Yazılarımı oxuyan tanışlarımdan biri zəng vurub dedi ki, “bu dəfə donosçulardan yazın”. Mən də dedim ki, ömrümdə heç kimi satmamışam, birinin arxasınca “iş” görməmişəm, donosçuların “iş üsullarını” bilmirəm, ona görə bu mövzunu açmaq mənim üçün bir az çətindir. İsrar etdi, “bu donosçulardan hamımız əziyyət çəkmişik, onlar insanların yaşayışına, fəaliyyətinə çox mane olurlar, eşitdiklərinizdən, bildiklərinizdən yazsanız, yaxşı olar”-dedi. Gördüm, düz deyir, yazmağına dəyər...
Yadıma keçən əsrin 37-ci il repressiyaları düşdü. O zaman donosçular nə qədər dəyərli insanların, onların ailələrinin faciəsinə səbəb olmuşlar. Böyük Cavid də, Müşfiq də, Salman Mumtaz da, Yusif Vəzir Çəmənzəminli də, Bəkir Çobanzadə də, Əhməd Cavad da, başqa yazıçılarımız, şairlərimiz, elm adamlarımız, müxtəlif sənət, peşə sahibləri, qiymətli insanlar da donosçuların qurbanı olmuşlar. donosçuların işləri-gücləri gecə-gündüz düşünüb-daşınıb, kimisə gözdən salmaq, kimisə satmaq, biabır-rüsvay etmək, bir sözlə, axırına çıxmaqdır! Niyə? Ona görə ki, haqqında rəy yaratdıqları, nalayiq fikirlər uydurduqları, şayiə yaydıqları insanlar müəyyən ad-san qazanıb, hörmət-izzət sahibi olublar, daha böyük mövqelərə çata bilərlər, gərək onların qarşısını alsınlar. Yoxsa, donosçular rahat yaşaya bilməzlər, boğazlarından çörək keçməz! Onlar nə cür olursa-olsun, özlərindən yüksək, qabiliyyətli insanlara arxadan zərbə vurmaq, onları ortadan götürmək üçün dəridən-qabıqdan çıxırlar. donosçular nə qədər insana dəhşətli zərbələr vurmuş, nə qədər insanın ürəyini partlatmış, hətta intihara sürükləmişlər. Buradaca, mərhum akademik Heydər Hüseynovun taleyini xatırlayaq. Donosçular onu Mircəfər Bağırovun gözündən elə salmışdılar ki, 41 yaşında öz həyatına qəsd etməyə məcbur olur. Təkcə Heydər Hüseynovmu məhv oldu? Azərbaycanda yüzlərlə onun kimi dəyərli insanlar donosçuların qurbanı olub... Zaman dəyişsə də, yenə donosçular öz “işlərindədirlər”.
Bir insan böyük ideallarla, xeyirxah arzularla yaşayır, yaradır, kirpikləri ilə “od götürür”, istəyir ki, xalqına, Vətəninə töhfələr versin, yarı yolda “qolunu-qanadını” sındırırlar, elə vəziyyətə salırlar ki, türklər demişkən, “həyata gəldiyinə peşman olur”.
Təsəvvür edin, biri idarə başçısına kimin haqqındasa donos verir. O da inanır. Fikirləşmir ki, həmin donosçu bir gün də onun haqqında yuxarılara donos verəcək! Yaxud da idarə başçısı özü donosçulara şərait yaradır. Niyə? Ona görə ki, tutduğu vəzifəyə layiq deyil, əliəyridir, idarəçiliyi bilmir, qəlbiqaradır, xofludur. donosçuların “köməyi ilə” işçiləri qorxu altında saxlamağa çalışır, onları özünə tabe etdirmək istəyir, birtəhər baş dolandırır, vəzifəsini itirməkdən qorxur. Belə idarələrdə, əslində, heç bir iş getmir, dedi-qodu, söz-söhbət hamını bezdirir.
İngiltərədə olanda səfirliyin azərbaycanlı əməkdaşlarından biri deyirdi ki, o ölkənin vətəndaşları gecə-gündüz çalışır, karyera qazanmaq üçün həmişə irəliyə can atır, pillə-pillə yüksəlirlər.Qabiliyyətsiz, bacarıqsız adamlar isə təbii ki, karyera qazana bilmir, yerlərində saymağa məcbur olurlar və özləri də bunu bildiklərindən, yüksəlmədikləri üçün şikayət, narazılıq etmirlər.
Bizim bəzi idarələrdə, təşkilatlarda isə, birinin o birindən xoşu gəlmirsə, onun işi bitdi, çıxarıb atırlar bayıra, qalır işsiz, çörəksiz. Daha idarə, təşkilat, müəssisə rəhbəri düşünmür ki, onun axı, ailəsi, uşağı var, cəmiyyətdə müəyyən mövqe tutur, qohum-qardaşı, dostu-tanışı, onu tanıyanlar var... Axı, bu kişi ailəsini dolandırmalıdır, uşağına bir parça çörək aparmalıdır. İnsanı da çörəklə imtahana çəkərlər?
Donosçuların “sayəsində” istedadlı, ləyaqətli adamlar ruhdan düşür, arzuları ürəklərində qalır, ömrü boyu çəkdikləri zəhmətləri itir. Daha dəhşətlisi odur ki, bir idarədən, müəssisədən məcburiyyət qarşısında “öz ərizələri ilə” işdən uzaqlaşdırılan adamı başqa yerdə işə götürmək istəmirlər. Düşünürlər ki, görəsən, həmin adam əvvəlki işindən niyə çıxıb? Əşi, müdiri ilə yola getməyib çıxıb, iş ağır olub çıxıb, idarə rəhbərindən xoşu gəlməyib çıxıb, yolu uzaq olub çıxıb, ev ala bilməyib çıxıb, orada işləmək sərf eləməyib çıxıb, maaşı az olub çıxıb... Karyerasında yüksələ bilməyib çıxıb, yoxsa, yenə sayaq? Min bir səbəb ola bilər. İndi bu insan ömru boyu işsiz qalmalıdır, pulsuz-parasız, ac-susuz yaşamalıdır?
Başqa cür də olur. Bir işdən çıxıb o biri işə girmək istəyən adam haqqında keçmiş iş yerindən rəy soruşurlar. Keçmiş müdiri də başdan etmək üçün onu elə tərifləyir ki, gəl görəsən! Bu keçmiş müdirdən bir soruşan olmur ki, a kişi, bu belə yaxşı adam, dəyərli işçi idisə, niyə qoydun getməyə?!
Qrupbazlıq, tanışbazlıq, yerlibazlıq, üzgörənlik, idarə, təşkilat, müəssisə rəhbərinin şəxsi mənafeyini güdməsi insanları bədbəxt edir.
Bir gün Əmir Teymur qonaqlıqda bişirilən plovu tərifləyib deyir ki, “bəh-bəh, nə dadlı plovdur, bunu bişirənə mükafat!.. Qonaqlıqda iştirak edən Xoca onun sözlərini eşidib dillənir: “Bəh-bəh, doğrudan da, çox dadlıdır, bunu bişirənə afərin!” Bir azdan Teymur: – “Bu nə plovdur, çağırın, bunu bişirən aşpaza cəza verin!” – deyə əsəbləşir. Xoca da dərhal münasibət bildirir: “Belə də plov olar, bunu bişirənin başını bədənindən ayırmaq lazımdır!”. Əmir Xocadan soruşur ki, “ayıb deyil, ay Xoca, bayaq plovu tərifləyirdin, indi pisləyirsən?” Xoca belə cavab verir: “Qibleyi-aləm, mən sənə xidmət edirəm, plova yox ki!”
Əlbəttə, müdirlərə, rəislərə “xidmət edənlərin”, demək olar ki, hamısı axırda donosçu olur...
Bir əhvalat da var. İdarədə uzun müddət işləyən işçilərdən biri rəisin yanına gəlir, başqa bir işçi haqqında rəy yaratmaq üçün sözə başlayır:
- Rəis, siz bu boyda idarəyə rəhbərlik edirsiniz. Hamının gözü sizdədir...
Rəis:
- Sözünü de, kişi!
- Sözüm odur ki, şöbə müdiri Hüseynəliyə qətiyyən inanmayın. Fırıldaqçının, yaramazın, rüşvətxorun, qohumpərəstin biridir. Sizə and verirəm o yeri-göyü yox yerdən yaradan Allaha, camaatı ona tapşırmayın. Qudurmuş it kimi tutur adamları! Belə getsə, sizi hörmətsiz edəcək...
Rəis fikrə gedib, handan-hana dillənir:
-Ağsaqqal, bu gündən Hüseynəlini özümə müavin təyin edirəm.
Ağsaqqal dik atılır:
- Siz nə danışırsınız, mən yanınıza ona görə gəlmişəm? Səhərdən ağzımda bir Quranlıq söz danışıram!
- Bilirsən nə var, qoca, buranı idarə eləmək üçün Hüseynəli kimi bir neçə yaramaz lazımdır. Yoxsa, bu adamların ağzını bir yerə yığmaq olmaz!
Donosçuluğun xüsusiyyətlərindən biri paxıllıqdır. “Yalnız ata oğlunun istedadına paxıllıq etmir” (İ.Höte). Deyirlər, insanlar hətta dəbdəbəli dəfn mərasimlərinə də həsədlə baxırlar. “Hətta istedadlı təlxəyin eybəcərliyi də paxıllıq hissi oyada bilər” (E.Servis). Məncə, bu fikirləri izah etməyə ehtiyac yoxdur...
Yaltaqlıq da donosçuluğa aparır. Məşhur təmsildə necə də gözəl deyilmişdir:
Olmasaydı cahanda sarsaqlar, Yəqin ki, ac qalardı yaltaqlar.
“Yaltaq əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir” (Diogen). İtalyanlar deyir ki, yaltaqlıq gizli düşmənçilikdir”.
Satqınlar da donosçu olurlar. Amma “Satqınlar ilk növbədə özlərini satırlar” (Plutarx).
Kimi aldı, kimi satdı
Satan dünya, alan dünya.
– Böyük Şəhriyarın misralarıdır... Donosçular şərəfsiz və ləyaqətsiz adamlardır! Onlar xəyanətkar və tamahkardırlar! Donosçular həm də, təmənnalıdırlar! Onlar cəsarətsiz, mənəvi cəhətdən yoxsuldurlar! donosçularla cinayətkarlar arasında heç bir fərq yoxdur! Onlar ən böyük yalançılardır. Donosçular natəmiz, əxlaqsız, böhtançılardır.
Donosçuların sir-sifətinə fikir versəniz görərsiniz ki, onlar heç normal adama da oxşamırlar. Heç kosmetik cərrahiyyə əməliyyatı da onları düzəldə bilməz, çünki, daxili aləmləri çirkindir, murdardır! Bir sözlə, dünyada nə qədər pis sözlər var, donosçulara “yaraşır”!
Amma, donosçuların başqalarına vurmaq istədikləri zərbə bəzən onların özlərinə dəyir. Xalq arasında təsadüfi demirlər ki, “Nə tökərsən aşına, o da çıxar qaşığına” və yaxud, “nə əkərsən, onu da biçərsən”.
Qələmi əlimə götürməzdən əvvəl xeyli düşündüm, donosçuların bəzi hərəkətlərini xatırladım. Onlar zəhərli ilanlara oxşayırlar, “işlərini” gizlin həyata keçirirlər. Bəzən bir tanınmış adamı sıradan çıxartmaq üçün qrup halında “fəaliyyət” göstərirlər. Müdirlərə də ki, biri deyir – inanmır, ikisi deyir – inanmır, axırda düşünürlər ki, elə hamı filankəsdən danışır, görünür burada bir həqiqət var. Qrup fasiləsiz “işini” görməkdə davam edir, filankəsin axırına çıxana kimi, çalışır. Bəzən qəzetlərdə, internet saytlarında onun haqqında böhtan və iftira dolu məqalələr yazdırırlar, ictimai rəy yaradırlar. Bir sözlə, hansısa zavallının “evini yıxmaq” üçün əllərindən gələni edirlər, çox vaxt da istədiklərinə nail olurlar. Necə deyərlər, bu “at ilxısı, köpək sürüsü” çox insanlara ləkə yaxır...
donosçuların öhdəsindən yalnız ağıllı, tədbirli, təcrübəli, müdrik vəzifəli şəxslər gələ bilərlər. Heydər Əliyev deyirdi ki, “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq, səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır”. D.Karnegi isə demişdir ki, “kollektiv öz rəhbərinə oxşayır”. Ona görə də donosçuları hər yerdən rədd etmək lazımdır! Onlar hamıya iftira, böhtan atmaqdan başqa, həm də ümumi işə, idarəçiliyə mane olurlar.
Hər bir yazıçı əsərlərindəki obrazlara mütləq öz fikirlərini də qatır. Mən də donosçular haqqında nə düşünürəmsə, onları da yazıram. Fikirlərimi davam etdirərək deyirəm ki, donosçular mənim nəzərimdə insan deyillər, gözümdə onların adi bir cücü, qarışqa qədər dəyəri yoxdur. Çünki donosçuların uydurmaları çoxları kimi, məndən də yan keçməmişdir. Amma heç zaman belələrinə fikir vermədiyimdən, böyük zərbələr almışam. Ancaq sevinirəm ki, onlardan həmişəlik ayrılmışam. Qoy donosçular bilsinlər ki, onlar kimi namərdlərin iyrənc əməlləri sayəsində son dərəcə azad yaşayıram, göründüyü kimi, öz iş-gücümlə məşğulam. Yazıçı kimi naqis, xəbis, ürəyi xıltalı, satqın, lovğa, vəzifəsi ilə öyünən adamları görməyə gözüm yoxdur və 40 ildir ki, belələri ilə “müharibə” aparıram. Qazancım çox olub, itirdiyim isə əsəblərimdir. Zalım balaları pərpətöyün toxumu kimi gündən-günə çoxalırlar! Ona görə də həmişə Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, Əbdülrəhim bəy Haqverdiyevi, Üzeyir bəy Hacıbəylini düşünürəm. Görün, onlar belələrindən nələr çəkmişlər! Onların yazdıqlarını oxuduqca görürəm ki, yüz ildə bu simasızlar necə olublarsa, eləcə də qalıblar! Görünür, donosçuluq da irsən, nəsillə, qanla insanlardan bir-birinə keçir. Yaxşı xüsusiyyət olsaydı, uzun müddət yaşamazdı. Pis xasiyyətdir, ona görə “yaşayır”, mikrob kimi yayılır! Tibb elmi hələ tam inkişaf etmədiyi üçün xərçəng, şəkər kimi xəstəliklərlə yanaşı, donosçuluğu da məhv etmək üçün iynə, dərman tapılmır! Bəli, donosçuluq bir xəstəlikdir! Kim bu xəstəliyə düçar olsa, təkcə ölməklə “canını qurtara bilər”. Daha doğrusu, insanların canı onlardan qurtarar!..
Bir kişi hər gün evə qanıqara gəlir, müdirinin qarasına gileylənirdi:
– Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın, qohumbazın biridir. Daha canımı boğazıma yığıb...
Heç demə, evdə saxladığı tutuquşu da onun sözlərini əzbərləyirmiş. Bir gün necə olursa, direktor, müavini ilə birlikdə onlara qonaq gəlir. Onlar içəri girəndə tutuquşu dillənir:
– Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın, qohumbazın...
Ev sahibi rüsvay olacağını görüb, tutuquşunu basır soyuducuya ki, səsi kəsilsin. Yarım saatdan sonra tutuquşunu ağappaq, buzun içərisindən çıxarır. Tutuquşu soyuqdan əsə-əsə dillənir:
– Direktorumuz əla rəhbərdir. Həmişə süründürməçiliyə, qabiliyyətsiziliyə, savadsızlığa, qohumbazlığa qarşı mübarizə aparır...
Ev sahibi heyrətindən bilmir nə etsin. Qonaqlar gedəndən sonra tutuquşudan soruşur:
– Necə oldu ki, elə gözəl sözlər danışdın?
Tutuquşu deyir:
– Səni də mənim günümə salsaydılar, elə danışardın...
Hərənin bir şakəri olur. Kimi futbol azarkeşidir, istər külək papağını aparsın, onun üçün təfavütü yoxdur, gərək bütün oyunlara stadionda tamaşa eləsin. Və yaxud, bir də görürsən, birinin o birindən xoşu gəlmir. Onun da bir başqa şakəri olur. Sarılır qələm-kağıza, başlayır rəqibi haqqında müvafiq təşkilatlara böhtan və iftiralarla dolu şikayət məktubları yazır. Komissiya komissiya dalınca gəlir, yoxlama yoxlama dalınca aparılır. Məktub müəllifi də kənarda dayanıb tamaşa eləyir ki, görsün, axırı necə olacaq? Mən bir nəfər beləsini tanıyıram. Hərdən ona deyirlər ki, sənin “sümük azarın var”. Deyəsən, düz deyirlər. Elə ki, donos yazmadı, azar canını alır, ona elə gəlir ki, sümükləri şaqqıldayır! donos verəndə isə, elə bil, ağrı-acısı canından çıxır. Özü də hamı haqqında donos uydurur. Heç ona dəxli olmayan adam barədə də lazımı yerə “məlumat” çatdırır. Təki kiminsə gözünə yaxşı görünsün...
donosçunun “sümük azarı” tutdumu, qurtardı, balıq susuz yaşaya bilmədiyi kimi, o da donos verməsə, ölər!
Folklorumuzdakı xalq qarğışlarına bir qarğış da əlavə etmək olar: “Görüm, elə donosçuların kökü kəsilsin”!
Xeyrəddin QOCA,
yazıçı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.