Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər

Avqustun 18-də Şəki Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının yaradılmasının 94-cü ildönümü və gənc əsgərlərin hərbi andiçmə mərasimi münasibətilə təntənəli tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, şəxsi heyətin, şəhər icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının məsul nümayəndələrinin, əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə meydana təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı gətirilmiş, Azərbaycanın dövlət himni oxunmuşdur.

Mərasimi hərbi hissənin komandiri, polkovnik-leytenant Səmid Cəfərov açaraq Vətənə sədaqət andı içən gənc əsgərlərin bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulmuş vəzifəni - Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsini şərəflə yerinə yetirəcəklərinə, içdikləri hərbi anda həmişə sadiq qalacaqlarına, müstəqil dövlət quruculuğu prosesinə layiqli töhfələrini verəcəklərinə əminliyini bildirmişdir.

Sonra gənc əsgərlər meydanın mərkəzində düzülərək Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, dövlətimizə, xalqımıza sədaqətli olacaqlarına and içmişlər.

Şəxsi heyət üzrə şöbənin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Canbaxış Musayev ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, o cümlədən Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, bu gün Sərhəd Qoşunlarında xidmət edən hər bir zabit, gizir, çavuş və əsgər öz üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək göstərilən etimadı doğrultmaq üçün qüvvə və bacarığını əsirgəmir, daha yüksək nailiyyətlər qazanmaq əzmi ilə xidmət edir.

Hərbi hissənin çevik hərəkət bölüyünün nümunəvi çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Xidmətdə fərqlənən sərhədçilərə mükafatlar təqdim olunmuşdur.

Mərasim şəxsi heyətin hərbi marşın sədaları altında tribuna önündən təntənəli keçidi ilə başa çatmışdır.

Rəsmi hissədən sonra şəhər mədəniyyət evinin özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişdir.

Daha sonra şəxsi heyət üçün bayram süfrəsi təşkil olunmuşdur.

* * *

Avqustun 18-də Lənkəran Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümünə və “N” saylı hərbi hissənin gənc əsgərlərinin hərbi andiçməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Tədbirdə çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant Elşən Mirzəyev şəxsi heyəti Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümü və gənc əsgərlərin andiçmə mərasimi münasibətilə təbrik etmişdir.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə avqustun 18-nin Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı günü kimi təsis edildiyini vurğulayan E.Mirzəyev bildirmişdir ki, bu tarix təkcə Azərbaycan sərhədçiləri deyil, bütün xalqımız üçün əlamətdar günlərdən biridir. Dövlətçiliyin mühüm atributlarından sayılan dövlət sərhədinin mövcudluğu və onun öz vətəndaşları tərəfindən qorunması dövlətin müstəqilliyini göstərən amillərdən biridir.

Qeyd olunmuşdur ki, bu gün hərbi andı qəbul edən hər bir əsgər Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına söz verərək öz üzərinə mənəvi və hüquqi məsuliyyət götürür. Artıq həmin andan etibarən hər bir əsgər Silahlı Qüvvələrin tam hüquqlu üzvü kimi əlində silah Azərbaycan Respublikasının mənafeyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasına hazır olmalıdır. Hərbi and hər bir əsgəri mübariz, mətin, cəsur və qorxmaz olmağa çağırır.

Sonra hərbi hissənin “Döyüş bayrağı” meydana gətirilmişdir.

Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər.

Şəxsi heyət üzrə şöbənin rəisi, mayor Tural Kərimli Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümü münasibətilə məruzə etmişdir.

Mərasimdə çıxış edən gənc əsgərlər və onların valideynləri şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik etmiş, Vətənimizin müqəddəs sərhədlərinin qorunmasında gənc əsgərlərə uğurlar arzulamışlar.

Tədbirdə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir.

Təntənəli marşın sədaları altında şəxsi heyət nizamlı addımlarla tribunanın önündən keçmişdir.

Tədbir başa çatdıqdan sonra gənc əsgərlərin valideynləri ilə görüşü olmuşdur.

Mərasim konsert proqramı ilə başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında