Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillər və avtomobillər verilmişdir

 

Sentyabrın 25-də Xaçmazda  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni yaşayış binası istifadəyə verilmişdir. Eyni zamanda, bölgədə yaşayan müharibə əlillərinə 11 ədəd NAZ-Lifan markalı minik avtomobili təqdim edilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həllinə göstərilən yüksək dövlət qayğısından danışmışlar. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin prioritetlərindən biri olmuşdur. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığı ilə son illər əlillər və şəhid ailələri üçün evlərin tikintisi daha da sürətlənmişdir.

Diqqətə çatdırılmışdır ki,  son 10 ildə bu məqsədlə respublikanın müxtəlif bölgələrində 4 mindən çox ev və mənzil inşa edilərək  istifadəyə verilmişdir. Yaxın günlərdə Qax rayonunda əlil və şəhid ailələri üçün tikilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi planlaşdırılır. Hazırda Bərdə və Şamaxı rayonlarında 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarında isə 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunmaqdadır. Həmin binaların ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Son 10 ildə müharibə əlillərinə 2800-dən çox minik avtomobili verildiyini qeyd edən nazir demişdir ki, 2013-cü ildə bu məqsədlə ayrılmış daha 280 avtomobildən 180-i  sahiblərinə çatdırılmışdır. Xaçmaz rayonunda 193  Qarabağ müharibəsi əlili və 224 şəhid ailəsi qeydiyyata götürülmüşdür ki, onlardan 71-i mənzil,  33-ü isə avtomobil ilə təmin edilmişdir.

Tədbirdə çıxış edən əlillər və şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Daha sonra orderlər və avtomobillərin açarları sahiblərinə təqdim olunmuşdur.

Sonda mənzillərə baxış keçirilmişdir. Məlumat verilmişdir ki, binada müasir istilik sistemi quraşdırılmış, mənzillər mətbəx avadanlığı ilə təchiz edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında