Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində cari ilin birinci yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilmişdir

 

 

 Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində cari ilin birinci yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilmişdir.

MSN-dən AzərTAc-a bildirmişlər ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilmişdir. Bildirilmişdir ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin təşkil olunması işləri davam etdirilmişdir.  

Hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

Cari ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86,4 faizini müdafiə və xüsusi təyinatlı, 13,6 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötmüşdür.

Cari ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılmışdır. Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi- tədqiqat və təcrübi konstruktor işləri uğurla davam etdirilir.

Cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində iki yeni istehsal sahəsinin - “Şərq” İstehsalat Birliyinin “Telemexanika” zavodunda iriçaplı patronların istehsalı və “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzlərinin açılışları olmuşdur. Bu il təhvil verilməsi nəzərdə tutulan digər yeni istehsal sahələrində isə tamamlanma işləri aparılır.

Kollegiyada qeyd olunmuşdur ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. İlk dəfə 27 adda müdafiə təyinatlı məmulatla beynəlxalq sərgidə iştirak edən Müdafiə Sənayesi Nazirliyi cari ilin mayında Türkiyədə keçirilən “İDEF-2013" sərgisində 130 adda məmulatla təmsil olunmuşdur. Ötən sərgilərdə olduğu kimi, “İDEF-2013” sərgisində də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilmişdir.

Kollegiya iclasında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirmişdir.

Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında