Dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən ixtisaslaşdırılmış kurslar avqustun 6-da davam etmişdir.
Xətai
AzərTAc xəbər verir ki, kurslar 33, 34, 35 və 36 saylı Xətai birinci, ikinci, üçüncü və dördüncü seçki dairələri dairə seçki komissiyalarında mütəşəkkil qaydada keçirilmişdir.
Kurslarda dairələrin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri ilə yanaşı, bu ərazilərdəki bir sıra məcburi köçkün rayonlarının aşağı seçki orqanlarının sədrləri də iştirak etmişlər.
Təlimlərin ikinci günündə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılması təhlükəsizliyinin təmin edilməsi, seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması, eləcə də seçki komissiyaları ilə səmərəli əlaqənin qurulması və digər mövzular ətrafında çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.
Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, DSK sədrləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis rəisləri müvafiq mövzularla bağlı mühazirələrlə çıxış etmişlər. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, geniş fikir mübadiləsi aparılmışdır.
Xəzər-Pirallahı
Avqustun 6-da Mərdəkan mədəniyyət sarayında 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilmişdir.
AzərTAc xəbər verir ki, kursda çıxış edən Xəzər Rayon Polis İdarəsinin rəis müavini Ələddin Səfərov seçkilərin hazırlanmasında və keçirilməsində daxili işlər orqanlarının qarşısında duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir. Daxili İşlər Nazirliyi (DİN) seçicilərin səsvermə hüququnun reallaşdırılması üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır. DİN seçkilər prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində də seçki komissiyaları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərəcəkdir. Daxili işlər orqanlarının əməkdaşları DİN tərəfindən seçkilərlə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq artıq fəaliyyət göstərməkdədirlər.
Dairə seçki komissiyalarının sədrləri Mütəllim Balaqardaşov və İmran Qəmbərov çıxış edərək kursların əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, kurslar Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Natiqlər bildirmişlər ki, respublikamızda həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olmuş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılmışdır. Dövlətimizin başçısının siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki təcrübəsi ildən-ilə mükəmməlləşdirilir. Qarşıdan gələn seçkilər tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcəkdir.
Sabunçu
Həmin gün 26 saylı Sabunçu birinci və 27 saylı Sabunçu ikinci seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında da seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir.
Prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan danışan 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Hacı Əliyev seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən ətraflı danışmışdır.
27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Nadir Əjdərov seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq keçirilən kurslar bu sahədə görülən genişmiqyaslı işlərin tərkib hissəsidir.
Kurslarda MSK-nın üzvü Şaitdin Əliyev “Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda çıxış etmiş, seçicilərin hüquqlarının qorunması, seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və s. məsələlərdən ətraflı söhbət açmışdır.
Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, geniş fikir mübadiləsi aparılmışdır.
Ağdam
Ağdam rayonunun Quzanlı qəsəbəsində 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyası üçün yeni inşa edilmiş inzibati bina istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə gedən hərtərəfli inkişafdan, o cümlədən demokratik cəmiyyət quruculuğu istiqamətində görülən işlərdən danışmış, dairə seçki komissiyası üçün yeni inzibati binanın tikilib istifadəyə verilməsini bu sahədə atılan müsbət addım kimi dəyərləndirmişlər.
Sonra rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olmuşlar. Müasir texnologiya və avadanlıqla təmin olunmuş binada iclas zalı, 8 iş otağı, arxiv və yardımçı otaqlar yaradılmış, tikili istilik sistemi ilə təchiz edilmişdir.
Qusar-Quba
Avqustun 6-da 51 saylı Qusar, 52 saylı Quba və 53 saylı Quba-Qusar seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda MSK-nın üzvü Validə Kazımova və bu qurumun təşkilat şöbəsinin müdiri İsmayıl Abbasəliyev mühazirə ilə çıxış etmişlər.
Təqdim olunan məruzələrdə bildirilmişdir ki, kurslar Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Məruzələrdə prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi bazanın yaradılmasından, seçkilərə hazırlıqda dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən ətraflı danışılmışdır.
Şabran-Siyəzən
54 saylı Şabran-Siyəzən seçki dairəsində də kursların ikinci günü müvəffəqiyyətlə keçirilmişdir. Dairə seçki komissiyasının sədri Əmircan Ocaqov bildirmişdir ki, burada təşkil edilmiş kurslarda Şabran Rayon Məhkəməsinin nümayəndəsi Səfa Məmmədov dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi 68 məntəqə seçki komissiyasının sədrləri qarşısında maarifləndirici mühazirə ilə çıxış etmişdir.
Xaçmaz
Kursların ikinci günündə Xaçmaz Rayon Polis Şöbəsinin rəis əvəzi Valik Vəlimətov 55 saylı Xaçmaz şəhər, Xudat Şəhər Polis Bölməsinin rəisi Elçin Rəcəbov isə 56 saylı Xaçmaz kənd seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda mühazirələrlə çıxış etmişlər. Bildirilmişdir ki, ölkəmizdə seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur.
MSK tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqust ayının 8-dək davam etdiriləcəkdir.
Şəmkir-Daşkəsən
98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda seçki prosesində vacib olan bir neçə məsələnin müzakirəsi ilə yadda qalmışdır.
“Seçki siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, “Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətinin təşkili” mövzularında dinlənilən məruzələrdən sonra müzakirələr olmuşdur.
Müzakirələrdə bildirilmişdir ki, 2013-cü il oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərinin yekunları bir daha göstərdi ki, Azərbaycan demokratik cəmiyyət quruculuğu yolu ilə irəliləyən ölkələr sırasındadır. Bütün sahələrdə olduğu kimi, seçki sistemində də uğurlu nəticələrə imza atan ölkəmiz bu sahədə dünyanın bir çox ölkələrinə nümunə ola bilər. Şəffaf və demokratik şəraitdə keçən seçkilər xalqımızın iradəsini ifadə etməklə yanaşı, bu sahədə müəyyən təcrübənin qazanılmasına da müsbət təsir göstərir.
Məruzəçilər onu da qeyd etmişlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi mükəmməl sənəd olaraq hər bir vətəndaşın fəal seçki hüquqlarına təminat yaradır. Dünya standartlarına uyğunlaşdırılmış Seçki Məcəlləsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət rəyini almışdır. Lakin Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik aktıdır. Bu mənada Məcəllə qəbul edildikdən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər baxımından dünyada qəbul edilən modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir.
Kurslarda seçkilərdə böyük əhəmiyyət daşıyan seçki siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması, təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması, həmçinin səslərin hesablanması və nəticələrinin rəsmiləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Gəncə
Gəncədəki 37 saylı Nizami I, 38 saylı Nizami II, 39 saylı Kəpəz I və 40 saylı Kəpəz II seçki dairələrində də yaddaqalan müzakirələr olmuşdur. Şəhər icra hakimiyyətinin məsul işçiləri, eləcə də Nizami və Kəpəz rayonları məhkəmələri sədrlərinin seçkilərin azad və demokratik keçirilməsi üçün ən çox diqqət yetiriləcək məsələlərdən bəhs edən məruzələri dinlənilmişdir.
Məruzələrdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzərinə böyük vəzifələr düşür. Hər bir məntəqə sədri və onun üzvləri seçki prosesinə mənfi təsir göstərə biləcək amillərə qarşı mübariz olmalı, azad fikir şəraiti yaratmalıdırlar.
* * *
MSK-nın ixtisaslaşdırılmış kursları 96 saylı Goranboy-Naftalan, Goranboy-Ağdam-Tərtər, 101 saylı Göygöl-Daşkəsən, 102 saylı Samux-Şəmkir, 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələrində də maraqlı və yaddaqalan müzakirələrlə davam etdirilmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyaları sədrləri üçün ixtisaslaşdırılmış kurslar avqustun 7-də davam etdiriləcəkdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.