Bu gün Azərbaycanın dünyanın həm iqtisadi, həm mədəni, həm də siyasi xəritəsində önəmli bir yeri var. Müstəqillik qazanandan bu yana əldə olunmuş nailiyyətlər, qazanılan uğurlar vətənimizin təkcə şöhrətini deyil, həm də onun bir dövlət və ölkə kimi beynəlxalq aləmdə yerini, vəzifəsini müəyyənləşdirmişdir, ona qüdrətli bir dövlət statusu qazandırmışdır.
Millətimizin imzası var artıq imzalar içində. Azərbaycanla artıq dünya məkanında hesablaşır, istər beynəlxalq qurumlarda, istərsə də dünyəvi ictimai-siyasi tədbirlərdə onun səsini eşidir, siyasətini dəstəkləyirlər. Bu gün ölkəmiz təkcə nüfuzlu beynəlxalq tədbirlərə qoşulmur, həm də bir çox mədəni, iqtisadi və siyasi tədbirlərə ev sahibliyi edir. Mən bu tədbirlərin hər birini ayrı-ayrılıqda sadalamaq istəmirəm. Hesab edirəm ki, bu barədə xeyli mütəxəssis sözləri, mütəxəssis fikirləri deyilib, bundan sonra da deyiləcəkdir. Ölkəmizə gələn ictimai-siyasi xadimlər, qonaqlar və turistlər Azərbaycanın son illərdə əldə etdiyi misli görünməmiş nailiyyətlərdən və xalqımızın uğurlarından, ölkəmizdə gedən inkişafdan, iqtisadiyyatın durmadan tərəqqi etməsindən söz açırlar. Biz dünyanın ən yaxşı ənənələrini əxz etməklə yanaşı, həm də öz milli ənənələrimizi, maddi-mədəni irsimizi dünyanın diqqətinə çatdırır, bir millət və xalq kimi nailiyyətlərimizlə haqlı olaraq öyünürük.
İnamla demək olar ki, bu gün inkişafdan qalan nə şəhər və kəndimiz var, nə də qəsəbəmiz. Min kilometrlərlə çəkilən, dünya standartlarına uyğun avtomobil yolları, ölkəmizi Avropa və Qərblə birləşdirən neft, qaz kəmərləri və digər bu kimi məsələləri saymaqla qurtaran deyil. Bu bir faktdır ki, indi dünya özünün iqtisadi və maliyyə böhranını yaşayır. Respublikamızda həyata keçirilən davamlı inkişaf strategiyası bizi nəinki bu iqtisadi böhrandan xilas etdi, əksinə, dünyada bu iqtisadi böhran yaşana-yaşana biz misilsiz bir inkişafa imza atdıq.
Azərbaycanda qeyri-hökumət təşkilatlarına göstərilən diqqət və qayğı, onlara edilən dövlət yardımları bu qurumların səmərəli fəaliyyət göstərməsinə geniş üfüqlər açır. Artıq ölkəmizdə ad-san çıxaran və mən deyərdim ki, dünyada tanınan qeyri-hökumət təşkilatlarımız vardır. Regionların İnkişafı İctimai Birliyi səkkiz ildən artıqdır ki, fəaliyyət göstərməkdədir. Ölkə başçısı tərəfindən bir-birinin ardınca imzalanmış “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ondan irəli gələn vəzifələrin icrasına yardımçı olan birliyimiz bu illər ərzində üç yüzə yaxın layihə həyata keçirmişdir. Bunların sırasında ən önəmli yeri təhsilə, tədrisə, Azərbaycan gəncliyinin mədəni, elmi səviyyəsinin durmadan yüksəlməsinə xidmət edən neçə-neçə layihələr həyata keçirilmişdir. Ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilən uğurların geniş ictimaiyyətə çatdırılması, tariximizin, ədəbiyyatımızın, milli-mədəni irsimizin araşdırılması və təbliği, təhsilin inkişafı, elmi-pedaqoji kadrların, yetişməkdə olan gənc nəslin təlim, tədris və digər problemlərinin həllinə yardımçı olmaq, onların dövlətçiliyimiz ətrafında daha sıx birləşməsi məsələlərini özünün başlıca prioriteti hesab edən ictimai birliyimiz bu cür layihələri bundan sonra da genişləndirəcək, xalqımıza və dövlətimizə öz gücü və imkanları daxilində kömək göstərəcəkdir.
İnamla demək olar ki, Regionların İnkişafı İctimai Birliyi ölkə başçısının söylədiyi “İqtisadi potensialımızı insan kapitalına çevirməliyik” tövsiyəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir və keçirməkdədir. Tərəfimizdən Şəmkir, Gədəbəy, Qazax, Bakı şəhərinin Sabayıl rayonunda olimpiada qalibləri olan məktəblilərə təqaüdlər verilmişdir. Bir çox rayonlarda səkkiz fənn üzrə “İlin ən yaxşı müəllimi” müsabiqəsi keçirilib, qaliblərə Regionların İnkişafı İctimai Birliyinin və müvafiq rayon icra hakimiyyətlərinin diplom və hədiyyələri verilib.
Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözləri bir ictimai birlik kimi bizə daha da şaxəli fəaliyyət göstərməyə imkan yaradır. Respublikanın ali məktəbləri ilə bir çox layihələr həyata keçiririk. Buna misal olaraq, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi tələbələri arasında ictimai birliyin elan etdiyi “İqtisadiyyat və vergi siyasəti” mövzusunu diqqətə çatdırmaq olar.
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə layihə əsasında Şəmkirdə “Ən yaxşı dayanacaq”, “Ən yaxşı küçə”, “Alman evinin ən yaxşı bərpası”, “Ən yaxşı bağ” müsabiqələri elan olunmuş, qalib memar tələbələrə pul mükafatları verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutu Regionların İnkişafı İctimai Birliyinin layihəsi kimi ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Yeni Azərbaycanın qurucusu” mövzusunda Şəmkir və Gədəbəy rayonlarında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş elmi-praktiki konfranslar keçirilmişdir. Konfransda AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, tanınmış tarixçi alimlər və yerli ziyalılar məruzələrlə çıxış etmişlər.
Azərbaycanda gəncliyin inkişafı daim diqqət mərkəzində saxlanılıb. Son 10 ildə dövlət gənclər siyasəti sahəsinə ayrılmış büdcə 100 dəfə artmışdır. Gənclər təşkilatlarının sayı 5 dəfə artaraq 51-dən 250-yə çatmışdır. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların layihələrinə ayrılmış maliyyə vəsaitləri 38 dəfəyədək artmışdır.
İşlərimiz çoxdur, layihələrimiz bir-birindən maraqlı və cəzbedicidir. Mən buraya Bakıxanov adına Azərbaycan Tarix İnstitutu ilə birgə layihəmiz olan “İrəvan xanlığı” kitabının da üç dildə nəşrini əlavə etmək istərdim. Məlum olduğu kimi, bu kitab Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Eyni zamanda, cümhuriyyət sənədlərinin İngiltərə arxivlərində saxlanılan nüsxələrinin ölkəmizdə kitab şəklində nəşr olunması da uğurlarımızdan biri sayıla bilər.
Azərbaycanın iqtisadi qüdrəti getdikcə artır. Artıq ölkəmiz dünaynın inkişaf etmiş dövlətləri sırasına qoşulur. Son on ildə respublikamızda beynəlxalq standartlara uyğun yeni müəssisələr hesabına 1 milyon 200 mindən çox iş yerləri yaradılmışdır. Bu uğurlarda qeyri-hökümət təşkilatlarının da töhfəsi vardır. Biz dövlətdən mütəmadi dəstək aldıqca ölkəmizin daha da inkişaf etməsi yolunda səyimizi əsirgəmirik. Hər yerdə inkişaf, quruculuq abadlıq vardır. Artıq bu meyarlar o qədər güclüdür ki, indi regionlarda da özünü büruzə verir.
Göründüyü kimi, qeyri-hökumət təşkilatlarının və onların fəaliyyətlərinin düzgün və səmərəli qurulması ölkəmizdə gedən davamlı inkişafa özünün müəyyən töhfələrini verir. Əlbəttə, burada Azərbaycan dövlətinin və onun rəhbərliyinin qeyri-hökumət təşkilatlarına göstərdiyi diqqət və qayğı da mühüm rol oynayır. Biz Azərbaycanın çiçəkli gələcəyinə, bugününə və sabahına öz töhfələrimizi verməklə, gördüyümüz işlərdən fəxr və qürur duyuruq.
Seymur QULİYEV,
Regionların İnkişafı İctimai Birliyinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.