Xətai Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanında yüksək bal toplayıb tələbə adını qazanmış rayon orta məktəblərinin məzunları ilə görüş keçirmək və onları qazandıqları uğurlara görə mükafatlandırmaq çoxdan ənənəyə çevrilib. Bu il də ənənəyə uyğun keçirilən görüşdən əvvəl rayonun təhsil işçiləri və tələbə adını qazanmış gənclər Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
İcra hakimiyyətinin geniş iclas salonunda davam edən tədbir rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun ali məktəb tələbələrinə, onların müəllim və valideynlərinin təbriki ilə başladı. Təhsildə qazanılan uğurları respublika Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirən natiq qeyd etdi ki, bu, təhsilin Azərbaycanın tərəqqi strategiyasının əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirir.
R.Məmmədov təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində əldə olunan uğurlardan söz açaraq bildirdi ki, 2012-2013-cü tədris ilində rayonun 38 məktəbində təhsilini başa vuran 2541 şagirddən 2293 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və 1536 nəfəri və ya 66, 98 faizi yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 211 nəfəri 500-600, 66 nəfəri 600 - 650, 28 nəfəri isə 650 - 700 bala qədər nəticə göstərmişdir. Xətai rayonu üzrə ali məktəblərə qəbul 66, 98 faiz olduğu halda Bakı şəhəri üzrə bu rəqəm 56, 64 faiz təşkil etmişdir.
Natiq xüsusi vurğulamışdır ki, 98 saylı tam orta məktəbin məzunu Osman Müslümov ən yüksək-700 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur. Rayonun 16 məktəbinin 28 məzunu 650 baldan yuxarı nəticə göstərmiş, 77 məzun dünyanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur. Xətai rayon məktəbləri üzrə tələbə qəbuluna görə ən yüksək nəticəni 287 saylı Zəkalar, Heydər Əliyev adına və 147 saylı texniki - humanitar liseylər göstərmişlər. 22 məktəb 60 faizdən yuxarı, 9 məktəb 50-60 faiz arası nəticə göstərərək paytaxt rayonları arasında Xətaini ön sıraya çıxarmışdır.
İcra hakimiyyətinin başçısı 2012-2013-cü tədris ilində rayonun 5 məktəbinin “İlin ən yaxşı məktəbi”, 6 müəllimin “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmasını da ötən tədris ilinin yüksək nailiyyəti kimi qeyd etdi.
Çıxışının sonunda R.Məmmədov bildirdi ki, düşünürəm, burada elan etdiyimiz uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasında prioritet elan etdiyi sahələrdən biri kimi təhsilə göstərdiyi diqqət və qayğıya bizim ən yaxşı cavabımızdır.
Sonra təbrik üçün söz alan Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki, dövlət başçısının səyi ilə ən müasir standartlarla tikilən və təmir olunan, ən yeni texnologiyalarla təmin edilən məktəblərimizdə yaxşı oxumamaq sadəcə vətəndaşlıq borcuna xilaf çıxmaq olardı. Mən çox şadam ki, bu il yenə də Xətai rayonunun orta məktəb məzunları öz vətəndaşlıq borclarını sədaqətlə yerinə yetirib, yüksək nəticələrlə rayon təhsilinin, eyni zamanda, paytaxt təhsilinin şərəfini yüksəklərə qaldırdılar. İndi tələbə adı almış bu gənclər qarşısında elm aləminə baş vurub daha yüksək uğurlar qazanmaq və Vətənimizin şərəfini yüksəklərə qaldırmaq vəzifəsi durur. Bu işdə də sizə uğurlar arzulayıram.
Bütün bu təbriklərə Milli Məclisin deputatı Səməd Seyidov və Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov da qoşularaq tədbirdə iştirak edən valideyn və müəllimlərə gözaydınlığı verdilər.
Sonra 700 bal toplamış tələbə Osman Müslümov çıxış edərək ilk növbədə belə şəraiti yaratdığına görə Azərbaycan dövlətinə və öz müəllimlərinin simasında bütün ölkə pedaqoqlarına minnətdarlığını bildirdi.
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından yüksək bal toplayıb tələbə adını qazanmış rayon məzunlarına qiymətli hədiyyələr və mükafatlar təqdim olundu.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.