İsrafçılıqla mübarizə Qəbələ rayon ictimaiyyətinin də ürəyincədir

Ötən şənbə günü Qəbələ şəhərindəki "Qəbələ " hotelinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi "Xeyir-şər məclislərində israfçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsi çərçivəsində növbəti "dəyirmi masa" keçirilib. Azərbaycan Ağsaqqallar Şurasının komissiya sədrlərinin, layihənin eksperti etnoqrafçı alim Solmaz Məhərrəmovanın, Qəbələ rayon Ağsaqqallar Şurasının sədri Nazim Mustafayevin, Qəbələ Rayon İcra Hakimiyyəti və ictimaiyyəti nümayəndələrinin, ziyalıların, ağsaqqalların, gənclərin, eləcə də KİV təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AAŞ-ın ictimaiyyətlə əlaqələr komissiyasının sədri Nicat Əsgərov layihə haqqında ümumi məlumat verdi. Layihə rəhbəri Nərgiz Cəfərova çıxış edərək dedi ki, bu gün Qəbələ şəhərində toplaşmaqda məqsədimiz Azərbaycanda keçirilən xeyir-şər məclislərində israfçılığın qarşısının alınmasının təbliği ilə bağlıdır. Bu istiqamətdə Qəbələ rayonunda hansı işlər görülür, israfçılığı aradan qaldırmaq üçün nə kimi tədbirlər həyata keçirilir. Regional QHT-lərin Təlim və Resurs Mərkəzinin direktoru Qabil Nəbiyev çıxışında layihənin mövzusunun aktual olduğunu xüsusi vurğulayaraq bildirdi: "Bəzi qərəzli qüvvələrin KİV-lərdə çıxış edərək AAŞ-ın layihəsini tənqid etməsi, lüzumsuz adlandırması əsassızdır. Məncə, mövzu həmişə gündəmdə olmalıdır. Hazırda Azərbaycanda keçirilən xeyir-şər mərasimlərində həm ifratçılıq, həm də israfçılıq həddən-ziyadədir. Bu isə əsasən kasıb təbəqəyə zərbə vurur. Çünki varlılar onsuz da xeyir-şər mərasimlərində pul xərcləməklə heç nə itirmirlər. Kasıb ailələr isə el qınağına tuş gəlməmək üçün külli miqdarda borca düşür və illərlə bu borcun altından çıxa bilmirlər. Burada dövlət orqanlarının məsələyə qarışması fikri səsləndirildi. Ancaq problemin həllini təkcə dövlətdən gözləmək də düzgün deyil. Qeyri-hökumət təşkilatlarının gücündən də faydalanmaq lazımdır. QHT-lər bu sahədə ciddi təbliğat və maarifləndirmə işləri apararaq insanların mənasız komplekslərdən azad olmasına kömək edə bilər".
Etnoqrafçı-alim Solmaz Məhərrəmova layihənin eksperti kimi elmi mənbələrdən misallar gətirərək məsələyə münasibətini bildirdi. O, hələ qədim zamanlardan Azərbaycan xalqının möhtəşəm toy məclisləri, dəfn mərasimləri, ayinlər keçirdiyini vurğulayaraq qeyd etdi ki, xalqımızın xeyir-şər mərasimlərində həmişə elmi dildə "qarşılıqlı yardım institutu" adlandırdığımız bir hal müşahidə olunub. Bu gün isə insanlar əzizini itirən və yaxud yeni evlənən şəxslərə yardım etmək əvəzinə onun borca-xərcə düşməsinə şərait yaradırlar. Kasıb məclis görəndə həmin ailəni qınayır, utanc hissləri keçirməsinə səbəb olurlar. Ekspert S.Məhərrəmova insanların qədrini sağlığında bilməyin daha vacib olduğunu xatırlatdı: "Rəhmətə getmiş valideynin qəbri üzərində abidə ucaltmaqdansa, yas mərasimində külli ərzaq məhsullarını ehsan adı ilə israf etməkdənsə, onun qayğısını sağ ikən çəkmək lazımdır. Xarici ölkələrdə varlı şəxslər ehsan kimi hansısa məktəbi təmir etdirir, kitabxana açdırır, kasıb ailələrə yardım edir, imkansız uşaqların təhsil almasını təmin edirlər. Bəs biz niyə etmirik? Bəlkə, ölkəmizə kitabxana, təmirli məktəb, yüksək təhsilli gənclər lazım deyil?".
Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəna Əbdürrəhmanova, rayon məscidinin imamı Ceyhun Rüstəmov, Dızaxlı kənd inzibati ərazi nümayəndəsi Xanad Aşıralıyev, müharibə və əmək veteranı Əmiraslan İsrafilov, şəhər inzibati ərazi nümayəndəsinin müavini Əliş Ağayev və başqaları məsələnin aktuallığı barədə fikirlərini bölüşərək, bu gün məclislərdə hökm sürən ifratçılıq və israfçılığın qarşısının alınması üçün hər kəsin şəxsi nümunə göstərməsinin vacibliyini qeyd etdilər. Tədbirin sonunda israfçılığın qarşısının alınması üçün təkliflər irəli sürüldü, problemin təkcə layihənin həyata keçirildiyi 4 ay ərzində deyil, həmişə gündəmdə olması, mətbuatın və telekanallarının diqqətini bu məsələyə yönəltməyin vacibliyi kimi fikirlər səsləndirildi.
AAŞ-ın dini məsələlər komissiyasının sədri Məmmədəli Abasov tədbiri yekunlaşdıraraq iştirak edənlərə, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihəni reallaşdırmaqda göstərdiyi maliyyə yardımına görə təşəkkürünü bildirdi və hamını problemin həlli üçün şəxsi nümunə göstərməyə çağırdı.{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"nin əməkdaşı, Azərbaycan Ağsaqqallar Şurasının üzvü

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında