“ASAN xidmət” mərkəzləri vasitəsilə indiyədək 475 min insana xidmət göstərilmişdir

 

 

 

 “ASAN xidmət” mərkəzləri vasitəsilə indiyədək 475 min insana xidmət göstərilmişdir.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov sentyabrın 18-də 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində keçirdiyi mətbuat konfransında demişdir.

 İ.Kərimov 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi haqqında məlumat verərək bildirmişdir ki, sentyabrın 25-dən fəaliyyətə başlayacaq yeni mərkəz Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının 460 mindən çox əhalisinə xidmət göstərəcəkdir.  Bildirilmişdir ki, Bakının üç rayonunda və Sumqayıtda “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. Artıq paytaxtın 9 rayonunun əhalisi bu xidmətlərdən istifadə edir. Yaxın vaxtlarda Sabunçu, Xəzər və Pirallahı rayonlarının sakinləri də “ASAN xidmət” Mərkəzinin xidmətlərindən istifadə edəcəklər. Tezliklə Gəncədə “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayacaqdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında “ASAN xidmət” Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Əsas məqsəd mümkün qədər çox yerdə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi və vətəndaşların rahatlığının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsidir.

Diqqətə çatdırılmışdır ki, vətəndaşların məmnunluğunun səviyyəsini öyrənmək üçün “ASAN xidmət” mərkəzlərində elektron rəy sorğusu xidmətləri göstəriləcəkdir. Eyni zamanda, mərkəzlərdə “Skype” köşklər quraşdırılmışdır ki, bu köşklər vasitəsilə vətəndaşların “online” qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaqdır. Bu xidmətlər artıq 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində göstərilir.

Agentliyin sədri qeyd etmişdir ki, hələlik “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edə bilməyən regionlarda səyyar avtobuslar fəaliyyət göstərir. Artıq 14 rayonda 25 rayonun 40 min əhalisinə səyyar avtobuslar vasitəsilə xidmət göstərilmişdir.

İ.Kərimov demişdir ki, sentyabrın 1-dən etibarən respublikada biometrik ümumvətəndaş pasportlarının verilməsinə başlanılmışdır. Pasportların verilməsi Daxili İşlər Nazirliyinin müvafiq məntəqələri ilə yanaşı, “ASAN xidmət” mərkəzlərində də icra olunur.

Bildirilmişdir ki, bütün regionlarda “ASAN xidmət” şəbəkəsi tam təmin olunduqdan sonra hansı rayonda qeydiyyatda olmasından asılı olmayaraq, hər bir vətəndaş istənilən yerdə mərkəzə müraciət edə biləcəkdir. Hazırda vətəndaşlar qeydiyyat yerindən asılı olmayaraq, sürücülük vəsiqəsinin verilməsi, notarial xidmətlər daxil olmaqla bəzi xidmətlərdən yararlana bilirlər.

Məlumat verilmişdir ki, “ASAN xidmət”in və Vergilər Nazirliyinin birgə layihəsi olan “ASAN imza” vasitəsilə vətəndaşlar artıq öz sənədlərini elektron qaydada imzalayaraq aidiyyəti dövlət qurumlarına təqdim edə biləcəklər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında