Zərdabda prezident seçkilərinə hazırlıq yüksək səviyyədədir

 

Hazırda bütün  dünyanın  diqqəti Azərbaycana yönəlib.  2013-cü il suveren respublikanın  tarixində böyük  siyasi  hadisə  kimi qalacaqdır.  Heç şübhəsiz ki,  bu  ilin  payızında  keçiriləcək  prezident seçkiləri  xalqımızın öz tarixinin yaxın demokratik ənənəsinə — azad,  ədalətli  və şəffaf  seçki  keçirmək  ənənəsinə  sadiqliyinin  daha  bir  parlaq  nümayişinə  çevriləcəkdir.  Ən  azı  ona görə ki,   ölkəmiz  demokratik  seçki  keçirməyə  qadir  olduğunu ötən seçkilərdə dəfələrlə  sübut  etmişdir.

Məlum  həqiqətdir ki, seçkilərin mütəşəkkil, azad  və  ədalətli  surətdə  keçirilməsi  dairə  və  məntəqə  seçki  komissiyalarının  bu  mühüm  siyasi   kompaniyaya  nə  dərəcədə  hazırlığından  çox asılıdır.  Biz  bu   günlərdə  Zərdab  rayonunda  olarkən,  dairə  və  məntəqə  seçki  komissiyalarının  seçkilərə hazırlığı  ilə tanış  olarkən  bir daha  bunun  şahidi  olduq.

Əvvəlcə  92  saylı  Zərdab — Ucar  Seçki  Dairəsində  olduq. Burada müşahidə etdiklərimiz və  şahidi olduqlarımız, yaradılan  şərait  belə  deməyə   tam əsas  verir ki,   Zərdabda   prezident  seçkilərinin demokratik keçirilməsi  üçün  hər cür şərait  yaradılmışdır.  

Söhbət  zamanı  dairə  seçki  komissiyasının  sədri   İsmayıl  Əhmədov  dedi:

— Bütün  diqqət  və   səylərimiz  ona  yönəlmişdir ki,  qarşıdan gələn  prezident  seçkiləri  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinin tələblərinə  uyğun  surətdə  keçirilsin. 92  saylı  Zərdab — Ucar  Seçki  Dairəsinin  əhatə  etdiyi  48  seçki  məntəqəsindən 42-si  Zərdabda,  6-sı  Ucar  rayonunun  Xələc,  Lək  və  Bərgüşad  kəndlərində  yerləşir.  Bütün seçki  məntəqələri  fasiləsiz  elektrik  enerjisi, zəruri mebel  və  avadanlıqla  təmin  olunmuşdur.   Seçici  siyahılarının  dəqiqləşdirilməsi  diqqət  mərkəzində  saxlanılır.

Dairə  və   məntəqə  seçki  komissiyaları  üçün  normal  iş  şəraiti yaradılmış,  42  məntəqədə  təmir  işləri   aparılmışdır. Seçki  günü  məntəqələrdə “Veb  kameralar”  quraşdırılacaq. 1, 2, 3, 4  saylı  şəhər,  5  saylı  Qoşaoba, 17 saylı  Məmmədqasımlı  və  23   saylı   Gəlmə  seçki  məntəqələrində  işlərin  təşkilinə,   texniki-təminat  məsələlərinin    həllinə  xüsusi fikir  verilmişdir.  Bütün  məntəqələrdə təbliğat  lövhələri  müvafiq  yerlərdə  quraşdırılmışdır.  Prezidentliyə  namizədlərin  seçicilərlə  açıq  və   qapalı  şəraitdə  görüşləri  və  təşviqat  materialları üçün  yerlər    müəyyənləşdirilmişdir.

Dairə  üzrə   39163  nəfər  seçici qeydə  alınmışdır ki,  onlardan 33061  nəfəri  Zərdabda,  6102 nəfəri isə Ucar  rayonu  ərazisindədir.  Seçicilərin  sayı  əvvəlki  dövrə  nisbətən  1500  nəfər  çoxdur.

Qeyd  edək ki, seçicilərin  1846  nəfəri  ilk dəfə  səsvermədə  iştirak  edəcəkdir.  Onlardan  784 nəfəri  seçki gününə  kimi  18  yaşı  tamam  olanlardır.   Seçki  hüquqlu  vətəndaşların  453  nəfəri  əyani   təhsil  alanlardır.   İlin  əvvəlindən  281  nəfər  həqiqi  hərbi  xidmətə  çağırılmış,  236  nəfər ordu  sıralarından  tərxis  olunmuşdur. Belə hallar bir daha dəqiqləşdirilmişdir.

Seçicilərin  şəxsiyyət  vəsiqəsi ilə təmin  olunması  da  diqqət  mərkəzindədir.  Bu məqsədlə  Rayon  Polis  Şöbəsi  nəzdində  Qeydiyyat və   Şəxsiyyət  Vəsiqəsi  qrupunun  rəhbərliyi  ilə səyyar  briqada  yaradılmış  və   birbaşa  yaşayış  məntəqələrində   əhalinin  şəxsiyyət  vəsiqələri ilə təmin olunmaları  təşkil edilmişdir.  Hazırda   yaş  həddinə görə səsvermə  vaxtı  çatmış şəxslərin  şəxsiyyət  vəsiqələrinin  dəyişdirilməsi  istiqamətində  işlər  davam  etdirilir.

Yeri gəlmişkən,  onu  da  əlavə edim ki, xüsusi  qrupdan olan 898  nəfər  seçici  80-100 yaşlıdır.   10 nəfər seçicinin  yaşı isə  100-dən yuxarıdır.

Azad, ədalətli  və  şəffaf  seçkilərin  keçirilməsi  sahəsində  zəngin  təcrübəmiz var.   Ancaq  onu da yaxşı  bilirik ki,  builki prezident   seçkiləri  bizdən  daha böyük  məsuliyyət,   diqqət  və  həssaslıq  tələb edir.  Ona  görə  də bu kampaniyaya hazırlıq  işlərinin  gedişi  daim  diqqət  mərkəzindədir.  Seçki   məntəqələri ilə   müntəzəm olaraq  əlaqə  saxlayırıq,  ortaya  çıxan  hər  hansı  çətinlik  dərhal  öz  müsbət həllini   tapır. Bir sözlə,   hazırlıq  tədbirləri,  lazım olan  şəraiti  yaratmaq  bizdən,  seçki  məntəqələrinə gəlmək,   qarşıdakı  5 il  üçün öz taleyini, gələcəyini  etibar  edəcəyin  namizədə   səs vermək isə   hörmətli  seçicilərdən  asılıdır.

4  saylı   seçki  məntəqəsi  uşaq  incəsənət  məktəbində yerləşir.  Məntəqə  seçkilərə, demək olar ki, hazırdır.  Otaqlar  vaxtında  təmir  olunmuş,   telefon,  işıq, su  sistemi  qaydaya salınmış,   mebel  və  digər avadanlıqlarla  təmin  edilmişdir.  

Məntəqə  seçki    komissiyasının  sədri  Mehdi   İsmayılovla  söhbət  edirik.

— Seçici  siyahıları  dəqiqləşdirilmiş,   texniki-təchizat  və s.  məsələlər  öz  müsbət  həllini  tapmışdır. İnsanların  normal  şəraitdə  öz iradələrini  ifadə etmələri,  istədikləri  namizədə   azad,  aydın  və  şəffaf  şəraitdə  səs vermələri  üçün rayonda hər  cür şərait  yaradılmışdır.  Onu  da  deyim ki,  məntəqəmizdə 1300  seçici  səs  verəcəkdir.

Yolumuz  29  saylı  Callı  məntəqəsinədir.   Öyrəndik ki,  burada seçicilərin  sayı  857  nəfərdir. Məntəqə  tam təmir  olunub,  hər  cür  zəruri  avadanlıqla  təmin  edilib. 

Söhbət zamanı  məntəqə  seçki  komissiyasının  sədri   Davud  Vahidov bildirdi:

— Kəndimiz  rayonun  ən  abad  və  müasir   yaşayış  məntəqələrindən  biridir.  Son illər  burada geniş  tikinti-abadlıq  işləri  aparılmış, yeni  məktəb  binası  tikilmiş,  yol  çəkilmiş,   su,  elektrik  enerjisi və s.  zəruri  sosial  məsələlər  öz  müsbət həllini  tapmışdır.  Kənd  adamlarının  ildən-ilə   gəliri   artır,  həyat şəraiti,  gün-güzəranı  yaxşılaşır.  Demək  istəyirəm ki,  kənd  sakinləri, əslində,  öz  ürəklərində   seçimlərini  çoxdan  ediblər.  Sadəcə olaraq, seçki   günü  məntəqəyə gəlmək və seçdiyin namizədə  səs   vermək qalır.  O  namizədə  ki, bizə  rahat,  sakit  və  firavan  həyat verməyə qadirdir,  gələcəyimizi,  həyatımızı  ona bağlaya bilərik.

 Məlikli,  Gəlmə,  Əlvənd, Lələağacı, Hüseyxanlı, Əlibəyli  kəndlərində  yerləşən  seçki məntəqələrinə də baş çəkdik.  Hər  yerdə  də yüksək  hazırlıq   və  mütəşəkkilliyin  şahidi olduq. Biz  rayonda  olarkən  ən  yaşlı və bu il ilk dəfə  səs  verəcək seçicilərlə  də görüşdük.

Bəzir  Hüseynovanın  113  yaşı  var.   Yarməmmədbağı  kəndində yaşayır.  Danışığı  sərbəst,   hərəkəti,   sözü-söhbəti yerindədir.    Zarafatından  da  qalmadı:

— Yaşımı  mən dedim,  indi  siz  hesablayın görün, bütün  ömrüm  boyu  neçə dəfə səs vermişəm?  Ancaq  builki  prezident  seçkilərində   iştirakım lap  ürəyimcədir. Ona görə  ki, indiyədək gördüyümə, şahidi olduğuma, inkişafa, yaxından tanıdığım  adama,  etibar  etdiyim  namizədə səs verəcəyəm.  İnanıram ki, bütün  seçicilər  də  elə  mənim   kimi  düşünür.  Axı,  həqiqəti  danmaq  insafdan  deyil.  Bir  də  ki,  görünən  dağa nə  bələdçi...

Orxan İsmayılzadə  isə  növbəti  prezident  seçkilərində  ilk dəfə  səs verəcəkdir:

— Düzünü  deyim ki,  çox həyəcanlıyam.  İlk  dəfə  seçki  məntəqəsinə  gələcəyəm,  qutuya  yaxınlaşacağam  və  ürəyimdə olan  namizədə  səs verəcəyəm. Məncə, bu,  hər bir  gəncin arzusudur.  Axı gələcəyimiz,  inkişaf  və   yüksəlişimiz  səs verəcəyimiz  həmin  namizədlə bağlıdır.   Ona görə  də  bu  vacib  məsələdə  yanlışlığa  yol vermək  olmaz.

Yaşıdlarımla bu barədə  çox söhbətlərim  olub.  Cəsarətlə  deyə bilərəm ki,   hamının  fikir  və   məqsədi eynidir: ölkəmizi,  millətimizi  dünyada  layiqincə  təmsil  edəcək, bizə  gözəl  və  xoşbəxt həyat  verəcək,  gələcəyimizi  etibar  edəcəyimiz   real  namizədə  səs verəcəyik.

Biz sözlə,   bu gün  Zərdabda  hamı  payızda  keçiriləcək  növbəti  prezident  seçkilərinin  qayğıları  ilə yaşayır.   Hər yerdə   bu tarixi   hadisədən  doğan yüksək  əhval-ruhiyyə,   mütəşəkkillik və  səfərbərlik əzmi,  sağlam  mənəvi-psixoloji   ab-hava  var.  Gördüklərimizə, şahidi  olduqlarımıza  və  müşahidə  etdiklərimizə  əsaslanaraq  deyə  bilərik ki,  Zərdabda  növbəti  prezident  seçkilərinə  hazırlıq  tədbirləri  yüksək   səviyyədədir.

Ziyəddin SULTANOV,

 “Xalq  qəzeti”nin  bölgə  müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında