İnciyən alma ağacının hekayəti

Cəmiyyətdə baş verən hadisələr təbiətdən də yan keçmir. 18 il əvvəl şahidi olduğum əhvalatdır. Ulu babamız Hacı Nurəlinin 5 hektarlıq bağında bir cüt ətirli turşməzə alma ağacı var idi. Meyvələri toyuq yumurtası irilikdə olurdu. Bazar, dükanlıq deyildi. Di gəl, payıza dönəndə onların behişt ətri bağın həndəvərindən hiss olunardı. 130 il ömür sürən Hacı Nurəli babanın bu bağı keçən əsrin 30-cu illərində müsadirə edilib kolxoza verilib. Bağda alyanaq əriklər, bal kimi alçalar, ətirli armudlar, heyva, innab, iydələr, albuxara, gilas, gilənar, ləpir deyilən yabanı çaytikanı, ta istiot ağacınadək, nə desən vardı və  hər il bar gətirirdi.

Yaşlı nəslin 100 yaşlı nümayəndəsi Məşədi İsa baba deyirdi ki, Hacının bu bağı elə-belə bağlardan deyildi. Həmin bağın yeri tamamilə susuz bir sahə imiş. Hacı yanı balalı inəyini aparıb Kalba Fərhadın həyətinə bağlayır. Dəmirçidən xahiş edir ki, bu inəyi sənə bağışlayıram, necə tapırsan tap, mənə 100 ədəd dəmir qolçaları körükdə zodlayıb çatdır. Deyilən kimi olur. Hacı qoldan qüvvətli Kalba Bilalı və Orucəlini çağırıb kölgəli daş deyilən yerdə uca nərdivanla həmin dəmir qolçaları cərgə ilə daş tirimli qayalara çaldırır, üstünə söyüd qol-budaqları döşədib arxın qıraqlarına həmərsün də əkir. Dözümlü bir arx yaradır. Çimli torpaqla arx düzəldir. Beləliklə, çayın suyunu o dövrdə indiki avadanlıqlar olmayan şəraitdə insan ağlına gəlməz 50-60 metrlik keçid yaradır. Dörd kilometrdən çəkdiyi bu arxla satın aldığı 5 hektarını dəmyə torpağa həyat gətirir.

Məşədi İsa baba onu da deyirdi ki, 180 il əvvəl Hacının saldığı bu zəngin bağın çox meyvə toxumlarını o, Məkkə ziyarətinə atla bir ilə gedib gələrkən keçdiyi məmləkətlərdən yığıb gətirərək ən qiymətli ağaclar yetirmişdi. Bağın zənginliyi öz yerində, amma buradakı bir cüt almanın ətrindən,  insan az qala bihuş olurdu. Beləsi ki, heç bir məmləkətdə yox idi. 1990-cı ilədək Şahbuzun Keçili kəndindəki bu almaların sorağı eldən-elə yayılırdı. İki ağac hər il az qala yarım tonadək meyvə gətirərdi. Kim nə qədər cəhd edirdisə, calaqları tutmurdu. Hacı 1945-ci ildə dünyasını dəyişənədək, qışda da bağdakı komasında qalardı, ağacların nazını çəkərdi, onları göz bəbəyi kimi qoruyardı. Bağdakı arılığında 600-dən çox arı səbəti də saxlardı. Almadan şoraba tutardı. Qış fəsli kimin başı ağrısaydı, həmin şorabanın suyu çatınca kəsərdi. Həm də almaları payızda döylü xırman samanının içərisində qat-qat düzüb Novruz bayramınadək saxlayar, bayramda cəvərə-cəvərə evlərə payladardı. Özü də təmənnasız, ərik, armud, alça, heyvanı da belə xeyirxahlıqla pay verərdi. İl boyu bal təknələri dolu olardı. Odur ki, indinin özündə də, kənddə Hacı Nurəlinin rəhmət duası heç kəsilmir.

İllər keçdi. Hacı dünyadan köçdü. Bağa nəvəsi, Böyük Vətən müharibəsindən sağ qayıdan Salman dədə bağbanlıq etdi. 28 il sonra Salman dədə də 50 yaşında dünyasını dəyişdi. Bağ kolxoz ümidinə qaldı. 1990-cı illərin özbaşınalığı, nadan qüvvələrin hakimiyyət davası yurdumuzun Şahbuz bölgəsindən də  təsirsiz ötüşmədi. 100-150 illik nadir meyvə ağaclarına, “Kolxozun bağıdı” deyilərək müsadirə olunmuş bağlara əli baltalılar hücum çəkdi. Hacının ən qiymətli ağacları ilə yanaşı, bu alma ağacları da dibdən doğranıldı. Təkcə Keçilidə olsaydı, dərd yarı idi. Nursuda, Mahmudobada, Külüsdə, Küküdə, Qızıl Qışlaqda, Badamlıda, Kolanıda elə “Qırmızı kitab”a düşəsi ağaclar baltalandı ki, onların hər biri 100-150 yaşında canlı təbiət abidələri idi. Bir təbiət həvəskarı, xüsusən Hacı Nurəlinin nəticəsi kimi rayona gedib bu özbaşınalıqlara son qoyulması üçün icra başçısına müraciət etdim. Dedim: İxtiyarınızda hüquq-mühafizə orqanları var, canlı təbiət abidələri məhv edilir, imkan verməyin kəssinlər. Cavabı belə oldu:  

- Ay Qaşdar, Lenin də ölüb, leninizm də, sosializm də dağılıb, kolxoz təsərrüfatı da... Mənlik deyil, gedin özünüz dil tapın, qoymayın kəssinlər.

Kor-peşman geri qayıtdım. Hacının daş kəmərdən keçirdiyi 150 il xidmət edən nadir suvarma şəbəkəsi də dağıldı, hər bahar təmizlənən arxlara əl vurulmadı. Cəbhəçi “bəylər” 5 hektarlıq bağı 2-3 günün içində pay-püşk etdilər. Hazır mülkə sahib olanlar Hacının möhtəşəmliklə yaratdığı su arxını bərpa etmək əvəzinə, şlanqlarla çaydan su çəkdilər. Şövq ilə çağlayan arxın pərgarı pozuldu. Kəsilən ağacların kökü susuz qaldı. Bir yaz günü getdim ki, həmin turş almalardan biri qar-yağış ümidinə bircə pöhrə verib. Şax-şəvəl tapıb pöhrəni mühafizə etdim. Yaxınlıqdakı ev sahibinə təvəqqə etdim ki, borclu qalmaram, həftədə bir dəfə bu pöhrəni vedrə ilə suvarsın. Belə də oldu. Gələn yaz çox çətinliklə ana kökə yapışıq, təkəm-seyrək nazik köklər göstərən alma pöhrəsini çıxarıb yaşadığım Ayrınc kəndinə gətirdim və həyətyanı sahəmdə əkdim. Hər cür qulluq göstərdim. 17 il keçdi, ağac böyüdükcə — böyüdü, amma bar vermədi. Hər yaz gələndə almanın gövdəsinin ətrafına dolandım, lap ağaca yalvardım: - “Bilirəm, böyük bir kəndin camaatına 150 il bol-bol bəhrənlə xidmət etmisən, nadanlar qədrini bilmədilər,  haqlı olaraq küsmüsən. Mən səni yaşadıram. Hər il səndən neçə-neçə calaq vursam da, biri də tutmur. Küsmüsən, səni əzizləyirəm. Nə olar, dil aç, ətrini göstər!”

Bu yaz axır ki, 18 ildən sonra baxdım Hacıdan 180 il yadigar qalan, əzizləyib şux qamətə çatdırdığım ətirli alma nəsli qulac-qulac çiçək açıb, qol götürüb sevincdən oynadım. Halbuki, ipə-sapa çətin yatan “qızıl Əhmədi” alma sortu 10-cu ili bara düşür. Bu alma məni 18 il gözlətdi. Budur, payız fəsli yaxınlaşır. İlahi, bara düşən almanın behişt ətri bağı bürüyüb. Bu ətirdən məşhur Fransa ətriyyatlarında, heç dünyada da tapılmaz. Qablara yığıb aynabəndə qoyanda içəri girən qonaq-qara heyrətə gəlir. Bu, necə ətirdi? Almanı yığandan sonra əlimi neçə dəfə sabunla, yuyucularla yusam da, 5 dəqiqə sonra yenə əldən həmin almanın ətri gəlir. Bu, möcüzədir. Təkcə alma ilə qurtarmadım. Naxçıvanın sərt çilələrində də yarpağı tökülən “daş armudu” ağacının lap təpəsində sapsarı saralan, ətir saçan armudu da Hacının bağından o üsulla bərpa edib öz bağımda əkmişəm. Şükür Allaha, ölkəmizdəki müstəqillik ailəmizə də kifayət qədər torpaq payı bəxş edib. Hacı babamın yadigarı olan alma-armud ağacının bir nişanəsi sahəmizin başında, o biri nişanəsi ayağındadır. Bəlkə, buna görədir, işləyəndə yorulmaq bilmirəm. Ağacların gövdəsinə qabarlı əllərimlə sığal çəkirəm.

Bu günlərdə Hacı Nurəlinin sonbeşik 90 yaşlı nəvəsi Məşədi Beytullaha behişt almasını bara saldığımı deyəndə sevincdən gözləri doldu. Dedi, ay qohum, bax gör bu ağac kimdən yadigardı? Hacı Nurəlidən!

Belə kişilər həyatda olmasalar da, öz vəsaitləri ilə kənddə tikdirdikləri məscid, saldıqları bağ və neçə kilometrlikdən kəndə çəkdirdikləri su arxı onların Uca Yaradanın  seçilmiş bəndələri olmağından soraq verir. Hacı Nurəlinin damazlıq arı ailələri indi də bal verir. Məşədi Beytullah dedi ki, ay Qaşdar, sən Hacı Nurəli nəslinin torpağa bağlı övladısan. Gəncliyində “Dərə yurd” deyilən yerdən hərbi hissənin köməyi ilə sal qayaları aminalla partladıb  4 kilometrlikdən Dərə yurda çəkdirdiyin su arxı 200 hektardan çox dəmyə sahəni gülüstana çevirmişdir. Bu, böyük bir savab əməldir. Hacı Nurəli babaya hər il ehsan verməklə yanaşı, öz işlərindən də qalma, nə əksən, yadigardı.

Alma, armud, göyçə, albuxara, innab, ətirli heyva, alyanaq ərik, ağ və qırmızı zoğal, qarağat, böyürtkən, moruq, gülöyşə nar, əncir, iydə, ağ tut, xar tut, 30-dək üzüm sortları ta həmərsün və zərincədək, mərmərik və göyəmədək hansı ağacları əkib, yetişdirib, bara salmışamsa, ilk növbədə Tanrıya və bir də Hacı Nurəli babamın ruhuna borcluyam. Torpağın elə bir ətri var ki, o dükan və bazarda satılan ətirlərdən deyil. Yuxarı Qışlaq kəndindən Kalba İskəndərin 300 illik yadigar qazan qızılgül (mürəbbəlik, gülablıq, gülgəndik) pöhrələrini gətirib öz bağımda yaymaqla Şahbuzdakı məşhur bağbanları, o cümlədən xalq şairi Məmməd Arazın 110 yaşlı atası İnfil babanı, Külüsdən Hacı Müslümü, Badamlıdan Alkərimi, Aşağı Qışlaqdan İslam və Kalba İbrahim babaları, Güney Qışlaqda 250 il əvvəl saldığı bağı, indi də bar verən Kalba Mahmud babanı, Küküdə 200 ildən çox yadigar ərik, armud, qoz ağaclarını əkmiş Bayram babanı hər gün yad edirəm, onların ruhuna rəhmət oxuyuram. Vətən seviləndə, əzizlənəndə Vətən olur, yoxsa onun qürbətlə nə fərqi olardı?

 

Qaşdar ƏLİYEV, respublikanın əməkdar təbiəti mühafizə işçisi, akademik Həsən Əliyev mükafatçısı, Jurnalistlər Birliyinin  üzvü, aqronom, fenoloq

Naxçıvan MR, Şahbuz rayonu, Ayrınc kəndi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında