“Yollar irəliyə aparır bizi...”

 

 

 

 

 

 

 

 

Mədəniyyət yoldan başlanır. Abad yol həm də iqtisadiyyatın şah damarıdır. Cənub istiqamətində yol infrastrukturunun durmadan zənginləşdirilməsi bu fikri təsdiqləyir. Onlarla kilometr məsafədə uzanan bu müasir yollar Azərbaycan iqtisadiyyatının tərəqqi göstəricisi olmaqla bərabər, mədəni yüksəliş örnəyi də sayılmalıdır.

...Əyalət mərkəzlərində istər küçələr boyunca, istərsə də kəndlərə, dağlara doğru avtomobillə hərəkət etmək son dərəcə rahatdır, maşınların “ruhu” belə incimir. Masallının Ərkivan-Mahmudavar yolu artıq iki ildir ki, ondan istifadə edənləri sevindirir. Prezident İlham Əliyevin xeyir-duası ilə inşasına başlanmış  Cəlilabad-Yardımlı avtomobil yolu dağların belinə dolana-dolana uzanmaqdadır. Yardımlıda çətin relyefli Deman-Arvana, Lerikdə isə Qosmalian-Kəlvəz avtomobil yollarında işlər başa çatmaqdadır.  Bu yaxınlarda Yardımlı və Lerik rayonlarında ucqar dağ massivlərinə yön alan yeni dağ yollarının rahatlığından biz də şəxsən nəsibimizi almaqdan fərəh duymuşuq. Prezident sərəncamları ilə çəkilişinə külli miqdarda dövlət vəsaitləri ayrılan, sərt qayalıqlardan, sıldırımlardan keçən bu yollar həm əhaliyə əvəzsiz töhfədir, həm də və heç şübhəsiz ki, turizmin sürətli inkişafına təkan verəcək.  Bu rayonlarda dövlət vəsaiti ilə, eləcə də daxili imkanlar hesabına çəkilən, təmir olunan kəndarası yollar, salınan körpülər də əhalini uzun illərin əziyyətindən qurtarmışdır.

Cari ilin iyul ayında dövlətimizin başçısı cənub regionunda yolların tikintisinə dair iki sərəncam imzalayıb. İyulun 15-də Astara rayonunun Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə və Siyakü-Rinə yolları ilə bağlı, iyulun 29-da isə Lənkəranın Vilvan-Zövlə-Boladi-Liman yolu ilə bağlı. Həmin sərəncamlarla başlanan işlərə milyonlarla manat vəsait ayrılıb. Bu gün dünyanın heç bir ölkəsində əyalət yolları üçün nə belə ardıcıl sərəncamlar imzalanır, nə də külli miqdarda vəsaitlər sərf olunur. Sosialyönümlü iqtisadiyyat üçün əyani misal axtaranlar buyurub Azərbaycana, onun bir parçası olan cənub bölgəsinə gələ bilərlər.

Lənkəran bir çox sahədə olduğu kimi, yol infrastrukturunun genişləndirilməsi üzrə də bölgənin flaqmanı sayılır. Özü də burada ilk növbədə məhz daha geniş miqyaslı işlər gerçəkləşdirilir. Regional inkişaf Dövlət Proqramının aspektləri əsas götürülür. Təkcə sonuncu sərəncamla inşasına başlanan yol 47 min əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. İcrasına ilkin olaraq 2,5 milyon manat vəsait ayrılıb.  

Lənkəranda abadlıq-quruculuq tədbirləri durmadan genişlənir. Rayonun tarixində ilk dəfə olaraq sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən beş sərəncam verilib. Həmin sərəncamların həyata keçirilməsi ilə əlaqədar görülən işlər sayəsində şəhərin və rayonun siması xeyli dəyişib. Bu işlərin bir qismini xatırlamaq yerinə düşər.

Dövlət vəsaiti hesabına Lənkəranın Şəhidlər Xiyabanı küçəsi tamamilə yenidən qurulub və dördzolaqlı yol istifadəyə verilib. Küçədəki körpü genişləndirilərək hər iki tərəfində yeni səkilər tikilib, müasir işıqlandırıcılar quraşdırılıb.

Həmin küçədə, Göyşaban dairəsindən Heydər Əliyev prospektinədək olan yolda, mərkəzi prospektin özündə küçə hasarlarının inşası və plitələrlə üzlənməsi, səkilərə yan daşlarının düzülməsi, körpü məhəccərlərinin, divarların yenidən rənglənməsi mənzərəni yetərincə gözəlləşdirir. Sütəmurdov kəndi ərazisində Olimpiya İdman Kompleksinə gedən yolda da yeni səkilər tikilib, işıq sistemi qurulub.

Yol və yolətrafı süsləmələr əhatəliliyi ilə seçilir. Ötən il 12 kilometrlik Şürük-Vel-Qamışovka yolu dövlət başçısının ayırdığı 3,2 milyon manatlıq vəsaitlə müasir tələblərə uyğun şəkildə əsaslı təmir olunub. Bu ilin əvvəlindən şəhərin avtovağzal ərazisində yeni yol dairəsi yaradılıb və dairədə ornamentli postament üzərində saat qülləsi ucaldılıb.  Gərmətük yol dairəsindəki mənzərəli guşə də göz oxşayır. “Bulaq” kompleksi yenidən əsaslı təmir olunub. Rayonun giriş qapısı sayılan Qumbaşı kəndi ərazisində yol guşəsi zənginləşdirilib, orada simvolik qala divarı hörülüb, yaşıllıq zolağı salınıb. Magistral yol üzərindəki körpünün məhəccərləri təzələnib, piyada keçidi üzərində tamet plitələr düzülüb. Göyşaban dairəsindən Ürgə kəndinə qədər olan ərazidə yaşıl təpələrdən ibarət mənzərəli təbiət guşəsi yaradılır.

Lənkəranın şəhərdaxili küçələrində 3 kilometrdən artıq uzunluqda 33 min kvadratmetr sahəyə isti asfalt örtüyü döşənib, digər yolların sıradan çıxmış hissələrində 2500 kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb.

Dövlət başçısının başqa bir sərəncamı ilə Vilvan-Osaküçə-Türkəncil yolunun ikinci hissəsinin inşasından ötrü ayrılmış 4 milyon manat vəsaitə uyğun tikinti işləri davam etdirilir. Ümumi uzunluğu 40 kilometr nəzərdə tutulan yolun xeyli sahəsi asfaltlaşdırılıb, hazırda son tamamlama işləri görülür. Bu yolda üç ildə yeddi körpü tikilmişdir. Yoldan istifadə edən sürücülər işlərin keyfiyyətli olduğunu və müasir standartlara tam cavab verdiyini söyləyirlər. Vilvan-Zövlə-Boladi-Liman yolunun xeyli hissəsi keyfiyyətlə təmir ounaraq istismara verilib. Yolun ikinci hissəsinin yenidən qurulması reallaşdırılmaqdadır. Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Hirkan-Mamusta-Siyavar yolunun 7 kilometri, Hirkan-Xanbulan-Biləsər yolunun 10 kilometri və Veravul-Qaraağaclı yolunun 4 kilometr hissəsi də əsaslı təmir ediləcək.  Prezidentin Ehtiyat Fondunun vəsaiti hesabına Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun təmiri üçünsə hazırlıq işlərinə start verilib.

Göründüyü kimi, ölkənin hər yerində olduğu kimi, Lənkəranda da yol infrastrukturunun yenilənməsi üzrə tədbirlər genişlənir. Ən ucqar məntəqələrə belə yollardan “kəmənd” atılır.  Yol rahatlıq, abadlıq, inkişaf, həmçinin vaxta qənaət və bilavasitə əsəb sakitliyi deməkdir. Bütün bunları hədsiz razılıqla qarşılayan sakinlər dövlətimizin başçısına minnətdarlıq duyğularını ürəkdən ifadə edirlər.  Lənkəranın bugünkü növrağı, yollarının abadlaşdırılması ilə haqlı olaraq öyünənlərdən biri də hazırda Bakıda yaşayan şair-publisist Mübariz Süleymanlıdır. Bizimlə görüşündə Mübariz müəllim düşüncələrini həvəslə bölüşdü:

– Lənkərana hər gələndə buradakı quruculuq işlərinə sevinirəm. Yollar o qədər rahatdır ki, mənzil başına nə vaxt çatdığımdan xəbərim olmur. Azərbaycan rəhbərliyinin uğurlu daxili siyasəti nəticəsində ən ucqar kəndlərə belə asfalt yollar, işıq, qaz  çəkilir. Son iki ildə Lənkəranda baş verən müsbət dəyişikliklər saymaqla bitən deyil. Yeniliklər bir-birini izləyir. Baxdıqca adamın qəlbini dağa döndərir. Hər addımda hiss olunur ki, cənab İlham Əliyevin Lənkərana qayğısı hədsizdir.

Eyni zamanda paralel olaraq bir neçə səmtdə yeni yolların çəkilməsi böyük nailiyyətdir. Bu işlərə milyonlarla manatlıq vəsait xərclənməsi alqışa layiqdir. Yolun olması tərəqqi, mədəniyyət deməkdir. Yaxşı ki, rayonumuzun hazırkı rəhbərliyi bu amili idarəetmə fəaliyyətində əsas kimi götürür. Taleh müəllim sağ olsun ki, ölkə rəhbərinin tapşırıqlarını Lənkəranda layiqincə yerinə yetirir. Bu yaxınlarda o, qəsəbəmizdə sakinlərin görüşünə gəlmişdi.  Görüşdə çıxış edən eloğlularım - ağsaqqal  Maşallah Talıbov,  müəllim Sadiq Quliyev, bələdiyyə sədri Rahim Xosrovov görülən işlərdən razı qaldıqlarını vurğulayıblar. Yol çəkilişi sahəsindəki uğurlar xüsusi qeyd edilib.  Yayın bu qızmar günlərində yollara isti asfalt çəkən fəhlələrin də fədakarlığı danılmazdır. Hər kəs yol salmağın çətin, lakin nəticə etibarı ilə şərəfli və savab iş olduğunu bilir. Şair demişkən, yollar bizi irəliyə aparır, zirvələrə çatdırır... 

Lənkəranın qonaqları da bu diyara heyranlıqlarını gizlətmirlər. Lənkəran Turizm İnformasiya Mərkəzinin dəvətilə buraya görüşə gələn TRT dövlət kanalı, “Anadolu” Dövlət Agentliyi, “İhlas” və “Cihan” xəbər agentliklərinin təmsilçiləri səfərdən məmnun qalıblar. Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyidəhməd Arslan Lənkəranın böyük turizm potensialı olduğunu diqqətə çatdıraraq belə gözəl diyarda yaşayıb işləməyin xoş olduğunu xüsusi fərəhlə söyləyib.

Bu da Lənkəranda bir ağsaqqaldan eşitdiyim sözlərdir: “Yol olan yerdə qonaq-qara da çox olar, xeyir-bərəkət də...”

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında