Bu günlərdə Lerik rayon ziyalıları və ağsaqqalları toplantı keçirmiş və qondarma “Talış-Muğan Respublikası”nın “prezidenti” xəyanətkar Əlikram Hümbətovun Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini qətiyyətlə pisləyərək Vətən xaininin bu addımına kəskin etirazlarını bildirmiş və leriklilər adından bəyanat qəbul etmişlər.
Bəyanatda deyilir: “Özünü qondarma “Talış Muğan Respublikasının” “prezidenti” kimi qələmə verən xəyanətkar və satqın Əlikram Hümbətovun əsas niyyəti Azərbaycanı məhv etmək olan, ölkəmizin xalqlarına qarşı tarix boyu soyqırımı və vəhşiliklər törətmiş Ermənistana səfər etməsi, orada gənc övladlarımızın qanına əli bulaşmış cinayətkarlarla görüşlər keçirməsi, qucaqlaşaraq öpüşməsi bütün Lerik əhalisinin hədsiz hiddətinə, qəzəb və nifrətinə səbəb olmuşdur. Bu nadan və xəyanətkarın talış xalqının “lideri”, heç vaxt mövcud olmayan, yalnız məkrli Əlikram Hümbətov və onun bir qrup tör-töküntüsünün çürük ideyası olan “Talış Muğan Respublikasının prezidenti” kimi təqdim edilməsi özü gülünc olduğu qədər də absurddur. Çünki heç vaxt mövcud olmayan, ideyası ölkəni separatizmə sürükləmək olan bir qondarma qurumun prezidenti necə ola bilər?
Əlikram Hümbətovun əsrlər boyu özünü Azərbaycan xalqının bir parçası saymış talış xalqının adından danışmağa sadəcə mənəvi haqqı yoxdur. Həm də heç bir talış Əlikram kimi Vətən xaininə onların adından danışmaq səlahiyyəti verməyib. Talış xalqı tərəfindən qəbul edilməyən Əlikram Hümbətov və onun məsləkdaşları məhz talış xalqı tərəfindən süpürülərək tarixin zibilliyinə atılmışdır.
Əsrlər boyu Azərbaycanda bütün xalqlarla bir ailə kimi yaşayan talışlar heç vaxt kəsdikləri duz-çörəyə, qonşuluq və dostluğa xəyanət etməmişlər. Tarixdən bəlli olduğu kimi, zaman-zaman xarici işğallara məruz qalaraq müharibələrə cəlb edilən Azərbaycan burada yaşayan bütün xalqların birliyi, dostluğu və düşmənə nifrəti ilə həmişə tarixin sınaqlarından üzüağ çıxmışdır. XX əsrin sonlarında bir çox havadarlarının dəstəyi və Əlikram Hümbətov kimi satqınların köməkliyi ilə Azərbaycan torpaqlarını işğal etmiş ermənilərə qarşı döyüşlərdə də talış igidləri şücaət göstərmiş, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, yüksək orden və medallarla təltif edilmişlər. Bu gün də hər birimiz Ali Baş Komandanın əmri ilə düşmənə layiqli cavab verməyə hazırıq. Və əminik ki, yaxın vaxtlarda mənfur düşmən torpaqlarımızdan qovulacaqdır. Bu gün insan haqlarından, hüquqlarından dəm vuran Əlikram Hümbətov həmin adamdır ki, ötən əsrin 90-cı illərinin əvvələrində AXC-Müsavat hakimiyyətinin səbatsız rəhbərlərinin səriştəsizliyindən sui-istifadə edərək bir qrup özü kimi oğru-qulduru başına yığaraq əhaliyə zülm edirdi. Xoşu gəlmədiyi insanları döyür, təhqir edir, heç bir ədalət mühakiməsi olmadan günlərlə zirzəmilərdə ac-susuz saxlayırdı. Bütün bunlar talış xalqının yadından çıxmayıb.
Bütün Lerik əhalisi Əlikram Hümbətovun Ermənistana və minlərlə igid və gənc övladlarımızın uğrunda şəhid olduğu tarixi Azərbaycan ərazilərinə səfər etməsini qətiyyətlə pisləyir və onun bu xəyanətkar hərəkətlərinə ciddi şəkildə etiraz edir. Biz talışlar fəxr edirik ki, bu gün sürətlə inkişaf edən, qüdrətlənən, bütün millətlərin və xalqların dinc, mehriban yaşadığı əsl demokratik və dünyaya tolerantlıq nümunəsi olan Azərbaycanda yaşayırıq. Biz bir daha bəyan edirik ki, bütün cənub bölgəsi əhalisi bundan sonra da müstəqil Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda aparılan mübarizədə həmişə ön sırada olacaqdır.
Lerik rayon əhalisi adından:
Etibar HAŞIMOV,
Ziyalılar Cəmiyyətinin sədri
Həmzə VƏLİMƏMMƏDOV,
Ağsaqqallar Şurasının sədri
Abbas ZAHİDOV,
ağsaqqal
Hidayət BƏŞİROV,
Veteranlar Şurasının sədri
Gülağa ƏBDÜLOV
ağsaqqal
Meyxos HÜSEYNOV,
ağsaqqal
Hüseynbala ƏLİYEV,
ziyalı
Rəsul QULİYEV,
ziyalı
Vəliağa ŞAHPƏLƏNGÖV,
ağsaqal
Özübəy QULİYEV,
ağsaqqal
Surxay ƏSƏDOV,
ağsaqqal
Cabir MƏMMƏDOV,
ağsaqqal
Hüseynağa HÜSEYNOV,
ziyalı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.