Ömrün ahıllıq fəslini yaşasam da, eynək mənə gözlərim qədər əziz olsa da, mətbuatdan ayrı düşməyi həyatla birdəfəlik üzülüşmək qədər kədərli hal hesab edirəm.
Həmişə kitabları, qəzetləri, radionu-televizoru cansız, fəqət vəfalı dostlar hesab etmişəm. Məzmunlu yazılar oxuyanda, qəlbi vəcdə gətirən verilişlərə baxanda qəzet səhifələri də, mavi ekran da mənə könül həmdəmi olur, çünki Vətənə, millətə ədavətlə göz dikənlərin, yurdumu viranə, soydaşlarımı pərən-pərən görmək istəyənlərin qara niyyətləri, qanlı əməlləri nəsil-nəsil bizi peşman və talan etsə də xalqımız yenilməmiş, əbədi-məlum arzular qanadında istiqlal savaşına atılmışdır. Nəhayət, ötən əsrin son onilində ölkəmiz əbədi müstəqilliyini bərqərar etmişdir. Çaylar kimi hey irəliyə yol alan milli taleyimizin istiqbal üfüqləri bizə aydın, ümidli, cazibədar görünür. Bu aydınlıq bizdən bu gün milli həmrəyliyin təntənəsini, gələcəyimizə nikbin inamın əməli təsdiqini tələb edir.
Mənəvi tərbiyədə televiziyanın rolu müstəsnadır. İndi tamaşaçını ruhən mübarizliyə, mənəvi mükəmməlliyə səsləyən verilişlərə həmişəkindən daha çox ehtiyac duyulur. Əfsus, bəzən arzularımızın tərsini görürük. Avropalının həyat tərzi bizimkinin eyni ola bilməz. Oxşar cəhətlərimiz olsa da, ibtidai icma quruluşundan bizə yad olan Çin - yapon mətbəxini yaxın qoya bilmirik, bilmərik də. Lakin bizim bəzi telekanallar çox vaxt estetik gözəlliyi təbliğ etmək əvəzinə, Bakıda it ətindən xörəklər hazırlayan mətbəxi nümayiş etdirir, ovuc-ovuc diri soxulcanı, ölü siçovulları yeyən "cəsurları", ana bətnindən zibilliyə tullanıb milçəklərə yem olan körpəni, bir-birini doğrayan ata-oğulu, ana-balanı... təqdim edir.
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin efir məkanının aktual məsələləri haqqında məqaləsindən sonra telekanallarda nisbi ədəb-ərkan yaransa da, bu vacib sahənin yenə də milli maraqlarımız çərçivəsindən kənara çıxmaq cəhdi müşahidə olunur. Adamlar mənalı zarafatı gözdən salan şit, səthi atmacaları sevmir. Onların sanballı alim-sənətkar söhbətinə ciddi ehtiyacı var. Bu yaxınlarda telekanalların ikisində məşhur neftçi alim Xoşbəxt Yusifzadənin və akademik Səlahəddin Xəlilovun söhbətindən xüsusi zövq aldım. Axı əxlaqi dəyərlərin, fərdi düşüncənin də təlqini spesifik yanaşma, forma və üsul tələb edir.
Ruhumuzu oxşayan televerilişlər bizi nə qədər özünə minnətdar edirsə, normal düşüncəni məyus edən ideyasız, məzmunca eybəcər verilişlər də bundan artıq hiddətləndirir. Cazibədarlığı ilə məmnun qalmağa haqqı olan müğənni qadın tulasının-itinin ad gününü təntənə ilə keçirirsə və tay-tuşları da bu it məclisində həvəslə əylənirsə, adət-ənənələrimizə təhqir olan belə "tamaşalara"səxavətlə efir vaxtı ayıran telekanalların mövqeyi bizə bəlli olmur. Ad və anım gününün keçirilməsi vacib olan o qədər dahi şəxsiyyətlər tanıyırıq ki... Televiziyanın belə məqamda biganəliyi bizi məyus edir.
Qərib ölkədə milli qürurumuzu şərəflə qoruyan, faşist ədalı erməninin silahını tərsinə çevirən və ömürlük həbs cəzasına məhkum edilmiş vətən oğlunun - Ramil Səfərovun ad günü haqqında fikirləşən imkanlı sənətçilərimizin, həssas telekanalların səsi niyə eşidilmir?.. Açıq-aşkar Azərbaycan kişisinin abır və əxlaqına təhqir kimi görünən əzmə-büzmə "kişilər", qaş aldıran oğlanlar, süni "lətafəti" ilə tamaşaçını bezdirən bəzi şoular bizə hansı zövqü, hansı duyğuları aşılayır?!!
Bəllidir ki, Vətən və millət, milli tarix və tale qarşısında cavabdehlik hissini, borcunu hamıdan çox ziyalı yaşayır və daşıyır. Mənəvi mükəmməllik hamıdan çox ziyalı üçün zəruri insani keyfiyyət hesab olunur. Ziyalı sözünü isə məktəb, təhsil, müəllim... sözündən ayrı təsəvvür etmək mümkün deyil. Ən müasir elmdə, siyasi səriştədə, dövlətçilik təfəkküründə, intellektdə müşahidə olunan uğur və nəticələrin mənşəyi, qaynağı, mənbəyi məktəb olmuşdur. Azərbaycanın xalq maarif komissarı Mirzə İbrahimovla (yaş fərqimizə baxmayaraq) 1946-cı ildən başlanan dostluğumuz, məktublaşmağımız sonadək davam elədi. 25 il Maarif Nazirliyinə rəhbərlik etmiş akademik Mehdi Mehdizadə ilə də eləcə...və ənənə qırılmadı.
Əlbəttə, əbədi yeniləşmə ilə yaşayıb müasirləşən dünyamızda hər şey dəyişsə də, Vətən və xalq məhəbbəti, valideyn borcu və övlad qayğısı insanpərvərliyin, nəcibliyin ifadəsi, mənəvi sərvətin canlı nümunəsi olaraq qalır, zənginləşir. Məhz bu zənginləşmə prosesində təhsildə yeniləşmə də sərbəst, müstəqil şüurun formalaşmasına xidmət etməlidir və edir. Bəllidir ki, ümummilli lider Heydər Əliyevin təfəkkürü işığında milli tariximizin, ədəbiyyat, mədəniyyət və incəsənət tariximizin müasir konsepsiyası yaranmış, şəraitin nikbin ritmi ilə ayaqlaşan proqramı ortadadır.
Ədalət naminə onu da deməliyik ki, Təhsil Nazirliyi bəzən ciddi problemlərlə qarşılaşsa da, zamanın tələblərini milli ənənələri qorumaq şərti ilə ödəyir, tədrisin-təlimin keyfiyyətini sivilizasiyalar arasındakı harmoniyanı milli mənəvi dəyərlərlə qoşa qoruyub yaşatmaq prosesində uğurlar qazana bilir. Mətbuatdan mənə bəlli olan bir fakt fikrimin təsdiqi kimi bizə mühüm həqiqətlər deyir: Xaricdə 498 azərbaycanlı, ölkəmizdə isə 7000-dək əcnəbi ali təhsil alır. Bu, Azərbaycan təhsil sisteminə beynəxalq maraq və inamın ifadəsidir.
Nazirliyin ünvanına arabir deyilən tənqid qəbuledilməz deyil, qüsurlar-nöqsanlar var və onların ləğvində nazir də, əməkdaşları da xalqla birlikdədir. Əməkdar elm xadimi, professor Misir Mərdanovun təhsil naziri kimi 12 ildən artıq fəaliyyətini təhsilimizin tərəqqi və kamilləşmə dövrü kimi görsək də, müşahidə olunan bəzi neqativ hallar bizi məyus edir. Yaxşı haldır ki, nazir də, nazirlik də təhsil sisteminə ləkə kimi görünən belə təzahürlərə qarşı mübarizə aparırlar.
Biz uzun illər kamil dərslik və yanar ürəkli müəllim sevdasında olmuşuq, müəllimlərin, yazıçıların ali məclislərində - qurultaylarında bu barədə irad və təkliflərimizi söyləmişik. Təhsildə islahatların, dərsliklərdə kamilləşmənin vacibliyindən danışanda böyük dostlarım, millət fədailəri İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Yaşar Qarayev rəsmi münasibətləri ilə fikir və arzularıma rəvac veriblər. Biz dərsliklər haqqında az danışmamışıq. Əfsus ki, bu sahədə hələ də arzularımızın reallaşmasını görə bilmirik. XXəsrin bəzi unudulmaz yazıçılarını "sıxışdırıb" proqramdan çıxarmaq, əvəzinə isə bədii dünyamıza az bələd olan və bədii dünyamızın bələd olmadığı "yazarları" ədəbi şəxsiyyət kimi dərsliklərə daxil etmək mənəviyyatımıza dözülməz müdaxilədir.
İllər ötdükcə təhsildə zamanın tələblərindən irəli gələn formalaşma ilə yanaşı, ictimaiyyətlə birlikdə nazirliyin də mübarizə apardığı neqativ hallar nəinki aradan qaldırılır, bəzən daha tünd boyalarla özünü göstərir. Təhsil nazirinin televiziya ekranlarından məktəblərdə şagirdlərdən pul yığılmasına, hədiyyələr alınmasına qarşı inadlı müraciətlərini, bəzi məktəb direktorlarını vəzifədən kənarlaşdırdığını az eşitməmişik. Butün bunlardan sonra da bənzər halların davam etdiyini görəndə dilemma qarşısında qalırsan: kimdir günahkar? Yeni nəslin mənəvi-ruhi aləminə ata-ana qədər yaxın, insanlığın əxlaqi dəyərlərini formalaşdırmağa məsul olan insanlar uşaqlardan pul və hədiyyə təmənnasında olursa, bu, şəxsiyyətin faciəsidir.
Teatr, kino salonlarında, kitabxanalarda adamların seyrəldiyi haqqında söhbətlər bizi narahat edir. Bu, mədəniyyət, təhsil, gənclər və idman nazirliklərinin, yazıçılar, bəstəkarlar və jurnalistlər birliklərinin rəhbərliyini dərindən-dərinə düşündürməlidir. Əxlaq Vətən kəlməsindən ayrı düşünülməz! Avropa standartları və qloballaşma prosesinin mahiyyətini və məzmununu da milli tale prizmasından təhlil və qəbul etməliyik. Təəssüf, Qərbdə elə dövlət və sənət xadimləri var ki, qloballaşmanı milli əxlaqın qorunması, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi prosesi kimi yox, məhz öz qitəsinin dünyamız üçün elitar məbədi səviyyəsində qəbul edirlər.
Savaşdan barışa, barışdan savaşa yol gedən dünyamızın bütün qütblərində yaşayan ağıllı insanlar, obrazlı desək, kök ilə zirvənin, mənbə ilə axarın fasiləsiz vəhdətini arzulamışlar. İdrakı kəsərli olan xalqı heç bir despot, cərəyan, izmlər...bir-birindən, onun bu gününü dünənindən ayıra bilməmişdir.
Mürəkkəb, ziddiyyətli zəmanədə yaşayırıq və beynəlxalq münasibətlərin aşkar mənzərəsi bu gün bizi həmişəkindən daha ayıq-sayıq olmağa, milli mənəvi sərvətlərimizi qorumaq üçün daha sıx birləşməyə, dövlətçilik amalını daha qətiyyətlə qorumağa səsləyir. Millətin zehni-əxlaqi kamilliyi üçün məsuliyyət daşıyan ziyalılarımız tarixin yeni, şərəfli sınaqları ilə üzbəüzdür.
Millət xilaskarı dahi öndər Heydər Əliyevin dəqiq müəyyənləşdirdiyi bu günümüzün və istiqbalımızın cazibədar mənzərəsinin təntənəsi naminə ziyalı öz şərəfli missiyasını xalqımıza, Vətənimizə, Prezidentimizə sədaqət ruhunda ödəməyə borcludur - bəşəri düşüncədə mənəvi dəyərlərimizi qorumaq borcu!
{nl}
İmamverdi ƏBİLOV, Prezidentin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.