də diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən kənd sakini İmran Feyzullayev uzun illər içməli sudan əziyyət çəkdiklərini və suyu maşınlarla aldıqlarını bildirmişdir. O, kəndin su təchizatının yaxşılaşdırılmasını böyük sevinclə qarşıladıqlarını, göstərilən qayğıya görə ölkə rəhbərliyinə, millət vəkillərinə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını çatdırmışdır.  

Yeri gəlmişkən, “Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi” kəndin 3312 sakininin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə uyğun olaraq kəndə su Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı kəmərindən verilir. Bu məqsədlə 15,7 kilometr uzunluğunda yeni magistral su xətti çəkilmiş və mövcud şəbəkəyə birləşdirilmişdir. Eyni zamanda, yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək  yenisi tikilmiş, müxtəlif diametrli polietilen borularla 19 kilometr uzunluğunda kənddaxili şəbəkə yaradılmışdır və hazırda bu sahədə işlər davam etdirilir. Layihə çərçivəsində hər birinin tutumu 300 kubmetr olan mövcud iki ədəd su anbarı təmir olunacaq, paylayıcı şəbəkədə işlər tam başa çatandan sonra hər bir evə içməli su veriləcəkdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında