Jurnalistlərin Həmkarlar İttifaqı 2002-ci ildən etibarən KİV işçilərinin sosial durumlarını araşdırmaq məqsədilə sorğular keçirir. Sorğuların nəticələri ilin sonunda açıqlanır, respondentlərin xüsusi olaraq vurğuladıqları problemlərin aradan qaldırılması üçün təşkilatın təklifləri səsləndirilir.
Sistemli şəkildə, hər il keçirilən sorğularda jurnalistlərin xüsusi olaraq qabartdıqları problemlərin motivi illərə uyğun olaraq dəyişsə də, əmək haqqının azlığı, redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməməsi, tibbi sığortanın tətbiq edilməməsi, istirahət hüququnun pozulması, nəhayət, mənzilsizlik problemi jurnalistlərin birmənalı şəkildə hər il qeyd etdikləri məsələlər sırasındadır. Jurnalistlərin Həmkarlar İttifaqı olaraq, həmkarlarımızın qabartdıqları bu problemləri ictimailəşdirməklə yanaşı, onların həll edilməsi yönündə tələb və təkliflərimizi də dilə gətirmişik.
2005-ci ildə Parlament Jurnalistlər Birliyi prosesə qatılmaqla Jurnalistlərin Mənzil Kooperativinin yaradılması ideyasını gerçəkləşdirib. Mövzunun aktuallığını nəzərə alaraq, digər jurnalist təşkilatları da KİV işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətin müdaxilə etməsinin zəruriliyini əks etdirən bəyanatlarla çıxış ediblər. Ötən 8 ilin qəzet arxivlərini gözdən keçirməklə aydın şəkildə görmək olar ki, Azərbaycanda mövcud olan bütün jurnalist təşkilatları və media ekspertləri, hətta bu gün siyasi konyukturasına görə bu ideyanın əksinə çıxanlar da, jurnalistlərin mənzil probleminin həlli üçün dövlətin müdaxilə etməsi ideyasını müdafiə edən bəyanatlar səsləndiriblər.
2008-ci ildə jurnalistlərin 5-ci qurultayının da əsas müzakirə mövzularından biri, məhz, jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması olub. Müzakirələrin nəticəsi olaraq, Mətbuat Şurasının 2008-ci ildə seçilmiş yeni İdarə Heyəti Mətbuat Şurasının tərkibində sosial komissiyanın yaradılması ideyasını dəstəkləyib. Komissiyaya daxil olan məktubların, müraciətlərin böyük əksəriyyəti isə, müəlliflərin mənzil probleminin həlində şuranın yardımçı olması istəyini ehtiva edib.
Bütün bunları nəzərə alan MŞ İdarə Heyətinin üzvləri 2010-cu ilin iyul ayında, Milli Mətbuat Günündə Prezident İlham Əliyevlə görüş zamanı dövlətin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün müəyyən proqramlar gerçəkləşdirməsini xahiş etdilər. Prezidentin reaksiyası özünü çox gözlətmədi, elə həmin gün, 2010-cu il iyulun 22-də jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan Prezident sərəncamı elan edildi. Vurğulamaq istəyirəm ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətin xüsusi fəaliyyət icra etməsi təşəbbüsü jurnalistlərdən, jurnalist təşkilatlarından və ümumilikdə media ictimaiyyətindən gəlib. Media ictimaiyyətinin istəklərini operativ şəkildə dəyərləndirdiyinə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması yönündə davamlı sərəncamlar verdiyinə görə ölkə Prezidenti İlham Əliyevə həm Jurnalistlərin Həmkarlar İttifaqı, həm də ümumilikdə media ictimaiyyəti adından dərin təşəkkürümü çatdırmaq istəyirəm. İnanırıq ki, Prezidentin növbəti binanın tikilməsi üçün imzaladığı sərəncam da vaxtında icra olunacaq və biz növbəti illərdə yüzlərlə həmkarımızın sevincinin şahidi olacağıq.
Azərbaycan Prezidentinin bioqrafiyası “ilk”lərə atdığı imzalarla zəngindir. Bu tendensiya Media siyasətindən də yan keçməyib. Azərbaycan MDB məkanında media üzərində dövlət nəzarəti mexanizmlərini ləğv edib medianın özünütənzimləmə statusunu tanıyan ilk dövlətdir. Azərbaycan keçmiş sosialist sistemli ölkələr arasında vətəndaş cəmiyyəti institutlarının, o cümlədən, medianın inkişafına dəstək vermək üçün milli donor təşkilatlar yaratmış ilk dövlətdir. Nəhayət, Azərbaycan dünya miqyasında jurnalistlərin sosial problemlərini, xüsusi olaraq, mənzil şəraitini yaxşılaşdırmaq üçün proqram gerçəkləşdirən ilk və yeganə dövlətdir.
Ərazi, əhali sayı, iqtisadi imkanları baxımından uyğun olan dövlətlər arasında məhz Azərbaycanın bu cür yeniliklər tətbiq etməsi çoxlarında təəccüb və rəğbət hissi oyadır. Amma məsələni anlaşmaz, qısqanc və qərəz hissi ilə qarşılayanlar da var. İkinci qrupa daxil olanların baş verənləri anlamaq problemləri olduğu kimi, sərgilədikləri münasibət və mövqelərini əsaslandırmaq üçün gətirdikləri arqumentlər də problemlidir. Məsələn, bəzi “ekspertlər” “Azadlıq” radiosunun 25 iyun 2013-cü il efirində belə fikir səsləndiriblər ki, “jurnalistlərə, media qurumlarına dövlət yardımının göstərilməsi rüşvət faktıdır və bu, jurnalistikanın səviyyəsini aşağı salacaq”.
Paradoksdur, çünki həmin şəxslərin həvəslə müsahibə verdikləri, demokratik media nümunəsi kimi təqdim etdikləri “Azadlıq” radiosunun özü ABŞ Konqresinin xətti ilə ABŞ dövləti tərəfindən maliyyələşdirilir. Fərq nədir, əgər mediaya dövlət yardımı göstərmək prinsip baxımından yanlışsa, onda “Azadlıq” radiosunun özünün ABŞ Konqresinin xətti ilə ABŞ dövləti tərəfindən maliyyələşdirilməsini necə anlamaq olar? Həmçinin, məşhur “Freedom House” beynəlxalq təşkilatının hər il “yaşıl zolaqla” işarələyib demokratik medianın mövcud olduğu ölkələr qismində dünyaya nümunə göstərdiyi dövlətlərin əksəriyyətində KİV-lərə dəstək fondları mövcuddur.
Bu sırada Avstriya, İsveç, Danimarka və onlarca inkişaf etmiş Avropa dövlətlərinin adını saymaq mümkündür. Hətta, Danimarkanın məşhur Beynəlxalq Mediaya Dəstək Fondu (İMS) öz ölkəsinin sərhədlərini aşaraq bu nümunəni qonşu ölkələrdə, o cümlədən Azərbaycanda yayır, ölkəmizdə təmsilçiliyi də var. Əgər dünyada dövlətin mediaya maddi dəstək verməsi təcrübəsi varsa və Azərbaycan dövləti bu təcrübələr arasından ən yaxşı modelləri seçib tətbiq edirsə, onda Azərbaycanda həyata keçirilən proqramları “pis nümunə” kimi dəyərləndirənləri necə başa düşmək olar? Onların dünyadan xəbərləri yoxdur, yoxsa Azərbaycanda istənilən uğurlara qara yaxmaq bu adamların vəzifəsidir?!
Məncə, məsələ jurnalistikanın istinad mənbəyi olan etik prinsiplərə yox, kimlərinsə Azərbaycana olan münasibətindədir. Problemin kökü də buradan qaynaqlanır. Yuxarıda “Azadlıq” radiosunun 25 iyul efirində jurnalistlərin mənzil almasını şərh edən “media ekspertlərini” təsadüfən misal gətirmədim. İyulun 25-də “media eksperti” kimi çıxış edən bu şəxslər 2 həftə öncə – iyulun 9-da başqa bir media orqanında müxalif yönlü “Milli Şura”nın üzvü və “siyasi ekspert” qismində (http://www.azadliq.info/siyast/32814-resid-hacili.html ) siyasi məsələləri şərh ediblər.
Mən onların “mənzil məsələsinə şərh verən zaman” istinad etdikləri jurnalistlərin etik kodeksinə əsaslanıb sual vermək istərdim: Jurnalistlərin Peşə Davranış Kodeksi eyni şəxsin eyni gündə həm siyasi qrup təmsilçisi, həm də media eksperti kimi çıxış etməsini, nəhayət, mənsub olduğu siyasi düşərgənin baxışlarını medianın normaları ilə qarışdırmağa imkan verirmi?!
Bu yerdə bir daha qəbul etmək lazımdır ki, cəmiyyətin adından KİV-in və jurnalistlərin dəstəklənməsi azad sözə olan inam və onun inkişafına xoş məramla yardım göstərilməsidir.
Müşfiq ƏLƏSGƏRLİ, Jurnalistlərin Həmkarlar İttifaqının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.