Sumqayıtda “Şəhər günü” təntənə ilə qeyd edildi

 

Gələn il 65 yaşı tamam olacaq Sumqayıt şəhəri sosial-iqtisadi inkişafın əsl nümunəsi  sayıla bilər. Burada tərəqqi də var, əhalinin mədəni-kütləvi tədbirlərə elliklə cəlb olunması üçün göstərilən təşəbbüslər də gözəl ənənəyə çevrilir.

Neçə gündən bəri şəhərin müxtəlif yerlərində musiqi sədaları eşidilir, milli geyimli oğlan və qızlar  xüsusi qurulmuş yerlərdə rəqs edir, şənlənirdilər. Bayramsayağı bəzədilmiş maşınların səsgücləndiriciləri vasitəsilə sakinlərə qarşıdakı “Şəhər günü” bayramına çağırışlar səslənir, milli  və dünya musiqilərindən örnəklər  xoş bir aura yaradırdı.

“Şəhər günü”nü keçirmək üçün hazırlıqlar sentyabrın 24-də “zirvə” həddinə çatdı və həmin gün keçirilən təntənəli mərasimdə özünün fərəhli nəticələri ilə ürəkləri fəth elədi. Şəhər sakinlərinin, dövlət rəsmilərinin qarşısında bayrama qatılan yerli təmsilçilər və sazlı-sözlü qonaqlar mərasimin maraqlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər.

“Şəhər günü” öz başlanğıcını ümummilli lider Heydər Əliyev prospektindən götürdü.   Şəhər rəhbərliyi və qonaqlar – Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Pompeu şəhərinin vitse-meri Emilio Sabonara və başqaları unudulmaz dahi şəxsiyyətin abidəsi önünə tər çiçək dəstələri düzdülər.

Şəhər başdan-başa bayram libasına bürünüb gülümsəyirdi. Dəvə karvanı, elektromobillər üzərində “daşınan” nağıl qəhrəmanları mərasimə məxsusi rəng qatırdı.

Mərasim Corat qəsəbəsində davam etdirildi. Son dövrlərdə bu qədim yaşayış məntəqəsində xeyli abadlıq işləri aparılmış, yollar təmir olunaraq asfaltlaşdırılmış, sosial sahə genişləndirilmişdir. Qəsəbənin girəcəyindəki qala divarları üzərinə düzülən toplar, keçmişi xatırladan bazar meydanı, ulu nəğmələr seyrçiləri xəyalən tariximizin ilkin dövrlərinə aparıb çıxardı. Milli adət-ənənələrimizi əks etdirən çeşidli sərgilər, bir-birindən maraqlı eksponatlar hər kəsi gözəlliyi ilə heyran qoydu.

Meydanda qurulan səhnələrə, təqdim olunan tamaşalara baxdıqca adam özünü sanki böyük bir izdihamın mərkəzində hiss edirdi. Mərasimə qədim Roma döyüşçülərinin – Pompeyin Qafqaz yürüşü iştirakçılarının “gəliş”i,  vuruş səhnələri ecazkar təsir bağışladı. Sərhəd qoşunları xüsusi dəstəsinin əsgərləri də məharətlərini uğurla nümayiş etdirdilər. “Terrorçu qrup”un zərərsizləşdirilməsi, əlbəyaxa döyüşlər cəsur və inamlı sərhədçilərimizin yüksək hazırlığından, Vətənə hədsiz sevgisindən soraq verirdi. Bayramın şəninə qala divarları üzərindəki toplardan dənizə yaylım atəşləri açıldı.

Müxtəlif nazirlik və  xarici ölkə səfirlikləri nümayəndələrinin, Milli Məclisin deputatlarının, qonşu rayonların icra başçılarının, ictimai təşkilatların təmsilçilərinin qatıldığı “Şəhər günü” Sumqayıtın Bayraq meydanında davam etdirildi. Hərbçilərin improvizə etdikləri parad, nümunəvi çıxışlar yaddaşlara yazıldı. Nəfəsli alətlər orkestrinin ifa ediyi marşlar bayram ruhunu daha da artırırdı. Hərbi texnika, atlı igidlər, velosipedçi və  motosikletçilər, kartinqçilər meydandan ötdülər. Məktəblilərin respublika  “Şahin” hərbi-idman oyunlarının qalibləri  öz hünərlərini sərgilədilər. Qırıcı təyyarələrin pilotları isə ecazkar avia-şou ilə Sumqayıt səmasında özünəməxsus “avtoqraf” cızdılar.

Rusiyanın  Sankt-Peterburq şəhərinin “Barabançı qızlar”ı, Qax, Qusar, Salyan Masallı və İsmayıllı rayonlarından gəlmiş folklor-musiqi qrupları bənzərsiz çıxışları ilə bayram iştirakçılarını valeh etdilər. Məktəb şagirdləri və uşaq bağçalarının yetirmələri də bayramın rəngarəng axınında diqqətdən kənarda qalmadılar.

-Sumqayıtın inkişafı Azərbaycan rəhbəri İlham Əliyevin daimi diqqətindədir,-deyə icra hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirdi.-Bu bayramın yaratdığı quruculuq ruhu irəliləyişimizə güclü təkan verəcək.

Sakinlər doğma şəhərdə  baş verən son dəyişiklikləri və həyata keçirilən möhtəşəm layihələri  ürəkdən bəyəndiklərini, abadlıq işlərindən razı qaldıqlarını söylədilər. Xüsusi vurğulandı ki, Sumqayıt ulu öndərin ideyalarının təcəssümü olması ilə iftixar hissi yaradır. Şəhər özünün əsl intibah dövrünü  yaşamaqdadır.  Sumqayıtın bugünkü gözəl növrağı, göz-könül oxşayan toy-büsatı  ürəkləri riqqətə gətirir.

“Şəhər günü” bayramı bütün gün ərzində davam etdi. Axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın xüsusi konsert proqramı bayram mərasiminin son akkordu kimi xüsusilə yaddaqalan oldu.  

Hər bir sumqayıtlının böyük sevincinə səbəb olan növbəti şəhər bayramı atəşfəşanlıqla başa çatdı və ömürlərə yazılan bir gün oldu.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin  bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında