Yevlaxda hamı prezident seçkiləri gününü səbirsizliklə gözləyir

 

 ... Axşamdan  xeyli  keçib.  Daha bir  iş günü sona çatıb. Şəhərə sakitlik çöküb, səs-küy azalıb,  idarə,  müəssisə  və  təşkilatlarda telefonlar susub. Belə vaxtlarda şəhər sakinləri, demək  olar ki,  elliklə Kürün  sahillərinə — Bulvara  tərəf  axışırlar.  Gərgin iş  günündən  sonra  Kürün  həzin  nəğməsi,  sərin meh,  burada  yaradılmış  gözəl   şərait  insanlara xoş əhval-ruhiyyə,  rahatlıq  və  sakitlik gətirir...

Təkcə 48  saylı   Yevlax  Seçki Dairəsində hələ də işıqlar yanır.  Telefonlar susmaq bilmir,  qaynar  iş günü  davam edir. Bizim də  yolumuz  buradır.  İş oturacaqları ilə, yeni  alınmış  avadanlıq və texniki-təchizatla, yaradılmış  şəraitlə tanış  oluruq. Bura,  sözün  əsl  mənasında, cəbhə qərargahını  xatırladır. Ayrı-ayrı  seçki  məntəqələrindən  alınan  məlumatlar  bir  daha  dəqiqləşdirilir,  əlavələr  edilir,  sabah görüləcək  işlər  müəyyənləşdirilir.

48  saylı  Dairə  Seçki Komissiyasının sədri  Yaşar  Abbasovla  söhbət  edirik:

— 10 ilə  yaxındır ki,  seçki  dairəsinin sədriyəm.  Bu  müddət ərzində   dəfələrlə  seçki  keçirmişik.   Ancaq  etiraf  edim ki,  heç vaxt  bu  ilin  payızında  keçiriləcək prezident  seçkiləri adamlarda bu  qədər  maraq  və  həvəs oyatmamışdır.  Bu,  özlüyündə olduqca fərəhli  bir  haldır  və   hər şeydən  əvvəl,  seçicilərin siyasi fəallığından, yüksək  mənəvi yetkinliyindən,  baş verən hadisələrə  həssas  və   operativ  münasibətlərindən  xəbər verir.

48  saylı  Yevlax  Seçki  Dairəsi  31  məntəqəni  əhatə edir. Burada  seçicilərin  sayı 33465 nəfərdir. Bu günə  kimi  bütün  məntəqələr üzrə seçicilərin  sayı  dəqiqləşdirilmişdir. Elə bir seçki  məntəqəsi  yoxdur ki,  təmir olunmasın,  müvafiq  mebel  və  avadanlıqla təmin  edilməsin.  Qaz, su,  elektrik   enerjisi  və s.  sarıdan  da  heç bir  çətinlik  yoxdur.  Bundan  başqa,  kəndlərə,  hətta  ən  uzaq  yaşayış  məntəqələrinə  gedən  yollar  da  təmir olunmuşdur.

İlk   tanışlığımız  9 saylı   seçki  məntəqəsində  oldu.  Bu  məntəqə Yevlax  Şəhər  Dram Teatrının  binasında  yerləşir.  Hazırlıq  işlərinin  gedişi  razılıq  doğurur.  Burada   seçici  siyahıları  tam  dəqiqləşdirilmiş,  məntəqənin  tikinti-təchizatı  razılıq  doğurur.

Söhbət  zamanı  9  saylı məntəqə seçki  komissiyasının  sədri  Şaban Həsənov  dedi:

— Gördüyümüz  kimi,  seçki   məntəqəsində  hər şey  yüksək  səviyyədədir.  Otaqların  təmirindən  tutmuş,  texniki-təminat  məsələlərinə  qədər  hər şey vaxtında  və   keyfiyyətlə  həyata keçirilmişdir.  Bir sözlə,  biz  seçki  gününü  səbirsizliklə  gözləyirik.  Ona görə  ki,   məhz  həmin  gün öz   vətəndaşlıq  borcumuzu  yerinə  yetirəcək,   növbəti  5 il  üçün inandığımız,  həyatımızı,  taleyimizi, gələcəyimizi  təmin  edə biləcək  namizədə  səs verəcəyik.

Yevlax  bu gün  ölkənin  ən abad,  yaraşıqlı  və  müasir  şəhərlərindən  birinə   çevrilmişdir.   İndi  bura,  sözün  əsl mənasında,  yaşıllıqlar,  fəvvarələr,   parklar şəhəridir.  Adamlarımızın  həyat  şəraiti,  gün-güzəranı yaxşılaşıb. Daha  zəngin  və  maraqlı  olub.

Belə  inkişaf  və  yüksəlişin  davamlı  olmasını,   daha  da   genişlənməsini   kim istəməz? Sadəcə  olaraq, yevlaxlılara  seçki  günü  məntəqələrə  gəlmək  və  öz  iradələrini  açıq,  aydın  və  şəffaf  şəkildə  ifadə  etmək  qalır.

Qoyunbinəsi  kəndi  rayonun  ən  ucqar  yaşayış  məntəqələrindən  biridir.  27  saylı   seçki  məntəqəsi  də  burada yerləşir.  Yolların  təmiri,  texniki  təchizatı,  namizədlərlə   görüş  yeri  və s.  məsələlər indiyədək  öz  müsbət həllini   tapıb. Biz  məntəqəyə  gələndə  burada  xeyli  adam  toplaşmışdı.   Öyrəndik ki, hamısı  kənd  sakinləridir.  Hamının  da  əhval-ruhiyyəsi  yüksək   idi:

— Necəsiniz — deyə  görüşdük.

— Yaxşıyıq — dedilər.  Elə bir qaranlıq  məsələ  qalmasa da  hər  gün  bura  gəlirik,  prezidentliyə  namizədlərlə   maraqlanırıq.  Kəndimizdə  son  vaxtlar yaradılan  şəraiti,  tikilən  evləri,  çəkilən  yolları  özünüz görürsünüz. Bu il məhsullarımız  da  bol oldu. Heç birimizin  heç  nədən  korluğu yoxdur. Özümüzə,   ailəmizə  ilboyu  çatacaq qədər  taxılımız, yağımız,  pendirimiz,  bağ-bostan  məhsullarımız  var.  Artığını da,  təbii  olaraq, bazara  çatdırdıq.

27 saylı məntəqə  seçki  komissiyasının  sədri Səadəddin  Rəhimov  deyir:

— 1478  nəfər seçicimiz  var.  Siyahı  artıq  dəqiqləşib.  Şahidi  olduğunuz  kimi,  adamlarımızın  həvəs  və  maraq  dairəsi  yüksəkdir.   Onlarla  söhbət  edərkən  bu   qənaətə  gəlirsən ki,  indi  adamların  siyasi  dünyagörüşü  çox  yüksəkdir,  ağı  qaradan  seçə,  haqqın,  ədalətin  harada  olduğunu  çox  gözəl  bilirlər.  Ona  görə də  möhkəm  inanırıq ki, səsvermə günü  hamı   bir  nəfər  kimi  seçki məntəqəsinə  gələcək,  öz  seçim və iradəsini  aydın,  şəffaf  şəkildə  ifadə  edəcəkdir.

Qoyunbinəsi  kəndində  121 yaşlı   Zərnişan  İsmayılova  ilə  tanış olduq.  Zərnişan  nənə  ömrü  boyu  bu   kənddə  yaşayıb, böyük  həyat yolu  keçib, çox  hadisələrin  şahidi  olub. Bu  günləri  isə   həyatının  ən  xoşbəxt  günləri hesab  edir:

—  Nəvəli,  nəticəli,  kötücəli  bir  ömür  sürürəm.  Hələlik,  Allaha  şükür,  səhhətimdən,  gün-güzəranımdan  şikayətim  yoxdur.  Heç  vaxt  kəndimizi  belə  abad,  gözəl  görməmişəm.  Hamının  kefi  kök,  damağı  sağdır.  Bu  günümüzdən  razıyıq,  sabaha  ümidlə  baxırıq. Söz verirəm,   seçki  məntəqəsinə  də  birinci mən  gələcəyəm.  Ürəyim  istəyən, yaxından  tanıdığım, ailəmi,  kəndimi,  rayonumu, ölkəmi  irəli  apara bilən  insana  səs  verəcəyəm.

Səadət Mirzəyeva  isə  bu  il  ilk dəfə seçki  kampaniyasında  iştirak  edəcəkdir.  Həyəcanını  gizlədə bilmir:

— Məncə, bu bir  gənc üçün  böyük  məsuliyyət,  həm  də  inam  və  ümid  deməkdir.  Axı,  böyük  bir siyasi  kampaniyada  iştirak  edirsən,  ölkəmiz,  millətimiz  üçün  taleyüklü  məsələdə  öz iradəni  ortaya qoyursan.  Ona  görə də  bu məsələdə  yanlışlığa  yol  vermək  olmaz.   Konkret  olaraq  mən  artıq  öz  seçimimi  etmişəm və  həmin  günü  səbirsizliklə gözləyirəm.

Əlbəttə,  mən bir  gənc  olaraq  ölkəmizi  beynəlxalq  aləmdə  daha  qüdrətli,  sabahkı  günümüzü  daha  gözəl,  inkişaf və  yüksəlişimizi  daha  sürətli  görmək  istəyirəm.  Digər  tərəfdən,  unutmaq olmaz  ki,  bizim  Qarabağ  kimi  böyük  problemimiz var.  Deməli,  səs verəcəyimiz  namizəd  həmin  problemləri  həll etməyə  qadir olan  bir  şəxsiyyət olmalıdır.

Biz 48 saylı Seçki Dairəsinin  əhatə etdiyi  11, 18,  21,  24,  28 saylı  seçki  məntəqələrinə  də  baş çəkdik.   Hər yerdə  də bu böyük  tarixi   hadisəyə  ciddi hazırlığın  şahidi  olduq.

Yevlaxda  daha  bir  seçki  ərazisi  — 49 saylı Yevlax — Mingəçevir Seçki  Dairəsi  fəaliyyət  göstərir.  Biz  həmin  seçki  dairəsində  də  olduq.  Söhbət  zamanı  49 saylı  Yevlax — Mingəçevir  Seçki  Dairəsinin  sədri  Fəxrəddin  Cabbarov  bildirdi:

— Göründüyü  kimi,  dairəmiz  müştərəkdir. 26  məntəqə  Yevlaxı, 12  məntəqə  isə Mingəçeviri  əhatə edir.  Yevlağı  əhatə edən  seçki  məntəqələrində  24244  seçici  səs verəcəkdir.  Dairə və məntəqə  binalarının  təmiri,   mebel,  texniki  təminat  və s.  məsələlər  vaxtında   öz  müsbət  həllini  tapıb.  Hər  gün  məntəqələrlə    əlaqə  saxlayır,  vəziyyətlə  maraqlanırıq. Artıq  seçicilərin  sayı tam  dəqiqləşdirilmişdir.

Demək istəyirəm ki,  adamlarımızın  siyasi  səviyyəsi,  maraq və  dünyagörüşü  əvvəlki  illərlə  müqayisədə  qat-qat  yüksəkdir.  Bunu  demək  olar ki,  hər gün  dairə  seçki  komissiyasına   gələn  seçicilərin  sayı  da   təsdiq  edir.  Onları  başa düşmək çətin deyil.   Axı söhbət sabahımızdan,  gələcəyimizdən  gedir.  Burada  konkret  mövqe,  dəqiq,  ölçülüb-biçilmiş  siyasi  xətt,  fəal  həyat  mövqeyi  tələb olunur.

Bir sözlə,  48  və 49  saylı  seçki  dairələrinin,  o  cümlədən bir sıra  seçki  məntəqələrinin  fəaliyyəti ilə  yaxından  tanışlıq,  gördüklərimiz,  müşahidə  etdiklərimiz  belə deməyə  əsas  verir ki,  Yevlaxda  hamı  bu  ilin okytabr  ayında keçiriləcək  prezident  seçkiləri  gününü  səbirsizliklə gözləyir...

Ziyəddin SULTANOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında