Cəlilabadlılar seçkilərə ruh yüksəkliyi ilə gedirlər

 

Cənub bölgəsinin gözəl diyarı Cəlilabadda geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Hər tərəfdə canlanma, tərəqqi hiss edilir. Qədim Həməşərə düzündə qərar tutmuş şəhər sözün həqiqi mənasında yenidən qurulur, göz önündəcə simasını dəyişir, daha abad və baxımlı olur.

Cəlilabadın küçə və meydanları, xiyabanları, istirahət guşələri təzələnir, yeni-yeni binalar ucaldılır, sosial obyektlər tikilir, iş yerləri açılır, kəndlərə təbii qaz çəkilir. Bütün bunlar isə hər bir sakində xoş hisslər yaradır, doğma şəhərlərinin, kəndlərinin sabah bundan da abad olacağına, güzəranlarının daha da yaxşılaşacağına, daha firavan  günlərə qovuşacaqlarına inamı gücləndirir. Elə buna görə də onlar 9 oktyabr 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə gedirlər.

Prezident seçkiləri günbəgün yaxınlaşır. Bu mühüm siyasi kampaniyanın demokratik, ədalətli, şəffaf keçirilməsində ilk növbədə dairə və məntəqə seçki komissiyalarının üzərinə böyük vəzifələr düşür. Şəhərin mərkəzində yerləşən 67 saylı  seçki dairəsi 14 bələdiyyəni əhatə edir. Dairə ərazisində 36 məntəqə fəaliyyət göstərir. Dairə seçki komissiyasının sədri Mirsahib Sultanovun bu sahədə təcrübəsi böyükdür. Uzun müddət məntəqə komissiyalarında çalışıb. Nüfuz sahibidir. O dedi ki, 36 məntəqə üzrə 38 min 780 seçici var və onlardan 1416 nəfəri ilk dəfə səs verəcək. Həmin günə 18 yaşı tamam olan seçicilər isə 400 nəfərdir.

Seçkilərin qanuna müvafiq şəkildə düzgün keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları üzvlərinin treninqləri təşkil edilmişdir. Məntəqələrin hər birinə Seçki Məcəlləsinin yeni nəşri, təlimatlar, MSK tərəfindən nəşr edilən sənəd və plakatlar paylanılmışdır. Bundan əlavə, məntəqələrə lazımi avadanlıqlar: dövlət atributları olan bayraq, gerb, seçici siyahıları, stol, stul, seyf, səsvermə kabinələri, habelə təşviqat üçün xüsusi lövhələr, daşınan və daşınmaz səsvermə qutuları, generatorlar, 10 məntəqəyə isə əlil seçicilərin rahatlığı üçün pilləkən pandusları verilmişdir. Maarifləndirici işlər görülür. Komissiya sədri onu da vurğuladı ki, məntəqələrin hamısı telefonlaşdırılmışdır.

Cəlilabadda prezidentliyə namizədlərin təşviqat işi aparması üçün zəruri sayda, qapalı və açıq şəraitdə olan yer ayrılmışdır.

Seçki məntəqələrinin hamısında  səliqə-sahman yaradılıb. Binaların qarşısındakı lövhələrə prezidentliyə namizədlərin şəkilləri yapışdırılıb. Bir az kənarda isə seçkilərə dair plakatlar özünə yer almışdır. İçəri daxil olanda ilk olaraq seçici siyahıları diqqəti cəlb edir. Dairə üzrə seçkinin gedişini izləməkdən ötrü 12 məntəqədə veb-kamera quraşdırılmışdır. Yeri gəlmişkən, 67 saylı dairədə qeydə alınan müşahidəçilərin sayı 210 nəfərdir.

Cəlilabadın digər seçki dairələrində də hazırlıq işləri yekunlaşır. Alar kəndində yerləşən 68 saylı Cəlilabad kənd seçki dairəsində işlərin gedişi, həyata keçirilən tədbirlər burada seçki gününə ciddi hazırlıq getdiyini göstərirdi. Dairə seçki komissiyasının sədri Mehman Rzayevin verdiyi məlumata görə, işlər qaydasında gedir. Komissiya üzvləri aralarında aparılmış bölgüyə əsasən öz işləri ilə məşğuldurlar. Dairə üzrə seçicilərin sayı isə burada 38810 nəfərdir. Onlar 33 məntəqədə səs verərək iradələrini ifadə edəcəklər.  Seçicilərdən 860 nəfəri ilk dəfə səs verəcək, 402 nəfər isə bu hüququ məhz həmin ərəfədə qazanacaq. Seçkiləri izləmək üçün 160 müşahidəçi qeydə alınmışdır.

Göytəpə şəhərində yerləşən 69 saylı dairə komissiyasına Məhəmməd Abbasov rəhbərlik edir. Onun məlumatına görə, dairə tərkibində ümumilikdə 33, o cümlədən  Cəlilabad rayonunun 1 şəhər və 18 kəndini əhatə edən beş bələdiyyənin ərazisində 15, Masallı rayonunun 10 kəndini əhatə edən üç bələdiyyənin ərazisində 11 və Biləsuvar rayonunun 3 kəndini əhatə edən üç bələdiyyənin ərazisində 7 seçki məntəqəsi fəaliyyət göstərir. Dairənin vahid seçicilər siyahısında 37215 seçici qeydə alınmışdır. Məntəqələrin 6-da veb-kameralar quraşdırılmışdır. Məntəqələr və komissiyalar səsvermənin keçirilməsi üçün tam hazır vəziyyətdədir. Səsvermənin gedişini müşahidə etmək üçün 157 nəfər vətəndaş təsdiqlənmiş, 50 nəfər fəal seçki hüquqlu vətəndaşa isə həmin gün seçki dairəsinin ərazisində müşahidə aparmağa icazə verilmişdir.

Aparılan hazırlıq işlərinin yaxşı, seçicilərin əhval-ruhiyyəsinin yüksək olması deməyə əsas verir ki, bu ilki prezident seçkiləri Cəlilabadda mütəşəkkil keçəcəkdir.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”nin

 bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında