Azərbaycan mətbuatının dünəni zəngin, sabahı perspektivlidir

Dövlət başçısının sərəncamı ilə təltif olunan jurnalistlər bu fikirdədirlər
Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə imzalanan sərəncamlar ölkə ictimaiyyəti tərəfindən böyük məmnunluq və razılıq hissi ilə qarşılanır. Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş Elçin Mirzəbəyli həmin razılığı daha geniş şəkildə ifadə edir. Xatırladaq ki, Elçin müəllim "Xalq cəbhəsi" qəzetinin baş redaktorudur.
- İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmağımdan qürur duyuram və bu yüksək etimada və diqqətə görə cənab Prezidentə təşəkkürümü bildirirəm.
Qənaətimə görə, Azərbaycan milli mətbuatının 135 illiyinin yüksək səviyyədə qeyd olunması, bununla bağlı cənab Prezidentin imzaladığı sərəncamlar Azərbaycan mətbuatının tarixində yeni, həm də çox önəmli bir səhifənin başlanğıcı kimi qiymətləndirilməlidir. Dövlət başçımız milli mətbuatımızın 135 illiyi münasibətilə imzaladığı sərəncamlarla, Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışı zamanı səsləndirdiyi tövsiyələri ilə həm mediamıza, həm cəmiyyətimizə, həm də bütün dünyaya çox önəmli mesajlar verdi, mətbuatımızı inkişafa doğru aparacaq hədəfləri göstərdi. Azərbaycan Prezidentinin sərəncamları, milli mətbuatımızın 135 illiyi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər sübuta yetirdi ki, Azərbaycan dövləti öz mətbuatının inkişafında, söz və fikir azadlığının qorunmasında maraqlıdır, tərəfsizdir və siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlarına bərabər münasibət bəsləyir.
Təbii ki, Azərbaycan mətbuatının öz yolu, öz inkişaf perspektivləri, öz missiyası var. Azərbaycan mətbuatı Həsən bəy Zərdabi ənənələrinə, milli-mənəvi dəyərlərimizə söykənərək inkişaf etməli, maarifçilik missiyasını bir an da olsa unutmamalıdır. Bu baxımdan, cənab Prezidentin mətbuatla bağlı tövsiyələrində yer alan bütün fikirlər mətbuatımızın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən konsepsiya kimi qəbul olunmalı və hər bir kəs tariximizə, mədəniyyətimizə, dövlət maraqlarımıza münasibətdə bu tövsiyələri öz fəaliyyət kredosuna çevirməlidir. Bu gün dövlətimizin mətbuta olan münasibətdə sərgilədiyi ən önəmli cəhətlərdən biri də konseptual yanaşma tərzidir. Azərbaycan dövləti mətbuatın inkişafını vahid və mükəmməl bir konsepsiya əsasında, pillə-pillə, addım-addım həyata keçirir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sərəncamlarına, göstəriş və tövsiyələrinə uyğun olaraq atılan bütün addımlar milli mətbuatımıza böyük perspektivlər vəd edir.
Bu prosesin əsası heç şübhəsiz ki, ümummilli liderimiz tərəfindən qoyulub və bu gün də uğurla həyata keçirilməkdədir. Son bir il ərzində reallaşdırılan tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının gerçəkləşdirdiyi layihələr nəticəsində jurnalistlərin sosial problemlərinin aradan qaldırılması, mətbuat orqanlarının maddi-texniki bazasının yüksəldilməsi istiqamətində xeyli ciddi addımlar atılıb. Prezident Administrasiyası mətbuatımızın inkişafına xidmət edən bütün təşəbbüslərə ciddi dəstək verməklə bu sahədə bir zamanlar sadəcə arzu oluna biləcək irəliləyişlərin əldə edilməsinə ciddi zəmin yaradıb. Mən Azərbaycan mətbuatının gələcəyinə inamla baxıram. Çünki mətbuatın arxasında güclü, qüdrətli və daim inkişafda olan Azərbaycan dövləti dayanıb.

{nl}


Hazırladı: İ. QAÇAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında