Dünən Respublika Prokurorluğunun Elm-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD - İƏİT) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatının ictimaiyyətə təqdim edilməsi ilə bağlı konfrans keçirildi. Tədbirdə İƏİT ekspertləri, Nazirlər Kabineti yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri, Respublika Prokurorluğunun, digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, İstanbul Fəaliyyət Planı ilə əməkdaşlıq üzrə milli əlaqələndirici Kamran Əliyev bildirdi ki, İstanbul Fəaliyyət Planı Şərqi Avropa və Mərkəzi Asiyada rüşvətxorluğa qarşı mübarizədə dəstək üzrə işçi qrupun tərkib hissəsi olaraq Azərbaycan, Gürcüstan, Ermənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ukraynada antikorrupsiya islahatları sahəsində həyata keçirilən səylərin dəstəklənməsinə yönəlmiş və 2003-cü ildə başlanmış bir təşəbbüsdür. Azərbaycan fəaliyyət planı ilə həmin ildən əməkdaşlığa başlayıb.
Kamran Əliyevin sözlərinə görə, Azərbaycan ötən illər ərzində korrupsiyaya qarşı mübarizədə bir sıra irəliləyişlərə nail olub, bununla belə, korrupsiya hallarının istintaqı və cinayət tətbiqi sahəsində imkanları daha da gücləndirməli, maraqlar toqquşması sahəsi qanunvericiklə tənzimlənməlidir.
Bu təkliflər 2010-cu il martın 31-də İstanbul Fəaliyyət Planı çərçivəsində qəbul edilmiş hesabatda yer alıb. Antikorrupsiya tədbirlərinin daha yaxşı icrasının təmin edilməsi məqsədilə Azərbaycana digər tədbirlərin həyata keçirilməsi də tövsiyə olunub. Bunlar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin imkanlarını gücləndirməkdən, şirkətlərin korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunmasına dair qanunvericiliyə təkan verməkdən, dövlət qurumları və vətəndaş cəmiyyətinin milli antikorrupsiya səylərində daha yaxından iştirakını təmin etməkdən, Azərbaycanda korrupsiyanın səviyyəsi və istiqamətlərinin daha yaxından müşahidəsindən, daha şəffaf dövlət satınalmalar sisteminin tətbiqindən, eləcə də siyasi partiyaların maliyyələşdirilməsinə daha yaxşı şəkildə monitorinq tətbiq etməkdən ibarətdir.
İdarə rəisi bildirdi ki, hesabatda Azərbaycanın son illər ərzində mühüm antikorrupsiya tədbirləri həyata keçirdiyi, bu sahədə müəyyən nailiyyətlər əldə etdiyi də vurğulanır. Bu sırada yeni Milli Antikorrupsiya Strategiyasının və Antikorrupsiya Fəaliyyət Planının qəbul edilməsi və icrası, aktiv və passiv rüşvətxorluq (rüşvət vermə və alma) əməllərinin kriminallaşdırılması və bu sahədə cinayət qanunvericiliyinin tətbiqi sahəsində potensialın gücləndirilməsi, qabiliyyətinə görə dövlət qulluqçularının işə qəbuluna dair qaydaların gücləndirilməsi, hökumətin çirkli pulların yuyulmasının qarşısının alınması üzrə imkanlarının artırılması kimi məsələlər qeyd olunur.
İƏİT katibliyinin antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran bildirdi ki, hazırkı hesabat Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə aparılmış tədbirlərin ikinci raund dəyərləndirməsini əhatə edir. Sənəd respublika hökuməti ilə uzun illər əməkdaşlıq nəticəsində meydana çıxıb və üç böyük hissədən ibarətdir. Birinci hissə dövlətin korrupsiyaya qarşı mübarizə məsələləri üzrə siyasətinə həsr olunub. Müşahidələr nəticəsində müəyyən edilib ki, bu sahədə dövlətin siyasi iradəsi mövcuddur, antikorrupsiya strategiyası və korrupsiyaya qarşı mübarizə planı qəbul edilib və icra olunur. İctimaiyyətin məsələ ilə bağlı maarifləndirilməsi sahəsində müəyyən addımlar atılıb.
İkinci hissə korrupsiyanın kriminallaşdırılması, korrupsiyaya görə cinayət məsuliyyətinin tətbiqi zərurəti ilə bağlıdır. Eyni zamanda, bu məsələ üzrə tövsiyələr nəzərdə tutulur.
Üçüncü hissədə korrupsiya hallarının qarşısının alınması ilə bağlı görülən işlər və tövsiyələr yer alıb.
İƏİT nümayəndəsinin sözlərinə görə, 2006-cı ildən bəri Azərbaycanda bir sıra sahələrdə korrupsiyaya qarşı mübarizə məsələsində irəliləyiş əldə olunub. Ancaq irəliləyişə nail olunmayan sahələr də yox deyil. Beynəlxalq ekspertlər korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın hazırlanması və icrası sahəsində görülən işləri mühüm irəliləyiş hesab edirlər. Bu, çox yaxşı bir sənəddir və bütün səylər cəmləşdirilərək onun daha yaxşı icrasına yönəldilməlidir.
Nümayəndə, eyni zamanda, görülən antikorrupsiya tədbirlərində ictimaiyyətin daha geniş şəkildə iştirakının təmin olunmasını vacib hesab etdiyini bildirdi. Onun sözlərinə görə, hesabatda ölkədə korrupsiyanın mövcud olub-olmaması ilə bağlı mütəmadi olaraq sorğuların keçirilməsi, vətəndaşların mövqelərinin öyrənilməsi ilə bağlı təkliflər də yer alıb. Bu sahə ilə məşğul olan nazirlik və digər dövlət qurumlarının fəaliyyəti gücləndirilməli, ictimaiyyətin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Xanım Olqa Savran beynəlxalq ekspertlərin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaradılmasını çox müsbət addım kimi dəyərləndirdiyini, 2007-ci ildən bəri QHT-lərlə bağlı qrant layihələrinin maliyyələşdirilməsi kimi addımları da vacib cəhətlərdən biri kimi qeyd etdiklərini bildirdi. Amma bu qurumun fəaliyyətinin gücləndirilməsinə, Milli Strategiyada nəzərdə tutulmuş məsələlərə daha yaxşı nüfuz etməsinə ehtiyac olduğunu da vurğuladı. Onun fikrincə, korrupsiya halları haqqında məlumatların toplanması və təhlili məsələsi də vacib cəhətlərdəndir və hesabatda bununla bağlı da tövsiyələr verilir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının eksperti Daniel Telesklaf korrupsiya ilə mübarizə məsələsinin bütün ölkələr, eləcə də beynəlxalq təşkilatlar üçün çox çətin bir məsələ olduğunu qeyd etdi. Bununla belə, Azərbaycanın bu sahədə böyük irəliləyişlər əldə etdiyini də xatırlatdı. Onun sözlərinə görə, ölkədə son illərdə olduqca modern bir mühakimə sistemi yaradılıb. Yəni prokurorları mühəndislərlə müqayisə etmək mümkün olsa, onların əlində kifayət qədər alət mövcuddur və bu alətlərlə korrupsiyaya qarşı çox effektli mübarizə aparmaq mümkündür.
Hesabatda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində gizli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi də tövsiyə olunur. Bu məsələdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi baş mühəndis rolunu oynamalıdır. O, bir çox hallarda Maliyyə Monitorinqi xidməti ilə birgə fəaliyyət göstərməlidir. Bu idarənin gizli bank əməliyyatlarına, dövlət qurumlarının əməliyyatlarına çıxışı olmalıdır.
İƏİT ekspertləri, eyni zamanda, dövlət qulluğuna qəbulun təşkili məsələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu və bunun korrupsiyanın qarşısının alınmasına çox müsbət təsir etdiyini bildirdilər. Onların fikrincə, işə qəbulun bu qaydaları təkcə aşağı səviyyəli dövlət qulluqçularına deyil, yuxarı vəzifələrə təyin olunanlara da şamil edilməlidir.
Ölkədə maliyyə nəzarəti sisteminin yaradılması da onların müsbət hesab etdikləri addımlardandır. Hesablama Palatası fəaliyyət göstərir, Maliyyə Nazirliyinin Təftiş Komissiyası antikorrupsiya məsələsində mühüm rol oynaya bilər. Ancaq ekspertlərin fikrincə, dövlət satınalmaları sahəsində bəzi problemlər mövcuddur. Bu sahəyə nəzarət edən qurumun səlahiyyətləri məhduddur və onun gücləndirilməsi gərəkdir. Eyni zamanda, onlar hesab edirlər ki, siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət də zəifdir. "Biz demirik ki, dövlət siyasi partiyaları öz nəzarətində saxlasın. Amma onların hansı mənbələrdən maliyyələşdiyini bilmək də vacibdir. Siyasi partiyaların fəaliyyəti, onların seçki kampaniyalarının maliyyələşməsi məsələləri ilə məşğul olan bir qurum olmalıdır. Bu qurum təkcə partiyaların hesabatını qəbul etməməli, həm də bu məsələləri təhlil etməlidir", - deyə ekspertlər bildirdilər.
İƏİT nümayəndələrinin fikrincə, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da məhkəmə sisteminə əhalinin etimadı azdır. Bu da əsasən hakimlərin toxunulmazlığının güclü olması ilə əlaqədardır. Ekspertlər bu toxunulmazlığın "ağlabatan səviyyəyə qədər azaldılmasını" təklif etdilər.
Milli Məclisin deputatı, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev verilən tövsiyə və təkliflərlə bağlı fikirlərini söylədi, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə məsələsində güclü siyasi iradəyə malik olduğunu qeyd etdi.
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.