Nərimanov rayonunda ilin ilk yarısının yekunları müzakirə olunmuşdur

Son illər Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlər 2010-cu ilin birinci yarımilliyində də davam etmiş, ölkəmizdə ümumi daxili məhsul 3,7 faiz artmış, neft sektorunda bu rəqəm 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Ölkədə böyük maliyyə resursları yaradılmış, ümumi valyuta ehtiyatları 24,7 milyard dollara çatmışdır. Bütün bunlar barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı danışılmış, qazanılmış uğurlar yüksək qiymətləndirilmişdir. İclasda bütün bunlarla yanaşı, qarşıda duran vəzifələrə də toxunulmuş, onların həlli yolları müəyyənləşdirilmişdir.
Hazırda ölkəmizin bütün şəhər və rayonlarında 2010-cu ilin yanvar-iyun aylarının sosial-iqtisadi mənzərəsi geniş təhlil olunur, Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələrin icrası istiqamətində konkret vəzifələr müəyyənləşdirilir.
Dünən paytaxtın Nərimanov rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yanvar-iyun aylarında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı rayonun sosial-iqtisadi inkişafının cari ilin ilk yarısının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirildi.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə əklil və gül dəstələri qoydular, ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq 2010-cu ilin altı ayında ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlardan bəhs etdi. İyul ayının 13-də Nazirlər Kabinetinin cari ilin ilk yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu. Qeyd olundu ki, cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə yüksək nailiyyətlərin əldə olunmasında paytaxtın Nərimanov rayonu da yaxından iştirak etmişdir.
Bütövlükdə isə 2010-cu ilin altı ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun məruzəsində öz geniş əksini tapmışdı. Cari ilin yanvar-iyun aylarında rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edən Ş. İbadov bildirdi ki, hesabat dövründə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, xidmətlər də daxil olmaqla 151,2 milyon manatlıq məhsul istehsal olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən artım sürəti 104,2 faiz təşkil etmişdir. Bu dövrdə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 51,6 faiz təşkil etmiş, sənaye sahəsində çalışanların orta aylıq əmək haqları 307,6 manatdan artıq olmuşdur. Qeyd olundu ki, ilin əvvəlindən rayonda yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər davam etdirilmiş, ötən müddətdə 1164 daimi iş yeri açılmışdır.
Hesabat dövründə rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşunun 16,5 milyon manat təşkil etdiyini bildirən məruzəçi bu sahədə 66,7 faiz artım əldə olunduğunu diqqətə çatdırdı. Rayonun tikinti sektorunda da yüksək nəticələr əldə edildiyini vurğulayan natiq qeyd etdi ki, cari ilin altı ayında tikinti təşkilatları öz gücləri ilə 114,8 milyon manatlıq iş görmüşlər.
Məruzəçi bildirdi ki, hesabat dövründə iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən sayılan pullu xidmətlərin həcmi də xeyli artaraq 82,4 milyon manat təşkil etmişdir. Rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 346,4 milyon manat, ictimai iaşənin əmtəə dövriyyəsinin həcmi 11,4 milyon manat olmuşdur.
Natiq qeyd etdi ki, hazırda ölkə prezidentinin tapşırıq və göstərişləri əsasında Nərimanov rayonunda dövlət əhəmiyyətli iri layihələr həyata keçirilir. Rayon ərazisində ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin inşası ilə əlaqədar beş binanın sakinləri yeni tikilmiş yaşayış kompleksinə köçürülərək burada daha geniş və yaraşıqlı, təmirli mənzillərlə təmin olunmuşlar.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı sahəsində cari ilin altı ayı ərzində görülmüş işlərə toxunan Ş.İbadov daha sonra rayonun təsərrüfat həyatı ilə bağlı görülən işlərdən bəhs etdi, ayrı-ayrı təsərrüfat subyektləri tərəfindən həyata keçirilən işləri sadaladı. Bütün bu işlərin rayon əhalisinin kommunal sahədə üzləşdiyi problemlərin aradan qaldırılmasına səbəb olduğunu diqqətə çatdırdı. Bundan əlavə, rayon sakinlərinin işıq, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması sahəsində mühüm işlərin həyata keçirdiyi diqqətə çatdırıldı.
2010-cu ilin yanvar-iyun aylarında rayonun təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti və bu sahədə həyata keçirilmiş mühüm işlərdən bəhs edən natiq, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl və təxirəsalınmaz tədbirlərin də görüldüyünü bildirdi.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Nərimanov rayonunda da qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlıq işlərinin görüldüyünü diqqətə çatdıran məruzəçi bildirdi ki, rayondakı üç seçki dairəsi üzrə 76 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki praktikasının təkmilləşdirilməsi, eləcə də səsvermə prosesinin şəffaf, demokratik və mütəşəkkilliyinin təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən dairə və məntəqə seçki komissiyaları üçün bütün texniki təminat və lazımi şərait yaradılmışdır.
Məruzə ətrafında çıxış edən digər natiqlər də cari ilin birinci yarımilliyində ölkə üzrə əldə olunmuş uğurları, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdilər.
Tədbirə yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev bütün uğurlarla yanaşı, rayon əhalisinin getdikcə artmaqda olan maddi, mənəvi və digər tələbatının tam və dolğun ödənilməsi istiqamətində qarşıda çox mühüm və ciddi vəzifələrin dayandığını diqqətə çatdırdı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün zəruri tədbirlər həyata keçiriləcək.

{nl}

Mirbağır YAQUBZADƏ, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında