Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə, sərəncamına uyğun olaraq Şirvan şəhərində abadlıq, quruculuq işləri geniş vüsət alır. Əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır, onlara göstərilən kommunal xidmətlərin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Yeni nümunəvi məhəllələr, parklar, yaşıllıqlar salınır. İnsanların rahatlığı üçün hər cür şərait yaradılır.
Şirvan şəhərində olarkən bunun bir daha şahidi oldum. İnsanların gözündə sevinc, üzlərində təbəssüm gördüm. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin son 8 ildə Şirvan şəhərinə etdiyi səfərlərin yaratdığı sevinc hissləri idi. Çünki Prezidentin hər səfəri digər şəhər və rayonlar kimi, Şirvan şəhəri üçün də yeni müəssisələrin, mədəniyyət, təhsil, səhiyyə ocaqlarının, idman komplekslərinin açılışı ilə əlamətdar olub.
Prezident İlham Əliyevin 2013-cü il iyul ayının 7-də Şirvan şəhərinə səfəri çərçivəsində gücü 780 meqavat olan Cənub Elektrik Stansiyasının açılış mərasimində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, əhalini daha çox narahat edən içməli su problemini aradan qaldıran Şirvan-Muğan Qrup Su kəmərinin Şirvan xəttini işə salması, Şirvan Olimpiya İdman Kompleksinin, Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” , “Araz” zavodlarının beş yeni istehsal sahələrinin açılışını etməsi, yeni salınan Bayraq Meydanı və ətrafında yaradılan seyrangahla tanış olması, görülən işləri yüksək qiymətləndirməsi bu fikri bir daha təsdiq edir.
Elə həmin gün Prezident “Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam verərək Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrinin daxili yollarının abadlaşdırılması və asfaltlaşdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılması barədə göstəriş verdi. Prezidentin sərəncamına uyğun olaraq bu günə kimi Bayramlı qəsəbəsinin daxili yollarına və dalanlara 3 kilometrdən artıq yüksək keyfiyyətli asfalt örtük vurulub.
Məhz bu quruculuq işlərinin nəticəsidir ki, ölkə Prezidenti 6 avqust 2013-cü il tarixli sərəncamı ilə Şirvan şəhərinin sosial-iqtisadi inkişafında xidməti olan bir sıra şəxsi fəxri adlarla təltif edib.
Qəsəbənin problemləri də həllini tapır. Onlardan biri Bayramlı qəsəbəsi, Sabir küçəsi, 2 ünvanında yerləşən, ötən əsrin 30-cu illərində inşa edilmiş binanın sakinlərinin problemi idi. Heç bir şəraiti olmayan kommunal tipli 12 mənzilli bu binada yaşayan sakinlər uzun illər idi ki, şəraitsizlikdən əziyyət çəkirdilər. Bina tikiləndən bəri burada heç bir təmir işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü. Sakinlərin həyatı üçün ciddi təhlükə var idi. Yaranmış vəziyyətin aradan qaldırılması üçün zəruri tədbirlər görüldü. Dövlət Komissiyası 2012-ci ilin fevral ayında binanın yararsız və qəzalı vəziyyətdə olması barədə qərar qəbul etdi.
Nazirlər Kabinetinin 31 dekabr 2012-ci il tarxili sərəncamı ilə binanın sökülməsi, 6 saylı binada isə bərpa-gücləndirmə işlərinin aparılması üçün ilkin vəsait ayrıldı. Hər biri 2 otaqdan ibarət 12 mənzilli bina sökülərək əvəzində 4-ü 3 otaqlı, 8-i 2 otaqlı olmaqla 12 mənzilli yeni yaşayış binası tikilib sakinlərin istifadəsinə verildi. Müasir tələblərə cavab verən yeni binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmış, binanın ətrafı abadlaşdırılmış, müstəqil qazanxana–istilik sistemi yaradılmışdır.
Buna görə də həmin gün Şirvan şəhərinin Bayramlı qəsəbəsində böyük bayram əhval-ruhiyyəsi var idi. Şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri son 50 ildə təmir edilməyən Bayramlı qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəliyin binasının və kitabxanasının təmirdən sonra istifadəyə verilməsi və 12 mənzilli yeni binanın açılış mərasiminə toplaşmışdılar.
Mərasimdə çıxış edən Şirvan ŞİH başçısı Mərdan Camalov müqəddəs Ramazan ayında Bayramlı qəsəbəsində yeni yaşayış binasının istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Binanın yüksək keyfiyyətlə inşasında böyük əməyi olan “Araz İnşaatçı” MMC-nin sədri Teyyub İsmayılova, iş icraçıları Fərid İsmayılova, Vidadi Babayevə, sahə rəisi Qaçay İsmayılova və fəhlələrə başçı dərin təşəkkürünü bildirdi, şirvanlılara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə sakinlər adından minnətdarlığını ifadə etdi. Şəhər prokuroru Həsən Hənifəyev də tədbir iştirakçılarını Ramazan bayramı və qəsəbədə möhtəşəm yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik etdi, görülən işləri Prezidentin uğurlu siyasətinin nəticəsi kimi qeyd etdi.
Binanın sakinlərindən Dəmirova Məhbubə Məmmədağa qızı bildirdi ki, əvvəllər 2 otaqlı dar mənzildə çox əziyyət çəkiblər. Binada heç bir kommunal şərait olmayıb. İndi ailəsi yeni binada 3 otaqlı mənzillə təmin olunub. Burada yaşayış üçün hər cür şərait var. Buna görə o, respublikamızın Prezidenti İlham Əliyevə ailəsi və bütün sakinlər adından minnətdarlığını bildirir.
Qəsəbə sakini Seyidova Solmaz Bəhlul qızı da yeni binada 3 otaqlı mənzil aldığını bildirdi. Son 8 ildə qəsəbənin işıq, qaz, su problemlərinin aradan qaldırıldığını, indi isə qəsəbənin yollarına asfalt örtüklər vurulduğunu, qəsəbədə poçt xidmətinin, uşaq bağçasının, həkim ambulatoriyasının yaradıldığını, ən müasir tələblərə cavab verən yeni məktəb binasının tikilib istifadəyə verildiyini qeyd etdi. Kür daşqınından zərər çəkən sakinlərə yeni fərdi yaşayış evlərinin tikildiyini bildirdi. Yeni binada mənzil alan Ulduz Abbasov, Səkinə Qavaşkar, Mahir Hacılığolu və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sonra ŞİH başçısı M.Camalov yeni binanın sakinlərinə mənzillərin açarlarını təqdim etdi.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.