Hüquqi dövlət quruculuğu yolunu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz və şərəf işimizdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra dövlət çevrilişlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasında prokurorluğun da xüsusi xidmətləri var.
Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır.
Ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim yüksək qiymətləndirirdi. Onun söylədiyi: “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamı həmişə və hər yerdə ruh mənbəyimiz olmuşdur.
Azərbaycan dövlətçiliyinin ən yeni tarixi çağdaş türk dünyasının və xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsiyyəti, onun 34 ildən artıq bir dövrdə doğma Vətənimizin, hədsiz məhəbbətlə sevdiyi xalqımızın bu günü, gələcəyi naminə həyata keçirdiyi nəhəng quruculuq işləri və böyük islahatlarla qırılmaz tellərlə bağlıdır.
Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından və demokratizmindən irəli gəlir. Heydər Əliyev güc siyasətinə qarşı qanunun gücünü qoyaraq “haqlı həmişə güclüdür” prinsipindən çıxış etmiş, hakimiyyətin daim hər bir vətəndaşın maraq və mənafeyini uca tutmasına çalışmışdır.
Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideallarına bağlılığı onun müstəqilliyinin əleyhinə olan düşmən dairələrin maraqlarına toxunduğundan onlar xalqı bu yoldan sapdırmaq, onun gələcəyə inamını sarsıtmaq üçün müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər. Bu da öz növbəsində, respublikada ictimai-siyasi vəziyyətə mənfi təsir göstərirdi. Ölkədə anarxiya və dağıdıcılıq siyasəti baş alıb gedir, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac verirdi. Bu dövrdə üzərinə qanunun aliliyini qoruyub saxlamaq vəzifəsi qoyulmuş prokurorluq orqanları da ciddi çətinliklər qarşısında qalmışdı.
Hakimiyyət böhranının yaşandığı və anarxiyanın tüğyan etdiyi, ölkəmizin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində tarixi müstəqilliyimiz üçün yaranmış bu təhlükə birdəfəlik aradan qaldırılmış, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinin və siyasi terror aktlarının, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır.
Alman filosofu İmmanuel Kantın “Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər” fikri ümummilli liderin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini bir daha təsdiqlədi. Görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxa bilmiş, onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən siyasi islahatlar sayəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yerini tutmuş, mütərəqqi və beynəlxalq standartlara uyğun demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliynə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təsisatlar yaradılmış, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.
AXCP-Müsavat cütlüyünün qısa müddətli hakimiyyəti dövründə dövlətçilik anlamı ilə uyğun gəlməyən səriştəsiz, bəzi hallarda isə cinayətkar hərəkətlər bütün dövlət təsisatlarının, hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun da fəaliyyətini, sözün əsl mənasında, iflic etmiş, öz birbaşa vəzifələrinin icrasından uzaqlaşdırılan həmin qurumlar ölkədə hakimiyyət uğrunda gedən siyasi mübarizənin alətlərinə çevrilmişdilər. Həmin dövrün statistik məlumatlarından da göründüyü kimi, məqsədyönlü şəkildə cəzasızlıq şəraitinin formalaşdırılması nəticəsində cinayətkarlıq görünməmiş həddə çatmış və vətəndaşların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması adi bir hala çevrilmişdi. Təkcə onu qeyd etmək lazımdır ki, 1992-1993-cü illərdə qəsdən adam öldürmə, banditizm, quldurluq və başqa bu kimi ağır cinayət hadisələri sıçrayışlı şəkildə dəfələrlə artmış, ölkə vətəndaşlarında kütləvi fobiya yaranmaqla, axşam düşüb alaqaranlıq olan kimi camaat qəsdən, harınlıqdan atılmış atəşə təsadüfən hədəf olmamaq üçün evlərinə çəkilirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışı respublikamızın hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuş, çox ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri ön plana çəkilmişdir. Məhz ulu öndərimizin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu və “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görüldü.
Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdir. Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Bu mənada ulu öndərin 1994-cü il avqustun 9-da “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır. Həmin fərmana əsasən, Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində hüquq-mühafizə orqanları sistemində və digər sahələrdə cinayətkarlarla əlbir olan, təxribatlar törədən, vəzifədən sui-istifadə edən, rüşvətxorluq və bir çox qanunsuz əməllərlə məşğul olan, pozuntulara və əyintilərə yol verən şəxslər müəyyən olunub tutduğu vəzifələrdən kənarlaşdırılaraq məsuliyyətə cəlb olundular. Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarında qarşıya qoyulan vəzifələrin hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi, görülmüş kompleks və çevik əməliyyat tədbirləri 1994-cü ilin oktyabrı və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin aradan qaldırılmasını, ölkə Prezidentinin fiziki məhvinə yönəldilmiş sui-qəsdlərin qarşısının alınmasını, onların təşkilatçılarının ifşa olunmasını təmin etmiş, respublikada siyasi qarşıdurma yaratmaq cəhdlərinə qətiyyətlə son qoyulmuş, müxtəlif bölgələrdəki qanunsuz silahlı dəstələr, dövlətçiliyə qəsdlər edən cinayətkar ünsürlər zərərsizləşdirilmişdir. Həmin illərdə respublikamızda separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında ölkə rəhbəri tərəfindən prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulmuşdu. Prokurorluq orqanlarının əməkdaşları dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsində tam məsuliyyəti ilə çalışaraq onlara göstərilən etimadı doğrultmuşlar.
Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni ağır vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək, təhlükəli cinayətlər törədənləri yaxalamaq və bu kimi digər mühüm vəzifələrin yerinə yetirilməsində digər hüquq-mühafizə orqanları kimi, prokurorluğa da arxalanmış, ona inanmışdır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.
1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu yolunda görülən tədbirlər, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara əsaslanan hüquqi islahatlar ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquqi islahatların əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndər Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş demokratik və hüquqi islahatlar ölkənin hüquq sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsinə şərait yaratmış, dünya təcrübəsi nəzərə alınmaqla bir sıra mühüm qanunlar və məcəllələr qəbul edilmişdir.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun stasusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi başlamaq və ibtidai istintaq aparmaq, ibtidai istintaqa prosessual rəhbərlik və bu zaman qanunlara riayət olunmasının təmini, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, məhkəmədə iddia qaldırmaq (ərizə vermək), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı, cinayət işlərinə baxılmasında isə dövlət ittihamçısı kimi iştirak, dövlət ittihamının müdafiəsi, məhkəmə qərarlarından protest vermək, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak və s. məsələlər prokurorluğun fəaliyyət istiqamətlərinə aid edilmişdir. 2002-ci il sentyabr ayının 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni mərhələyə yüksəlmişdir.
Ölkəmizdə fəaliyyət göstərən prokurorluq sisteminin əsası 95 il bundan əvvəl - Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarının qəbul edilməsi ilə qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür.
Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli mərasimdə ulu öndər prokurorluq işçilərinin əməyinə yüksək qiymət verərək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”. Ümummilli liderin bu fikirləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə daha tələbkarlıqla, məsuliyyətlə yanaşmağa səfərbər edir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı və SSRİ prokurorluğunun tərkib hissəsi kimi uzunmüddətli və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən qurulmuş, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrilmişdir. Prokurorluq işçilərinin saflaşdırılması, mövcud olan neqativ təzahürlərin aradan qaldırılması, müasir tələblər səviyyəsində işləyə bilən kadr korpusunun formalaşdırılması və dövlətçiliyimizin maraqlarının müdafiəsi məqsədlərinə xidmət edən nəzarət mexanizminin yaradılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir.
Sevindirici haldır ki, ulu öndərimiz Heydər Əliyevin ideyalarının, onun müdrik dövlətçilik siyasətinin davamı olaraq bu gün Azərbaycan Respublikasında prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, mühüm dövlət təsisatlarından biri kimi onun normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülür.
Ulu öndər Heydər Əliyevin ədalətə, humanizmə və insanpərvərliyə söykənən məhkəmə-hüquq islahatları son 10 ildə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə davam etdirilmiş, məhkəmə-hüquq islahatları ilə paralel şəkildə prokurorluq orqanlarının da insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, dövlət ittihamının tam demokratik, şəffaf və azad şəkildə həyata keçirildiyi ali instansiyaya çevrilməsi istiqamətində mühüm addımlar atılmışdır. Demokratik prinsiplərin cəmiyyətdə getdikcə daha da möhkəmləndiyi, hər bir fərdin mənafeyinə hesablanmış mütərəqqi siyasi, hüquqi və sosial-iqtisadi islahatların geniş vüsət aldığı mərhələdə prokurorluq orqanlarının fəaliyyətində beynəlxalq təcrübənin mənimsənilməsi dövlət rəhbərliyinin müəyyənləşdirdiyi əsas vəzifələrdən biridir.
Son illərdə ölkə Prezidentinin imzaladığı bir sıra fərman və sərəncamlarda da prokurorluğun cəmiyyətdəki rolunun gücləndirilməsinə hüquqi imkanlar yaradan göstəriş və tapşırıqlar yer almışdır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman və “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli sərəncam da bu qəbildəndir. Bu mühüm sənədlər əsasında prokurorluq orqanlarının maddi-texniki bazası, iş şəraiti daha da yaxşılaşdırılmış, məhkəmələrdə dövlət ittihamının təşkili sahəsində ciddi keyfiyyət dəyişikliyi baş vermiş, insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilmişdir. Nəticədə cəmiyyətdə prokurorluğa yüksək etimad yaranmışdır.
2008-ci ildə prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə dövlət başçısı prokurorluğun fəaliyyətinə böyük qayğı göstərərək prokurorluq əməkdaşlarını və veteranları təbrik etməklə bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, son illər prokurorluqda sağlam mühitin yaradılması üçün ciddi işlər görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığını və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirdiyini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafındakı əhəmiyyətli xidmətlərini qeyd etmişdir.
Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsi işində dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır. Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəlməsinə şərait yaratmışdır.
Biz, prokurorluq orqanlarına diqqət, qayğını və dəstəyi bu gün də görür və hiss edirik. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunların aliliyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır.
Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında hərbi prokurorluq orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiq olan hərbi prokurorluq orqanları üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipal mövqe tutur, ordunun qüdrəti və döyüş qabiliyyətinin artırılmasına çalışır.
Respublikamız müstəqillik əldə etdikdən sonra “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusıya Aktının 4-cü maddəsinə əsasən, keçmiş SSRİ qanunları Konstitusiya Aktının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə, müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlamışdır. Konstitusiya Aktının bu müddəasına uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi 26 avqust 1992-ci il tarixli “Prokurorluq orqanlarının statusunu müəyyənləşdirən keçmiş SSRİ-nin qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxladığının təsdiqi və onların tətbiqi qaydası barədə” qanun qəbul edilmişdir. Faktiki olaraq köhnə sovet qanunu əsasında fəaliyyət göstərməsinə baxmayaraq, respublikamızın prokurorluq orqanlarının fəaliyyəti müstəqillik əldə etdiyimiz vaxtdan keçən bütün müddət ərzində, ilk növbədə, cəmiyyətdə sabitlik üzrə tədbirlər görülməsinə, vətəndaşların sosial hüquqlarının müdafiəsinə yönəlmiş qanunların icrasının təmininə istiqamətləndirilmişdir.
Həmin qanunların tətbiqi müstəqillik əldə etdikdən sonra yaradılmış Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarının fəaliyyətində bir çox çətinliklər yaratmışdır. “Prokurorluq haqqında” və “Prokurorluqda qulluq keçmə haqqında” qanunlar qəbul edildikdən sonra Hərbi Prokurorluğun Azərbaycan Respublikası prokurorluq sistemində yeri və səlahiyyətləri müəyyən edilmişdir. Bu qanunlara sonradan edilmiş bəzi əlavə və dəyişikliklər işimizi dinamik dəyişən indiki şəraitdə müasir tələblərə uyğun qurmağa şərait yaratmışdır.
Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmiləşdirilməsi, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizə işinin təşkilində çevikliyin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış subyektlərinin məlumatları və qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar əsasında yoxlamalar aparılması və müvafiq qərarların qəbul edilməsi kimi səlahiyyətlər verilmişdir.
Həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası baş prokurorunun 20.12.2005-ci il tarixli 22 saylı əmri ilə Respublika Hərbi Prokurorluğunun strukturunda dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi, eləcə də Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin tərkibində kriminalistika şöbəsi yaradılmışdır. Bu da cinayətkarlığa qarşı mübarizə işinin təşkilinə müsbət təsirini göstərmişdir.
Qeyd olunanlardan əlavə, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 01 fevral 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Hərbi Prokurorluğunun bazasında Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu yaradılmaqla, onun strukturu və səlahiyyət dairəsi müəyyənləşdirilmişdir. Həmin qanunun tələblərindən irəli gələn məsələlərin həll edilməsi məqsədilə Baş Prokurorluq üzrə 21 noyabr 2007-ci il tarixli əmrlə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni strukturu və ştat tərkibi təsdiq edilmişdir. Həmin əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda yeni struktur qurumlar, yeni istintaq şöbəsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmələrində təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsi, dövlət ittihamının müdafiəsi üzrə şöbə, maddi-texniki təminat xidməti təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər Dövlət Proqramı”nın təsdiq edilməsindən sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində onun strukturunun daha da təkmilləşdirilməsi davam etdirilmişdir. Dövlət Proqramına uyğun olaraq 2009-cu ilin mart ayında Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda struktur dəyişiklikləri olmuş, baş prokuror cənab Zakir Qaralovun əmri ilə Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin nəzdində xüsusi istintaq, kadrlar və maddi-texniki təminat şöbələri yaradılmış, eləcə də respublika hərbi prokuroruna kadrların seçilib yerləşdirilməsi ilə əlaqədar əlavə səlahiyyətlər verilmişdir. Bununla yanaşı “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər Dövlət Proqramı”na müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılmışdır.
Müasir dövr korrupsiyaya qarşı effektiv mübarizə, yeni metodların tətbiqini, şəffaflığın təmin edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini, səmərəli maarifləndirmə tədbirlərini və informasiya texnologiyalarından istifadənin genişləndirilməsini zəruri edir. Korrupsiyanın qarşısını almaq üçün ona şərait yaradan halların müəyyən edilməsi, risklərin daim qiymətləndirilməsi, struktur islahatlara, institusional metodlara geniş yer verilməsi, ictimai nəzarətin subyektləri olan vətəndaş cəmiyyəti, özəl sektor və kütləvi informasiya vasitələri ilə dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində dönməz qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirmiş, nəticədə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında mühüm əngəllərdən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha geniş vüsət almışdır.
Dövlət başçısının siyasi iradəsinin ifadəsi olaraq qəbul edilmiş, dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün hüquqi zəmin yaratmışdır.
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planının icrası uğurla başa çatmışdır. Respublikamızda dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə bir sıra əlavə və dəyişikliklər edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurum - baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturu və fəaliyyəti təkmilləşdirilmiş, beynəlxalq əməkdaşlıq inkişaf etdirilərək digər dövlətlərin hüquq-mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuş, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti 5 sentyabr 2012-ci ildə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirərək “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair sərəncam imzalamışdır.
Əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən ibarət olan Milli Fəaliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə eyni zamanda Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı təsdiq edilmişdir ki, bu da respublikamızın beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri kimi bu təşəbbüsün prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması işində institusional tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi beynəlxalq təşəbbüs kimi respublikamızın qoşulduğu Açıq Hökumət Tərəfdaşlığının əsas prinsiplərini təşkil edir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərinə müvafiq olaraq bu Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumatlar verilməsi, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi, əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması kimi mühüm elementləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm addımlardan biridir.
Bu agentlik dövlətlə vətəndaş arasında ünsiyyət qurulması vasitəsi olmaqla, ümummilli lider Heydər Əliyevin “xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” müdrik kəlamının real həyatda təcəssümüdür. Artıq yeni dövlət qurumunun fəaliyyəti vətəndaşların daha çox və tez-tez müraciət etdiyi xidmət sahələri üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxarmış, artıq bir Azərbaycan brendinə çevrilmişdir. Bu gün Azərbaycan standartları bir çox ölkələr üçün əsl nümunədir.
Son illərdə hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində qarşısına qoyulmuş vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri görmüş, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır. Konkret olaraq 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə; hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fərarilik cinayətlərinin sayı min dəfələrlə, qəsdən adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək azalmış, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə qeydə alınmamışdır.
Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çoxşaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olmuşdur.
Müsbət hal kimi qeyd edilməlidir ki, 2012-ci ildə əvvəlki ilə nisbətən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,4 faiz, hərbi xidmət əleyhinə cinayətlər 1,5 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 6,7 faiz, hərbi xidmətdən yayınma 4,3 faiz, fərarilik cinayətləri 35 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə cinayətləri 4,4 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 20 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 40,7 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,8 faiz, silahlı birləşmələrdə ölüm halları 2,3 faiz, o cümlədən qəsdən adam öldürmə 8,7 faiz azalmışdır. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməmişdir. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.
Ötən illər ərzində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli fərmanında və cari il yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.
Respublika Hərbi Prokurorluğunda istintaqın keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması, cinayətkarlığa qarşı mübarizə işinin səmərəliliyini artırmaq məqsədilə kriminalistika şöbəsinə müasir standartlara cavab verən xarici ölkə istehsalı olan bir çox avadanlıqlar alınmışdır ki, bu da baş vermiş qəsdən adam öldürmə və digər ağır və xüsusilə ağır cinayətlərin istintaqı zamanı tətbiqi təmin olunmuşdur.
Bu müddət ərzində ərazi hərbi prokurorluqlarının hər biri baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı baxışını təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla, xüsusi nəqliyyat vasitəsi “UAZ” və “Sobol” markalı avtomaşınlarla təchiz olunmuşdur. Respublika Hərbi Prokurorluğunun inzibati binasında kriminalistik laboratoriya və təlim-məşq otağı yaradılmış, muasir standartlara cavab verən foto, video, DVD və VSD, fotoprinter, skaner aparatları, metalaxtaran cihaz və tral, müxtəlif növ kriminalistik çantalar, müxtəlif səthlərdən əl-barmaq, ayaq, qan və digər izlərin götürülməsi üçün xüsusi tozlar və maddələr alınmışdır.
Erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror aktları, əsir düşmüş şəxslərə işgəncələr verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin soyqrımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 287 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs və axtarış elan edilməsi təmin olunmuşdur. Hazırda qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycan Respublikasının işğal olunmuş digər ərazilərində sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə son bir ildə vətəndaşların müraciətlərinə baxılması üzrə lokal kompyuter şəbəkəsi yaradılmışdır. Bu şəbəkə Hərbi Prokurorluğa vətəndaşların ünvanladığı müraciətlərin baxılması, gedişi və nəticələri barədə zəruri məlumatları əldə etməyə şərait yaradır, eləcə də ərizə və şikayətlərə baxılmasına gündəlik nəzarətin həyata keçirilməsi üçün böyük imkanlar verir.
Son illər ərzində vətəndaşların müraciətlərinə fərdi qaydada və hər birinə qayğı ilə yanaşılmaqla, bu sahəyə nəzarət xeyli gücləndirilmişdir. Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq şənbə və bazar günləri hərbi hissələrdə olur, hərbi qulluqçuları və onların ailə üzvlərinin müraciətlərinin baxılmasına daim diqqət göstərirlər. Bununla yanaşı, hərbi hissələrdə Respublika Hərbi Prokurorluğu tərəfindən 271 ədəd “Etimad qutusu” qoyulmuşdur ki, bu da öz növbəsində hərbi qulluqçuların hər hansı bir qanunsuzluqlara məruz qaldıqları halda müvafiq orqanlara vaxtında müraciət etmək hüquqlarından istifadə edə bilmələrini təmin edir. Hərbi hissələrdə yerləşdirilmiş “etimad qutuları”nın üzərində ərazi hərbi prokurorluqlarının məsul işçilərinin, növbətçi hissələrin, habelə Respublika Hərbi Prokurorluğunun növbətçi hissəsinin və müraciətlərə baxılması şöbəsinin məsul işçilərinin əlaqə xidməti telefonları barədə zəruri məlumatlar yerləşdirilmişdir.
Keçən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1623 müraciətinə baxılmış, 621 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 2664 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 1848 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.
Bu ilin ötən dövründə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 889 müraciətinə baxılmış, 365 vətəndaş mərkəzi aparatda qəbul olunmuş, ərazi hərbi prokurorluğunda 1929 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 1120 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi prokurorluq orqanlarının, o cümlədən, hərbi prokurorluq orqanlarının fəaliyyətinin əsasını təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamların qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda tədbirlər planı hazırlanaraq icraya yönəldilmiş, cinayət təqibi zamanı, xüsusən şəxslərin tutulması və həbs edilməsi həyata keçirilərkən qanunvericiliyin, insan hüquq və azadlıqlarının müdafiəsi tələblərinə ciddi əməl edilməsinə tələbkarlıq daha da artırılmışdır.
Azərbaycan Respublikası beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirdiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə Azərbaycan Hərbi Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi bir çox dövlətlərin hərbi prokurorluq orqanları ilə əlaqələrin inkişaf etdirilməsi və eyni zamanda, səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində müəyyən işlər görülmüşdür. 2000-2012-ci illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndə heyəti Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində bu ölkənin hərbi ədliyyə korpusunun 300 illiyinə həsr olunmuş “Hərbi ədliyyənin ənənələri və gələcəyi” mövzusunda 8-ci beynəlxalq konfransda, Fransanın Lion şəhərində beynəlxalq polis təşkilatı - İnterpolun təşəbbüsü ilə keçirilmiş “müharibə soyqırımı və insanlıq əleyhinə olan cinayətlər” üzrə ekspertlərin 1-ci konfransında, Türkiyənin Ankara şəhərində keçirilmiş Türkiyə Respublikası Əsgəri Yarqıtayının (Ali Hərbi Məhkəməsinin) yaradılmasının 90-cı ildönümünə həsr olunmuş “Hərbi məhkəmələrin fəaliyyəti və hərbi hakimlərin statusu” mövzusunda keçirilən simpoziumda və digər beynəlxalq tədbirlərdə iştirak etmişlər.
Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminat məsələləri ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamışdır. Prokurorluqda işçilərin sosial müdafiəsi və maddi təminatı 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunla təsbit edilmişdir. “Azərbaycan Respublikasının prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli sərəncamla prokurorluq orqanları əməkdaşlarının əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması və sosial təminatlarının digər əsaslarının yüksək səviyyədə yaxşılaşdırılması prokurorluq işçilərinə Heydər Əliyevin qayğısının növbəti təzahürü olmuşdur.
“Azərbaycan Respublikasının prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 29 sentyabr 2006-cı il tarixli sərəncamla prokurorluq orqanları işçilərinin sosial müdafiəsi məsələlərinə yenidən baxılaraq onların əmək haqları 2,5 dəfə artırılmışdır. Bu da hər bir əməkdaşın maddi təminatına olduqca müsbət təsir göstərmiş, onların səmərəli fəaliyyətini stimullaşdırmışdır. Dövlət rəhbərliyi prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atır.
Ötən il prokurorluq işçilərinin peşə bayramı günü ərəfəsində ölkə başçısının sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına - ali xüsusi və ali hərbi rütbələrə layiq görülməsi prokurorluq işçilərinin fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi olmuşdur.
Ötən illər ərzində hərbi prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün lazımi iş şəraitinin daha da yaxşılaşdırılması xüsusi qeyd edilməlidir. Fərəhlə demək olar ki, “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində prokurorluqda, eləcə də hərbi prokurorluq sistemində işin təşkili ən müasir standartlar səviyyəsinə çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 yanvar tarixli qərarına uyğun olaraq Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 94 əməkdaşına məharət dərəcələri verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2007-ci il tarixli 310 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatının yerləşdiyi inzibati bina və tikililər Respublika Hərbi Prokurorluğunun balansına verilmişdir.
Son illərdə Naxçıvan Muxtar Respublikası, Sumqayıt, Gəncə, Lənkəran “Qarabağ, Tərtər və Füzuli hərbi prokurorluqlarının inzibati binalarında əsaslı yenidənqurma işləri aparılmış, Qazax və Zaqatala hərbi prokurorluqları üçün isə yeni inzibati bina tikilib istifadəyə verilmiş və işçilər üçün müasir tələblərə cavab verən şərait yaradılmışdır.
Gəncə və Lənkəran hərbi prokurorluqlarının yeni inzibati binalarının inşası məqsədilə yeni investisiya təklifləri verilmişdir. Cəlilabad şəhərində Lənkəran Hərbi Prokurorluğunun yeni inzibati binasının tikilməsi üçün torpaq sahəsi ayrılmışdır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində Respublika Hərbi Prokurorluğunun yeni doqquzmərtəbəli inzibati binası istifadəyə verilmişdir. Binanın birinci mərtəbəsində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü qoyulmuş, dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılmış, guşədə Heydər Əliyev irsinin araşdırılması məqsədilə müasir elektron kitabxana quraşdırılmışdır. Burada, həmçinin ümummilli liderimizin layiqli varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir Azərbaycanın sosial-iqtisadi, mədəni və hüquqi tərəqqisi ilə bağlı fəaliyyətini əhatə edən xüsusi guşə yaradılmışdır.
Müstəqil Azərbaycanda yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev tərəfindən respublikada vətəndaş cəmiyyətinin formalaşması, ictimai münasibətlərin nizama salınması üçün beynəlxalq standartlara cavab verən ümumbəşəri dəyərləri, milli xüsusiyyətləri özündə əks etdirən yeni qanunvericilik bazası yaradılmışdır. Elektron kitabxanada Azərbaycan Respublikasının qanunvericilik toplusu və müxtəlif sahələri əhatə edən normativ-hüquqi aktlar toplanmışdır.
Müasir standartlara uyğun tikilmiş bina bütün zəruri avadanlıq, kompyuter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz olunmuş, mebel və inventarlarla təmin edilmişdir. Binada 62 xidməti otaq, növbətçi hissə, vətəndaşların qəbulu otağı, kitabxana, iclas və kollegiya zalları, kriminalistik laboratoriya, yeməkxana, idman zalı və digər xidməti otaqlar vardır.
Oktyabrın 1-i prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və prokurorluğun yaradılmasının 95 ili tamam olur. Yubiley münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında ulu öndərin misilsiz əməyini minnətdarlıqla qeyd edirəm. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mövqe tutacaq, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərəcək, dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası baş prokurorunun müavini –
Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.