Bir neçə il öncə fəaliyyətə başlayanda bu tibb müəssisəsinin tez zamanda insanların etibarını qazanacağına çoxları inanmasa da, onun təsisçisi Xuraman Muradovada böyük əminlik var idi. Hər şeydən əvvəl, o, ətrafına yığdığı kollektivin peşəkarlıq səviyyəsinə yaxşı bələd idi. Digər tərəfdən, ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait də istənilən səviyyədə fəaliyyət göstərməyə imkan verirdi ki, bu da özəl bölmədə çalışanlar üçün mühüm amil sayılırdı. Məhz buna görədir ki, genefondumuzun sağlamlığı keşiyində dayanmağı qarşısına məqsəd qoyan “Laçın” klinikası qısa vaxt ərzində böyük uğurlara imza atdı. Ən müasir tibbi avadanlıqlarla təchiz edilən klinikada düzgün diaqnozun qoyulması istiqamətində görülən işlər tezliklə bəhrəsini verdi. İndi bu şəfa ocağına müraciət edənlərin sayı getdikcə artır. Ən əsası odur ki, buradan heç kəs ümidsiz qayıtmır...
Bu günlərdə “Laçın” klinikasında olduq, mütəxəssislərlə görüşüb söhbət etdik, pasiyentləri dinlədik, onların ürək sözlərini eşitdik. İlk müsahibimiz klinikanın rəhbəri Xuraman Muradova oldu. Tibb elminin andrologiya sahəsi üzrə ixtisaslaşan həkimlərin çox uğurla fəaliyyət göstərdiyi “Laçın” klinikasında baş həkim Behnam Kazeminin rəhbərliyi altında müasir dövrümüzün bəlalarından biri olan sonsuzluq probleminin həlli istiqamətində əldə olunan nailiyyətlərdən böyük qürur hissi ilə söz açan Xuraman xanım dedi: “Klinikamızda peşəkar həkim və tibb işçilərindən ibarət bir kollektiv çalışır. Onların peşəkarlığının artırılması istiqamətində də iş görülür. Tibbi mərkəzin mütəxəssisləri tez-tez xarici ölkələrdə olur, daha da təkmilləşirlər. Bu isə tibbi xidmətin səviyyəsini yüksəltməyə imkan verir”.
Qeyd edək ki, fəaliyyətini getdikcə genişləndirən “Laçın” klinikasında hazırda bir sıra müayinə və müalicə metodları tətbiq edilir. Moraterapiya biorezonans müayinə və müalicə metodudur. Bu aparatın vasitəsilə kişi və qadın sonsuzluğu, prostat vəzin xəstəlikləri, ginekoloji və uroloji xəstəliklər, həzm sistemi xəstəlikləri, sinir sistemi xəstəlikləri, nevrozlar, depressiya, allergiya və dəri xəstəlikləri, onurğa sütunu xəstəliklərinin müayinə və müalicəsi aparılır.
Hidrokolonoterapiya bağırsaqların aparat vasitəsilə ağrısız yuyulub təmizlənməsinin müasir üsuludur. Bu üsulun köməyi ilə bir çox xəstəliklərin müalicəsini qat-qat asanlaşdırmaq və artıq çəkidən azad olmaq mümkündür. Həmçinin, bağırsaqlarda əmələ gələn qəbzliyin, bağırsaqların parazit qurdlarından təmizlənməsində, kəskin və xroniki zəhərlənmələr, allergiyalarda geniş tətbiq olunur.
Fransadan gətirilmiş aparat isə əl və ayaqlardakı ağrıları, keyləşməni, venoz durğunluğunu, yorğunluğu müalicə etmək, kiçik çanaq orqanlarında iltihabi prosesin, şəkərli diabet zamanı ayaqlarda əmələ gələn trofik yaraların, tromblaşmanın qarşısını almaq olar. Aparat ətraflarda sinir əzələ keçiriciliyini bərpa edir.
Klinikada həmçinin intraterapiya, uroterapiya, bioterapiya, ozonoterapiya, endoterapiya, fizioterapiya və s. üsullardan da istifadə olunur. Dünya və Avropa standartlarına cavab verən laboratoriyalarda analizatorların köməyi ilə biokimyəvi və immunoferment üsulu ilə ümumi klinik laborator müayinələr aparılır, həmçinin hematoloji, hormonal, immunoloji, o cümlədən bakterioloji, mikrobioloji müayinələr həyata keçirilir.
Burada müalicə zamanı dərman preparatlarından az istifadə edilir, aparatlarla müalicəyə üstünlük verilir. Klinikada istifadə edilən 12 aparat məhz düzgün diaqnoz qoyub müalicə aparmağa xidmət edir. Bu aparatlar xarici ölkələrin istehsalıdır və həmin ölkələrin mütəxəssisləri tərəfindən quraşdırılıb. Yerli mütəxəssislər bu müasir aparatlardan istifadə etmək məqsədilə təlimlər keçiblər. Hüceyrə səviyyəsində diaqnostika apararaq infeksiyaların mənbəyinə nüfuz etməyə imkan verən aparatlar xəstəyə düzgün diaqnoz qoymağı təmin edir. Bundan sonra müalicə seansları təyin edilir və müalicə aparatların köməyilə aparılır.
Klinika fəaliyyətə başladığı qısa müddətdə böyük uğurlar qazanıb. Elə bu nəticələrə görə də “Laçın” klinikası Amerika Birləşmiş Ştatları Androloqlar İttıfaqının filialı kimi təsdiqlənib. Baş həkim Behnam Kazemi isə Cənubi Qafqaz dövlətləri arasında ilk dəfə həmin ittifaqın üzvü seçılib. Müraciət edənlərin böyük əksəriyyətinin bu səhiyyə müəssisəsinin işindən razılıq etməsi də klinikanın uğurlarının bir göstəricisi sayıla bilər. Dediklərimizi klinikanın rəy və təkliflər kitabına yazılan ürək sözləri, sağlamlığına qovuşan insanların minnətdarlıq dolu məktubları da təsdiqləyir.
Abşeron rayonu, Xırdalan şəhər sakini Məmmədəli Əhmədovun məktubunda oxuyuruq ki, o, 9 ildir, ailə həyatı qurub, lakin övladları olmurdu. Çox yerlərdə müalicə alsa da, xeyri olmayıb. Bir müddət əvvəl “Laçın” klinikasına müraciət edib. Doktor Kazeminin təyin etdiyi müalicə kursu uğurla nəticələnib. İndi onlar övladlarının dünyaya gələcəyi günü səbirsizliklə gözləyirlər.
Qusar rayonundan Oksana Qadjaqayevanın ünvanladığı məktubda deyilir: “Mən 7 ildir ki, ailə qurmuşam, övladım olmurdu. Televiziyada verilişə baxdıqdan sonra Bakıya gəlməyi qərara aldıq. Burada 10 günlük müalicə kursu keçdikdən 2 ay sonra hamilə olduğumu biləndə çox sevindim. Mən klinikanın bütün həkimlərinə minnətdaram. Allah sizdən razı olsun”.
Aidə Aslanova Cəlilabad rayonunun Babaxanlı kənd sakinidir. O yazır: “11 ildir ailə qurmuşam, uşağımız olmur. Həyat yoldaşımla birgə “Laçın” klinikasına gəldik, aparatların köməyilə 10 gün müalicə götürdük, 3 ay müddətində müalicəni ev şəraitində davam etdirdik. İndi 4 aylıq hamiləyəm, hər şey normal keçir. Həkimlərimlə əlaqə saxlayır, tez-tez müayinəyə gəlirəm. Bizə maddi və mənəvi dəstəyinə görə klinikanın rəhbəri Xuraman Muradovaya, baş həkim Behnam Kazemi, müalicə həkimim Vüsalə xanıma minnətdarlığımı bildirirəm".
Lalə Ağasıyevanın məktubunda da dərin minnətdarlıq hissi duyulur. O da uzun illər ailə həyatında övlad dünyaya gətirə bilmədiyini, indiyədək götürdüyü müalicələrin bir nəticə vermədiyini, nəhayət, “Laçın” klinikasında qəbul etdiyi prosedurların yüksək effekt verdiyini yazır. Ana olacağı günə sayılı günlər qaldığını yazan Lalə xanım klinikada çalışanların hamısına minnətdarlığını ifadə edir.
Təbii ki, bütün bunlar klinikada çalışan mütəxəssislərin peşəkarlığından xəbər verir. Söhbətimizin sonunda Xuraman Muradova bu gün ölkədə milli səhiyyəmizin inkişafı naminə həyata keçirilən layihələrdən, görülən işlərdən də danışdı: “Azərbaycan səhiyyəsi sürətlə inkişaf edir. O, hər zaman dövlət qayğısı ilə əhatə olunur. İstər dövlət, istərsə də özəl səhiyyə ocaqlarının fəaliyyət göstərməsinə geniş imkanlar yaradılır. Biz bunun üçün dövlət başçısına minnətdarıq”.
Klinikada olarkən kiminlə söhbət etdiksə, burada çalışan mütəxəssislərin peşəkarlığından razılıqla danışdı. Peşəkarlıq isə səhiyyə xidmətinin yüksəldilməsinə zəmin yaradır.
H.BAXŞƏLİYEV,
“Qızıl qələm” mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.