Dəmiryolçular Azərbaycanın iqtisadi inkişafının təmin edilməsində həmişə fədakarlıq göstərmişlər. Dövlət müstəqilliyimizin ilk illərində düçar olduğu çətinliklərdən azad olan ölkə polad magistralı hazırda sürətlə inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyev siyasi rəhbərlikdə olduğu bütün dövrlərdə iqtisadiyyatın əsas sahələrindən biri olan dəmir yolunun fəaliyyətini diqqətdə saxlamış, bu nəhəng strukturun fəaliyyətinin genişləndirilməsi üçün daim qayğı göstərmişdir.
Ulu öndərin dəmir yoluna verdiyi böyük əhəmiyyətin, onun fəaliyyətinə göstərdiyi diqqət və qayğısının, şəxsi himayəsinin nəticəsidir ki, bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti MDB məkanında ən inkişaf etmiş dəmir yollarından birinə çevrilib. Ulu öndərin uğurlu siyasi və iqtisadi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Bütün sahələrdə olduğu kimi, əhalinin sosial rifah halının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırovla söhbətimizdə ondan dəmiryolçuların sosial müdafiəsinin təşkili istiqamətində görülmüş işlər barəsində danışmağı xahiş etdik:
-Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi bu illər ərzində dəmir yolunda həyata keçirilən islahatlara daim yardımçı olmuş, dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirmişdir. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş istifadə edərək, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını ön plana çəkərək bu istiqamətdə görülən işlərin davam etdirilməsi naminə var qüvvəsi ilə çalışır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Respublika Komitəsi arasında 2008-2010-cu illər üçün bağlanmış Yolun sosial inkişafı üzrə "Saziş" də bu məqsədlərə xidmət edir. "Sazişin" yerinə yetirilməsi həm cəmiyyətin rəhbərliyi, həm də Respublika Komitəsi tərəfindən ciddi nəzarət altında saxlanılır. Bunun müsbət nəticəsi kimi qeyd etmək olar ki, "Saziş"də nəzərdə tutulan ağır və zərərli işlərdə çalışanlara əlavə məzuniyyət günlərinin verilməsi, istehsalatda və Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyarkən həlak olmuş dəmiryolçuların ailələrinə, I və II qrup əlil olmuş (işləməyən) dəmiryolçulara, əmək xəsarətinə və ya peşə xəstəliyinə görə dəmiryolçulara dəymiş zərərə görə, uzun müddətli və qüsursuz işə görə müavinət və maddi yardımların ödənilməsi və digər sosialyönlü müddəaların həyata keçirilməsi təmin edilir. Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azalması, əmək şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində olan departament, xidmət, idarə və müəssisələrdə təhlillər aparılır və yoxlamalar keçirilir. Bu yoxlamaların nəticələri Komitənin Rəyasət Heyətinin iclaslarında müzakirə olunur, əmək haqqı və digər müavinətlərin ödənilməsi, məzuniyyətlərin təqdim olunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət olunmasında aşkar olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi müvafiq rəhbər işçilərə tapşırılır.
Əməkçilərin sağlamlıqlarının qorunması məqsədi ilə Respublika Komitəsi tərəfindən 2008-2009-cu illərdə dəmiryolçulara və onların ailə üzvlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasınin xətti ilə sanatoriyalara və istirahət evlərinə 500-dən artıq yollayış vərəqələri verilmişdir. O cümlədən, 40-dan artıq yollayış vərəqəsi maddi vəziyyəti ağır olan dəmiryolçulara pulsuz verilmişdir.
Hər ilin yekunlarına görə Respublika Komitəsi tərəfindən təsis edilmiş "İlin ən yaxşı müəssisəsi", "Əla yol işçisi-İlin ən yaxşı mütəxəssisi", "Firudin Ağayev" adına yol müsabiqələrinin qaliblərinə MHİRK-nın xüsusi diplomları və müxtəlif pul mükafatları verilir.
Bundan başqa, 2008-2009-cu illər ərzində istehsalatda yüksək nailiyyətlər əldə etdiklərinə görə 150 dəmiryolçu MHİRK-nın "Fəxri fərmanı" ilə təltif edilmiş və onlara ümumillikdə 45 min manat məbləğində mükafat verilmişdir. Eyni zamanda, dəmiryolçu - qaçqınlara, xəstələrə, əlillərə, təqaüdçülərə və maddi vəziyyəti ağır olanlara komitə tərəfindən 200 min manat maddi yardım göstərilmişdir.
Dövlət bayramları və peşə bayramı günlərində dəmiryolçular üçün mədəni-kütləvi tədbirlər keçirilir, istehsalatda fərqlənmiş işçilərə müxtəlif mükafatlar verilir.
MHİRK-nə 2008-2009-cu illər ərzində dəmiryolçular tərəfindən sosial iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərə vaxtı-vaxtında baxılmış, ərizələrin əksəriyyəti müsbət həll olunaraq ərizəçilərə müvafiq cavablar verilmişdir.
Bundan əlavə, Respublika Komitəsinin sədrinin şəxsi qəbulunda olan dəmiryolçuların sosial-məişət problemlərinin həlli üçün lazımi köməkliklər göstərilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar Respublika Komitəsinin xidmətində olan təşkilatlarda iş yerlərinin ləğv edilməsi və işçilərin ixtisara düşməsi prosesləri də qaçılmazdır. Hazırda MHİRK bütün bu proseslərin əmək qanunvericiliyinə müvafiq qaydada aparılmasına nəzarət edərək təsərrüfat rəhbərlərinə öz tövsiyələrini verir.
-Fəzail müəllim, son illər ərzində dəmiryolçuların mənalı istirahətinin təşkili istiqamətində həyata keçirilən yeniliklər barədə məlumat verməyinizi xahiş edirik.
- İndiki nəqliyyat naziri Ziya Məmmədovun dəmir yolunun rəisi olduğu vaxtlarda müəyyən etdiyi perspektiv inkişaf proqramı bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov tərəfindən uğurla davam etdirilir. Dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, onların mənalı istirahətinin təşkili sahəsində görülən işlər Səhmdar Cəmiyyətin rəhbərliyi ilə Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə fəaliyyətinin nəticəsində reallaşdırılır.
1 avqust 2008-ci ildən etibarən Xaçmaz rayonunun Nabran qəsəbəsində "Lokomotiv" İstirahət Mərkəzinin dəmiryolçuların istifadəsinə verilməsi ilk növbədə ölkə polad magistralının əməkçilərinə göstərilən daimi diqqətin göstəricisi kimi qiymətləndirilməlidir. Dəmiryolçuların istifadəsinə verilən "Lokomotiv" İstirahət Mərkəzinin yaradılması ideyası, torpaq sahəsinin ayrılması 2002-ci ilin yazında məhz cənab nazirin təşəbbüsü ilə reallaşmışdı. Müasir standartlara cavab verən istirahət kompleksinə cənab nazir tərəfindən bir ədəd avtobusun hədiyyə edilməsi və burada sərinləşdirici sistemin quraşdırılması qayğının bariz nümunəsi idi. Bu tədbirlər dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsinə, sağlamlıqlarının qorunmasına yönəlmiş bir addımdır. MHİRK-nın Rəyasət Heyəti tərəfindən həmkarlar üzvlərindən əmək haqqının 2 faiz miqdarında daxil olan üzvlük haqqının 1 faizi istirahət mərkəzinin tikintisinə yönəldilmişdir. 2005-ci ildə istirahət kompleksinin tikintisi başlanmış, 2008-ci ilin avqust ayında müasir tələblərə cavab verən 3 yaşayış binası və yeməkxana tikilərək dəmiryolçuların istifadəsinə verilmişdir. Bu yaşayış binalarında, eyni zamanda, 20 dəmiryolçu ailəsi istirahət edir. Yeri gəlmişkən qeyd edim ki, 2008 və 2009-cu illərin yay mövsümlərində "Lokomotiv" İstirahət Mərkəzində 200 dəmiryolçu ailəsinin 600 nəfər üzvü istirahət etmişdir. 2010-cu ilin yay mövsümu ərəfəsində mərkəzdə su hovuzu, rəqs meydançası və idman kompleksinin tikintisi başa çatmış və iyul ayının 1-dən etibarən istirahət edən dəmiryolçuların istifadəsinə verilmişdir.
Hal-hazırda daha 16 ailənin istirahəti üçün nəzərdə tutulmuş 2 yaşayış binasının, qazanxana və voleybol zalının tikintisi başa çatmaq üzrədir. Əminliklə deyə bilərəm ki, bu qurğular gələn yay mövsümündə dəmiryolçuların istifadəsinə veriləcəkdir.
Bir faktı da qeyd etmək yerinə düşərdi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar İttifaqı və gənclər" mövzusunda konfransı 21 may 2010-cu il tarixdə "Lokomotiv" İstirahət Mərkəzində keçirildi. AHİK-nın sədri, millət vəkili Səttar Mehbalıyev, digər respublika komitələrinin sədrləri kompleksdə istirahət üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, görülən işləri yüksək qiymətləndirmişlər.
-Məlum olduğu kimi, may ayında Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi səbəbindən dəmir yolunun işində də ciddi problemlər yaranmışdır. Dəmiryolçuların fəallığı nəticəsində daşqınların yaratdığı fəsadlar aradan qaldırıldı...
-Doğrudan da, dəmiryolçular təbbi fəlakət zamanı əsl fədakarlıq göstərdilər. Bilirsiniz ki, daşqınlar nəticəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Şirvan-Astara sahəsində 9 may saat 16. 30-dan etibarən qatarların hərəkəti dayandırılmışdır. Suyun bir istiqamətdən digər istiqamətə ötürülməsi üçün Osmanlı-Azadkənd mənzilinin 15-ci, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( iki yerdə) və 24-cü kilometrlərində yarğanlar açılmışdır. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 may 2010-cu ildə "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması" haqqında sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq təxirəsalınmaz işlərə start verildi. 13 iyun 2010-cu ildə Şirvan-Astara sahəsində təmir-bərpa işlərinə start verilmiş, təmir-bərpa işlərinin sürətlə aparılması üçün hər cür qayğı göstərilmişdir. Çətin iş şəraitində, dəmiryolçuların gərgin zəhməti nəticəsində yarğanların hamısı bərpa olundu və 4 iyul 2010-cu ildə, müəyyən sürət məhdudiyyəti ilə Şirvan-Astara sahəsində qatarların hərəkəti bərpa olundu. Təmir-bərpa işlərində fədakarlıq göstərən dəmiryolçuların əməyi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov tərəfindən yüksək qiymətləndirilmiş, onlar qiymətli hədiyyələr və pul mükafatları ilə təltif olunmuşlar. Biz də öz növbəmizdə bu istirahət mövsümündə həmin insanların böyük bir qrupunu Nabrandakı "Lokomotiv" İstirahət Mərkəzinə üçgünlük ekskursiyaya göndərəcəyik.
Son olaraq qeyd etmək istəyrəm ki, Azərbaycanın polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə ölkə başçısı cənab İlham Əliyev "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq olunması haqqında sərəncam imzalamışdır. Bu, dəmir yolunun tarixində ən böyük direktiv sənəddir. Hazırda proqramın icrası istiqamətində mühüm addımlar atılır. Bütün bu işlərdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi də öz mövqeyində daim prinsipiallıq göstərərək bundan sonra da qarşısında duran bütün vəzifələrin yerinə yetirilməsi üçün əməli tədbirlərin görülməsinin təminatçısı olacaqdır.
{nl}
Hazırladı: Qabil YUSİFOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.