Üzeyir Hacıbəylinin "Molla Nəsrəddin"də çap olunmuş felyetonu

Bu il Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar, publisist, ictimai xadim Üzeyir bəy Hacıbəylinin anadan olmasının 125 ili tamam olur. 2010-cu il fevral ayının 23-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalamışdır.
Üzeyir bəy Hacıbəylinin anadan olmasından 125 il ötür. Amma hələ də bu dahi sənətkarla bağlı, onun örnək olan həyat və fəaliyyəti ilə əlaqədar bir çox faktlar layiqincə öz əksini tapmamış, dolğunluğu ilə ictimaiyyətə çatdırılmamışdır. Zaman-zaman onlar üzə çıxır.
Bəzi alimlərin israrla Üzeyir bəy Hacıbəyli "Molla Nəsrəddin"lə əməkdaşlıq etməmişdir fikirləri özünü doğrultmadı. 2007-ci ildə "Üzeyir bəy Hacıbəyov və "Molla Nəsrəddin" kitabında Üzeyir bəyin " "Molla Nəsrəddin"də çap olunmuş yeddi felyetonunu nəşr etdirmişdik. Azərbaycan Milli Kitabxanasının arxivindəki son araşdırmaların nəticəsində M.Hacıbəylinin "Molla Nəsrəddin" dərgisində dərc olunmuş "On il" adlı yeni bir felyetonu da üzə çıxdı. İndiyə qədər heç yerdə öz əksini tapmayan bu felyetonda Üzeyir bəyin dönə-dönə vuğuladığı və yaradıcılığı boyu mübarizə apardığı qadın azadlığı məsələsindən bəhs edilir.
"On il" felyetonu "Molla Nəsrəddin"in 7 noyabr 1927-ci il tarixli 45-ci sayında "Bir nəfər" imzası ilə çap olunmuşdur. "Bir nəfər" təxəllüsü Ü.Hacıbəylinin müxtəlif illərdə yazdığı mətbu əsərlərində istifadə edilmiş 67 imzasından biridir.
Üzeyir bəyin "On il" felyetonu milli mətbuatımızın tərəqqisində müstəsna xidmətləri olan mahir publisistin qələmindən çıxan dəyərli yazılardandır. Ona görə də bu felyetonu hörmətli oxucularımıza təqdim edirik. Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına milli-mənəvi dəyərlərimizi böyük məhəbbətlə qoruyaraq bizlərə çatdırdıqlarına görə minnətdarlığımızı bildiririk.

{nl}


Səadət QARABAĞLI, üzeyirbəyşünas

{nl}

 

{nl}

On il
İnsan papağını çıxarıb qabağına qoyaraq keçən günləri nəzərdən keçirdikcə öz-özünə deyir: Bəlkə, bu xiyalatdı (xəyaldı - S.Q.). Nə on il bundan qabaq olan işlər doğrudur, nə də indi gördüklərimiz - bəlkə, bu ikisi də yoxdur. Ya da bizi qara-qura basır.
On il bundan qabaq Qafqaz şəhərlərində arvad məsələsinə böyük "əhəmiyyət" verirdilər. Məscid və minbərlərdə bu məsələ barəsində çox danışıq gedirdi. İndi də bu barədə danışıq vardır. Qadın məsələsi iclaslarda danışılır. Hər yanda qadınlar xatirə salınır. Ancaq burada bir balaca giriş vermək lazımdır ki, məsələ aşkar olsun.
Əgər xatirinizdə qalmışdırsa, on il bundan qabaq bir Göyərçin xanım var idi. Rəvayətə görə, bu xanım türk idi. Ancaq özü türk ola-ola nə Fatimeyi-Zəhradan və nə öz türk olmağından utanmayıb düşürdü şəhər və şəhər bığıburma kişilər ilə bu teatrların canına, nədir-nədir mən oyun çıxaracağam. Hətta bu xanım bir dəfə də İrəvana gəlib çıxmışdı, burada bunun türk xanım olduğunu bilən qeyrətli cavanlarımız cuşə gəlib onu səhnədə oynadığı zaman öldürmək istəmişlərdir, ancaq arzularına çata bilməmişlərdir. O zaman eşitdiyimizə görə, Bakı qoçuları da bu fikirdə imiş.
On il bundan irəli bir türk qızı məktəbə gedəndə hamı barmaq ilə göstərir idi. Mömin Əli şiələri işqulaya gedən qızların atası, qardaşı və nə də qohum-əqrəbası ilə dəqsəlam eləməzdilər.
O zaman hicab barədə Molla Nəsrəddin əmi də cızığından çıxdı və Bakı qazisi ilə Bakı türk qəzetələri haray-dad qopardılar.
Hər nə isə, o zaman qadınlarımızda bir həya, ismət vardı. Ərin qulluğunda itaətdə idi. Ər on arvad da alsa idi, arvad cınqırını da çəkə bilməzdi. O zaman qızların ixtiyarları ana-atalarında idi. Əgər bir qız bir oğlanı sevib getsə idi, onu el içində daş-qalaq edərdilər. O zamanlar bizim arvadlarımız ev işi ilə yas yerindən başqa bir şeyi anlamazdılar. Bunların hamısına səbəb o idi ki: O zaman Gəncədə Mirbağır ağa, İrəvanda Hacı Şıxəli Əkbər, Qubada Molla Hacıbaba və qeyri şəhərlərdə bunlar kimi vücudların cid-cəhdləri sayəsində islam qadınları bu dərəcədə namuslu və Fatimeyi-Zəhra kənizinə layiq bir surətdə özlərini aparırdılar.
İndi o rəhmətliklərə deyən ola ki, topraqdan bir baş qaldırın görün dünya nə xarablaşıbdır. Siz sağlığınızda bir Göyərçin qadının dərdin çəkə bilmirdiniz, indi min göyərçinlər vardır. Teatrlarda bunlar üz-gözləri açıq bütün camaat içində ortaya düşüb oynayırlar. Onları öldürmək fikrinə düşən zat da yoxdur. Bəlkə, xoşları gələndə bir əl də çalırlar.
Ey rəhmətliklər, durun ayağa, sizi aparım Bakı Ünas Pedaqoji Texnikumuna, "Əli Bayramov klubuna və qeyri bu kimi yerlərə, görün nə qədər türk xanımlar oxuyurlar.
Bakıdan olan fabrika və sənətxanələrə baxsan, çox payı arvadlardandır.
Əgər keçən ay Bakıda çağrılan qadınların qurultayında onların xilafi-həri danışdıqların görsəydiniz, lap dəli olardınız. Qadınlar arasında olan bu yoldan çıxmaqlıq ancaq bu on ilin içində olubdur.
Ah, bu on il.

{nl}


"Molla Nəsrəddin", 7 noyabr 1927-ci il, №45

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında