Ölkəmizin neft-qaz ehtiyatlarının hasilatı və nəqli üçün tələb olunan infrastrukturun yaradılması neft sənayesində çalışan inşaatçıların fədakar əməyindən çox asılıdır. Bu sadə həqiqəti dərk edən “Neftqaztikinti” Trestinin tikinti-quraşdırma idarələrinin əmək kollektivləri son illər dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün səylə çalışırlar.
Trestin qabaqcıl müəssisələrindən sayılan 8 saylı tikinti-quraşdırma idarəsinin kollektivi də “Neftçilər Günü”nü yüksək iqtisadi göstəricilərlə, ölkəmizin neft-qaz sənayesi üçün son dərəcə vacib olan layihələrin icrası sahəsində qazandığı uğurlarla qarşılayır. Onu da deyək ki, neft sənayesi və qaz təsərrüfatında bir sıra mühüm infrastruktur layihələrinin adıçəkilən idarəyə həvalə olunması, ilk növbədə, kollektivə olan yüksək inam və etimadın nəticəsidir. Dövlət qayğısından ruhlanan inşaatçılar da bu etimadı doğrultmaq üçün səylə çalışırlar.
Son illər dənizdə inşa olunmuş bir sıra hidrotexniki qurğular, estakadalar, suyun dərinliyi 70 metrədək olan ərazilərində quraşdırılmış stasionar dəniz özülləri məhz bu kollektivin gərgin əməyinin bəhrəsidir. Bundan əlavə, idarənin kollektivi quruda da bir sıra obyektlərin tikintisində fəallıq göstərir, neft və qaz kəmərləri çəkir, neftyığma məntəqələri, kompressor qurğuları və sosial obyektlər inşa edir. Bütövlükdə isə istehsalat təyinatlı obyektlərin əsaslı tikintisi və təmiri ilə məşğul olan 8 saylı tikinti-quraşdırma idarəsi hazırda Pirallahı sahəsində, “Bulla dəniz” və “Bahar” yataqlarında, eləcə də Qala və Buzovna ərazilərində stasionar dəniz özüllərinin, estakadaların, yanalma körpülərinin, hidrotexniki qurğuların, texnoloji xətlərin, sosial və sənaye obyektlərinin tikintisi və təmirini həyata keçirir.
“Abşeronneft” NQÇİ-nin quruda və dəniz akvatoriyasında yerləşən mühüm obyektləri üzrə əsaslı təmir işləri də 8 saylı tikinti-quraşdırma idarəsinin başlıca fəaliyyət istiqamətlərindən sayılır. Son zamanlar Pirallahı neftçilərinin sifarişi əsasında stasionar dəniz özüllərində, əmtəə çənləri parklarında, estakadayanı və minik meydançalarında, eləcə də emalatxana və nasosxanalarda əsaslı təmir işləri aparılmış, yeni obyektlər inşa edilmişdir. Belə ki, cari ilin ötən dövründə “Abşeronneft” NQÇİ-nin şimal estakadasının 203 və 562 saylı meydançalararası hissəsinin əsaslı təmirini keyfiyyətlə yerinə yetirən inşaatçılar “Darvin bankəsi” yatağında 8 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulmuş 740 saylı stasionar dəniz özülünün tikintisini vaxtında başa çatdırmışlar. İdarənin kollektivi “Abşeronneft” NQÇİ-nin sifarişi ilə şimal estakadasının 60 saylı estakadayanı meydançasının genişləndirilməsi, eləcə də 4 və 5 saylı kompressor stansiyalarını birləşdirən qaz kəmərinin tikintisi layihələrini də yüksək keyfiyyətlə yerinə yetirmişdir. Bundan əlavə, inşaatçılar “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 1140 saylı meydançada 14 ədəd maili quyunun qazılması üçün yerüstü obyektlərin və “Şimali Pirallahı” yatağında qazılacaq 1211 saylı horizontal quyunun tikintisi layihələrini başa çatdıraraq işçi komissiyaya təhvil vermişlər. “Neft Daşları” yatağında 12 ədəd istismar quyusunun qazılması üçün 2150 saylı stasionar dəniz platforması da bu ilin ötən dövründə kollektivin həyata keçirdiyi uğurlu layihələrdəndir.
İdarənin kollektivi hazırda neft sənayesi üçün vacib olan yeni-yeni obyektlərin tikintisi və əsaslı təmiri ilə bağlı işləri davam etdirirlər. “Abşeronneft” NQÇİ-nin şimal estakadasının 1 və 2 saylı avtokeçidlərini birləşdirən hissəsinin əsaslı təmiri obyektləri, adıçəkilən idarənin yığım-nəql sisteminin yenidən qurulması, “Şimal qırışığı” yatağındakı 8 və 9 saylı 6/0,4 kilovoltluq yarımstansiyalarını və onları qidalandıran 6 kilovoltluq hava elektrik ötürücü xəttinin, “Abşeron bankəsi” yatağında yerləşən 11 və 51 saylı stasionar dəniz özüllərinin, eləcə də “Gürgan” yatağında 210 saylı stasionar dəniz özülünün əsaslı təmiri işləri məhz bu qəbildəndir. Bundan əlavə, 8 saylı tikinti-quraşdırma idarəsinin kollektivi “Qərbi Abşeron” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 20 saylı, 28 May NQÇİ-nin sifarişi ilə “Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 112 saylı stasionar dəniz özüllərinin, Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin Pirallahı adasında yanalma körpüləri kompleksinin inşası, eləcə də Dübəndi neft-yığım məntəqəsində 11 saylı əmtəə çənləri parkının köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin yaradılması və s. işlər də sürətlə davam etdirilir.
İdarənin rəisi Zakir Kərimov dedi: – Son illər neft sənayesi işçilərinə dövlət qayğısı getdikcə artırılır. Bu qayğını kollektivimizin hər bir üzvü yaxından hiss edir. Elə cari ilin yazında idarəmizin yeni inzibati bina ilə təmin olunması da məhz bu qayğının nəticəsidir. Xatırladım ki, yeni bina ən müasir texniki avadanlıqlarla, mebel və məişət cihazları ilə tam təchiz olunmuşdur. Bundan əlavə, xidməti otaqlara kompyuterlər verilmiş, internetə çıxış təmin edilmişdir. Binada, həmçinin müasir isitmə-soyutma sistemi yaradılmış, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Yeri gəlmişkən, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov tərəfindən mühüm layihələrin icrasının daimi nəzarətdə saxlanması kollektivin məsuliyyətini birə beş artırır. İdarəmizdə peşəkar kadrlar, bacarıqlı işçilər çoxdur. 1 və 3 saylı istehsalat sahələrinin rəisi İlham Seyidov və Kərimxan Cəriyev, eləcə də quraşdırıcılar Əfqan Salehov, Ülvi Sadıxov, Anar Əsgərov və elektrik qaz qaynaqçısı Etibar Baxışov məhz belələrindəndir. Bütövlükdə isə qazanılmış bütün uğurlar kollektivimizin birgə əməyinin nəticəsidir...
Səhifəni hazırladı:
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.