Sabitliyə, inkişafa, xoşbəxt gələcəyə səs verəcəyik

 

 

 

Goranboyda hamı belə düşünür,

seçki gününü səbirsizliklə gözləyir

...Qaşaltı kəndindən çıxan kimi geniş, rahat asfalt yol Tapqaraqoyunluya uzanır. Bu kənd qəribə coğrafi ərazidə yerləşir. Murovun sinəsinə çıxmış Tapqaraqoyunluya yaxınlaşdıqca adama elə gəlir ki, evlər addımbaaddım dağların zirvəsinə yaxınlaşır. Bəlkə, elə ona görə özü də dağların qoynunda bir dağa bənzəyir...

Qarabağ müharibəsində başı çox müsibətlər çəkmiş, çox itkilər vermiş, lakin bir addım da olsun geri çəkilməyən, dözüm, iradə və qəhrəmanlıq nümunələri göstərən, düşmənin, necə deyərlər, ikiaddımlığında yerləşən Tapqaraqoyunluya çox səfərlərim olub. Bu dəfəki gəlişim isə xoş bir təsadüfə düşmüşdü: kənddə bir gündə iki açılış vardı. Murov-Goranboy magistral su kəmərindən Tapqaraqoyunluya ayrıca xətt çəkilmiş və buradakı orta məktəbdə 16 otaqdan ibarət əlavə korpus, o cümlədən idman və iclas zalı, laboratoriya və fənn kabinetləri tikilib başa çatdırılmışdır.

Sözsüz ki, tikilən, qurulan və istifadəyə verilən bütün obyektlərin açılışı insanlara sevinc və fərəh gətirir, inkişaf və irəliləyişdən xəbər verir. Ancaq etiraf edək ki, bilavasitə cəbhə xəttində, yağı düşmənlə üz-üzə dayanan, demək olar ki, hər gün hücum və atışmaya məruz qalan yaşayış məntəqələrində belə açılışlar, təntənələr ikiqat-üçqat əhəmiyyətlidir. Təsadüfi deyildir ki, həmin gün Tapqaraqoyunludakı mərasimlərdə rayon rəhbərliyi, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri ilə yanaşı, qonaqlar da iştirak edirdi.

Tapqaraqoyunlu kəndində içməli və suvarma suyu ilə bağlı problem onilliklər boyu öz həllini gözləyirdi. Erməni işğalından sonra vəziyyət daha da dözülməz oldu. Belə ki, hər iki suyun mənbəyi namərd düşmən nəzarətindədir. Dəfələrlə kənd cavanları gecənin ay işığında çətin meşə və dağ cığırları ilə suyun mənbəyinə qədər getmiş, vəziyyəti heç olmasa bir neçə günlüyə olsa da düzəltməyə çalışmışlar. Hətta bu yolda ölənlər, yaralananlar da olmuşdur. Bununla belə, gərgin və həyacanlı vəziyyət bu günlərə qədər davam edirdi.

Budur, nəhayət, çoxdan həsrətlə gözlənilən gün gəlib çıxdı: Murov-Goranboy su kəmərindən Tapqaraqoyunluya 14 kilometr uzunluğunda ayrıca xətt çəkilmiş, hər birinin tutumu 300 kubmetr olan iki ədəd su anbarı tikilmişdir. Beləliklə də kənd sakinləri fasiləsiz və kefiyyətli içməli su ilə təmin olunmuş, müxtəlif diametrli borularla 35,6 kilometr uzunluğunda paylayıcı şəbəkə yaradılmışdır.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu mühüm sosial layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə yerli sakinləri təbrik etmişdir.

“Azərsu” ASC Birləşmiş Su-Kanal MMC-nin direktoru Etibar Məmmədov, “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, rayon mərkəzləri və ətraf kəndlərlə yanaşı, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin də içməli su təhizatı sahəsində həyata keçirilən layihələr barədə məlumat vermişdir.

Kənd ağsaqqallarından Taryel Abbasov isə bütün tapqaraqoyunluların ürək sözlərini belə ifadə etdi:

– Əbəs yerə deməyiblər ki, su aydınlıqdır, bolluq, bərəkətdir. Ancaq uzun illər 3 min nəfərə yaxın əhalinin yaşadığı bu kənd həm içməli, həm də suvarma suyundan əziyyət çəkirdi. Bu gün sevincimizin həddi, hüdudu yoxdur. Hər bir ailənin həyətinə buz kimi soyuq dağ suyu gəlir. Biz bu diqqət və qayğıya görə, əlbətdə, ilk növbədə ölkə rəhbərliyinə sonsuz minnətdarlığımızı bildiririk. Goranboy Rayon İcra Hakimiyyəti və “Azərsu” ASC-nin kollektivi isə bu mühüm layihənin vaxtında və keyfiyyətlə başa çatdırılmasında böyük əmək və fədakarlıq göstərmişlər.

Onu da əlavə edirəm ki, kəndimizdə əkin suyuna olan tələbat da ildən ilə yaxşılaşır. Məsələn, son vaxtlar burada 4 artezian quyusu qazılıb istifadəyə verilmişdir. Bu il daha 2 quyunun qazılması nəzərdə tutulmuşdur. Deməli, suvarma suyundan da heç bir çətinliyimiz olmayacaqdır.

Tapqaraqoyunlu kəndində orta məktəbdə yeni tədris korpusunun istifadəyə verilməsi təkcə müəllim və şagirdlərin deyil, valideynlərin də böyük sevincinə səbəb oldu. İndi burada dərslər birnövbəlidir, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılmışdır.

Yeri gəlmişkən, düşmənlə üz-üzə dayanan bu kənddə son illər həyata keçirilən iqtisadi, sosial və müdafiə xarakterli tədbirləri bir daha xatırladaq. Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Dövlət büdcəsindən xüsusi vəsait ayrılmışdır. Nəticədə, 63 ev yenidən tikilmiş, 28 ev əsaslı təmir olunmuş, əhalinin təhlükəsizliyi üçün 792 metr uzunluğunda 4 metr hündürlüyündə mühafizə divarları tikilmişdir. Hazırda əlavə olaraq 500 metr əlavə mühafizə divarının tikintisinə başlanmışdır. Rayon mərkəzindən Tapqaraqoyunlu kəndinə gedən yol əsaslı şəkildə təmir edilmiş, Bayraq meydanı yaradılmış, təcili qaz, elektrik enerjisi və vacib sosial məsələlər həll edilmişdir.

Biz fürsətdən istifadə edərək ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşüb söhbət etdik. Burada fəaliyyət göstərən 18 saylı seçki məntəqəsində olduq, adamların gün-güzaranı, arzu və təklifləri ilə maraqlandıq. Məlum oldu ki, seçki məntəqəsi üçün ayrıca bina tikilmiş, təmir, texniki təchizat işləri vaxtında həyata keçirilmişdir.

Söhbət zamanı məntəqənin sədri  Əmiraslan NAĞIYEV bildirdi:

– Son dəqiqləşməyə əsasən, seçicilərimizin sayı 1462 nəfərdir. Seçkilərin azad obyektiv və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Qətiyyətlə deyə bilərəm ki, sakinlərimiz öz seçimini ediblər. Sadəcə olaraq, seçki gününü gözləyirlər. Mən bu sözləri təsadüfən demirəm. Günümün çoxunu adamlar arasında keçirirəm. Onların yaşayışına, həyat tərzinə bələdəm, nə düşündüklərini, arzu və düşüncələri bilirəm. Digər tərəfdən son illər burada aparılan genişmiqyaslı tikinti-abadanlıq işləri, həyata keçirilən tədbirlər onların gözləri qarşısında baş verib. Deməli, kimin kimliyi, haqqın, ədalətin harada olduğu hamıya yaxşı məlumdur.

Bir kəndin – Tapqaraqoyunlunun timsalında son illər Goranboy rayonunda aparılan genişmiqyaslı tikinti - abadlıq və quruculuq işlərindən, inkişaf və yüksəlişdən söhbət açdıq. Əlbəttə, rayon miqyasında fakt və rəqəmlər daha böyük, görülüb başa çatdırılmış işlərin həcmi və miqyası daha genişdir. Yeri gəlmişkən, onlardan bəzilərini burada sadalamaq istəyirəm.

Əvvəlcə onu qeyd edək ki, son on ildə rayon üzrə ümumi məhsul istehsalı 3,9 dəfə artaraq 220 milyon manata, o cümlədən sənaye məhsulunun həcmi 2,7 dəfə artaraq 8,2 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 3,8 dəfə artaraq 72,8 milyon manata çatmışdır. Əsas kapitala yönəldilmiş vəsait isə 59,1 dəfə artaraq 101 milyon manat təşkil etmişdir.

Bu müddət ərzində ölkə Prezidenti dörd dəfə Goranboya tarixi səfər etmiş, rayonun sosial-iqtisadi inkişafı, habelə yol infrasturukturunun yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalamışdır. Həmin səfər və sərəncamlar isə təbiidir ki, işlərin gedişini əsaslı surətdə sürətləndirmişdir. Bütün qüvvə və səylər hərəkətə gətirilmiş, adamların əhval-ruhiyyəsi, sabaha olan inamı və ümidləri daha da artmışdır. Həm də inkişaf və yüksəliş dönməz xarakter almış, abadlıq-quruculuq işləri genişləndirilmişdir. Yeni binalar tikilmiş, yollar, körpülər salınmış, parklar, xiyabanlar, yaşıllıq zolaqları salınmışdır.

Belə bir fakt xüsusilə fərəh doğurur ki, bu müddət ərzində şəhərin, demək olar ki, bütün küçələri, o cümlədən H.Əliyev prospekti, R.Mustafayev, V.Bayramov, C.Cabbarlı, R.Rza və  S.Cavadzadə küçələri əsaslı şəkildə yenidən qurulmuşdur. Müasir işıqlandırma sistemi quraşdırılmış, yeni səkilər, yaşıllıq zolaqları salınmışdır. Şəhərə dörd tərəfdən giriş hissələri tamamilə dəyişdirilmişdir. Heydər Əliyev Muzeyi yaradılmış, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmış, ulu öndərin abidəsi ucaldılmışdır. Hazırda Heydər Əliyev mərkəzinin tikintisində işlər başa çatmaq üzrədir. Bundan başqa, YAP rayon təşkilatının, şahmat məktəbinin, qaz istismarı və su-kanal idarələrinin inzibati binaları tikilib istifadəyə verilmişdir. 2,2 hektar sahəni əhatə edən Nizami adına parkın ikinci hissəsinin, o cümlədən avtovağzal və paylayıcı elektrik şəbəkəsi üçün inzibati binaların tikintisi davam etdirilir.

Rayon ərazisində əsasən Kəlbəcər və Xocalı rayonlarından olan məcburi köçkünlər üçün 596 və 500 fərdi yaşayış evindən ibarət şəhərcik salınmış və həmin şəhərciyin açılışında Respublika Prezidenti iştirak etmişdir. Bununla bərabər, elə həmin ərazidə Naftalan şəhərində məskunlaşmış məcburi köçkün ailələrinin 9 yaşayış binası tikilib istifadəyə verilmişdir.

Aparılan tikinti-quruculuq işlərinin həcmi heç də bununla məhdudlaşmır. Məsələn, əlil və şəhid ailələri üçün 8 və 16 mənzilli yaşayış binası, 2000 yerlik şəhər stadionu, “Gənclər” parkı, “Gənclər” evi, “Goranboy” mehmanxanası, Rəsm qalareyası, üzgüçülük hovuzu, 18 tibb məntəqəsi, 7 körpü tikilmişdir. Hazırda 54 mənzilli binanın tikintisinə başlanmışdır.

“Goranboy şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində 45,2 kilometrlik Murov-Goranboy su kəməri, 109,6 kilometr şəhərdaxili su xətti, 81,7 kilometr kanalizasiya xətti çəkilmişdir.

Nəzərdə tutulmuş müddətdə rayon tarixində ən yüksək göstərici-31 məktəb binası tikilib istifadəyə verilmiş, 9 məktəb isə əsaslı təmir edilmişdir. Qızılhacılı qəsəbə 2 saylı, Nərimanlı, Yenigöl, Əlirzalı, Məşədiqaralar, Alpoud, Quşçular, Dəliməmmədli kənd məktəblərinin tikintisi artıq başa çatmışdır. Goran qəsəbə, Nıralı, Yenidaşkənd, Qarasuçu, Fəxralı kənd məktəblərinin tikintisi isə davam etdirilir.

Aparılan ardıcıl tədbirlərin, müxtəlif təyinatlı müəssisəsinin işə düşməsi nəticəsində 2003-2013-cü illərdə rayon üzrə 17254 yeni iş yeri açılmışdır ki, bunun da 7544-ü daimidir.

Bəli, Goranboy rayonunda son illər əldə edilmiş nəticələrin, aparılmış təhlil və araşdırmaların, fakt, rəqəm və göstəricilərin qısa müqayisəsi bax belədir. Göründüyü kimi, inkişaf və irəliləyiş dinamik xarakter almış, tikinti-abadlıq və quruculuq işləri bütün şəhərləri əhatə etmişdir. Hazırda rayonda aparılan işlər, həyata keçirilən tədbirlər daha böyük hədəflərdən xəbər verir.

Goranboylular ölkəmizin, xalqımızın həyatında tarixi hadisəyə çevrilərək növbəti prezident seçkilərinə belə bir yüksək əhval-ruhiyyə, uğurlu nəticələr, böyük inam və arzularla gedirlər. Rayonda 2 seçki dairəsi - 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri fəaliyyət göstərir. Seçkilərin ümumi sayı isə 51680 nəfərdir. Biz bu yazı üzərində işləyərkən həmin seçki dairələrində və ayrı-ayrı məntəqələrdə olduq, seçkilərə hazırlığın vəziyyəti ilə maraqlandıq, adamların ürək sözlərini, arzu və istəklərini dinlədik. Onlardan bəzilərinin fikirləri ilə siz də tanış olun.

Arif ABBASOV, 96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasının sədri:

– Bütün işlərimizi mövcud əsasnamə və təlimat əsasında qurmuşuq. Hazırlığımız yüksək səviyyədədir. Hər gün dairəyə onlarla insan gəlir, ümumi işlərimizə kömək etmək arzusunda olduqlarını bildirir, arzu və təkliflərini dilə gətirirlər. Demək istəyirəm ki, artıq öz seçimimizi etmişik. Axı, hamı hər şeyi yaxşı görür. Seçicilər bugünkü sabitlik və inkişafa, daha xoşbəxt və işıqlı sabaha aydın, aşkar və şəffaf şəkildə səs verəcəklər.

Onu da əlavə edim ki, dairəmizin Goranboy rayonu üzrə 39, Naftalan şəhəri üzrə isə 4 seçki məntəqəsi fəaliyyət göstərir. Hər gün məntəqələrlə əlaqə saxlayır, işlərin gedişi ilə maraqlanırıq. Hələlik heç bir çətinlik və problem yoxdur. İnanıram ki, axıradək belə olacaq, növbəti prezident seçkiləri obyektiv və ədalətli şəkildə başa çatdırılacaqdır.

Mühəndis İSMAYILOV, müəllim:

– Kim istəməz ki, yaxşı yaşasın, ixtisasına, qabiliyyətinə uyğun iş yeri olsun, yüksək əmək haqqı alsın. Əlbəttə, bunu hamı istəyir. Bunu ona görə deyirəm ki, axı, bizim çoxumuz anarxiyanı, başıpouzluğu, dərəbəyliyi görüb. Elə bunun nəticəsi deyilmi ki, cəbhə xətti gəlib Tapqaraqoyunlunun 100-150 metrliyinə çatıb. Bunları unutmaq olmaz.

Bütövlükdə, respublikamızda gedən dinamik inkişaf və yüksəlişi Goranboyun, elə bizim Tapqaraqoyunlunun timsalında aydın görmək olar. Deməli, hamının arzusu, məqsəd və diləyi budur: sabitliyə, yüksəlişə, inkişaf və xoşbəxtliyə səs vermək!

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında