İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilir

 

Sentyabrın 23-25-də Fransanın paytaxtı Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilmişdir. 

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadan AzərTAc-a bildirmişlər ki, hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanmışdır. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planları, Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilir. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir.

 

Hesabatda şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə fəal iştirakı xüsusilə qeyd edilir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan “Vətəndaş iştirakçılığı haqqında” qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi qeyd edilir.

Hesabatda, həmçinin müxtəlif sahələr üzrə tövsiyələr də müəyyən edilmişdir. Bu tövsiyələr korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma və sorğuların aparılması və s. məsələləri əhatə edir.

OECD-nin baş qərargahında keçirilən iclasda qurumun rəhbər heyəti ilə yanaşı, üzv ölkələrin və ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Bundan başqa, bu il iyulun 9-da “Transparency İnternational” təşkilatının açıqladığı  “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da  Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq etmişdir. Belə ki, hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Azərbaycanda respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmamışdır. 68 faiz respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz orta göstəricidən 3 dəfə artıqdır.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər davam etdiriləcək və ictimaiyyətə mütəmadi məlumat veriləcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında