Nizami rayonunda ilin birinci yarısına yekun vurulmuşdur

 

 

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, həmçinin ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.

Rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Cari ilin ötən dövrünü Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq bildirdi ki, iyul ayının 18-də Prezident Sarayında dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında müşahidə olunmuş iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir. Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sənaye istehsalının, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər sahələr üzrə istehsalın artdığını qeyd etmiş, ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulamış, makroiqtisadi vəziyyətin sabit qaldığını diqqətə çatdırmışdır.

Ölkəmizin dinamik inkişafının təmin edilməsində paytaxtın Nizami rayonunun da xüsusi paya malik olmasını vurğulayan məruzəçi bildirdi ki, 2013-cü ilin birinci yarısında rayonun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, aparılan yenidənqurma işləri nəticəsində sənaye müəssisələrinin fəaliyyəti daha da canlanmışdır. Qeyd olundu ki, hesabat dövründə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 209,3 milyon manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. İstehsal olunmuş məhsulun 33,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hesabat dövründə sənayenin dövlət sektorunda 138,9 milyon manatlıq və ya ümumi istehsalın 66,4 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məruzəçi qeyd etdi ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə beton, gips və sement məmulatlarının istehsalı 4,9 faiz, zeytun yağı istehsalı 50,7 faiz, kakao yağı istehsalı 81,9 faiz, sərinləşdirici içki istehsalı 7,7 faiz, süd məhsulları və duz istehsalı müvafiq olaraq 4,9 faiz və 17,9 faiz, əczaçılıq məhsulları istehsalı isə 32,5 faiz artmışdır. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-iyun aylarında istehlakçılara 212,9 milyon manatlıq məhsul göndərilmişdir. Natiq bildirdi ki, hesabat dövründə daxili imkanlar hesabına yerinə yetirilən podrat işlərinin həcmi 229,4 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 59,6 faiz artım deməkdir. Cari ilin ilk yarısında rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 63,1 milyon manatlıq investisiya yönəldilmişdir. Ümumi investisiyanın 57 milyon manatı və ya 89,3 faizi dövlət müəssisələrinə aid olmuşdur. Hesabat dövründə rayon üzrə 16,5 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. Bu ilin birinci yarısında istifadə edilmiş investisiyaların 46,6 milyon manatı və ya 73,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur.

İ. Mehdiyev daha sonra qeyd etdi ki, 2013-cü ilin ilk yarısında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 813,7 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 115,7 milyon manata çatmışdır ki, bu da keçən ilin müvafiq dövründəkindən artıqdır. Ümumi ticarət dövriyyəsinin 19,9 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 7,5 faizi fiziki şəxslərin, 72,6 faizi isə yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının dövriyyəsinin payına düşür. Bundan əlavə, hesabat dövründə rayonun iaşə müəssisələrində 13,7 milyon manatlıq xidmət göstərilmişdir. İlin əvvəlindən fəaliyyət dairəsi xeyli genişlənmiş özəl müəssisələrin rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində müstəsna rol oynadığını diqqətə çatdıran məruzəçi bildirdi ki, pərakəndə ticarət dövriyyəsinin 100 faizi, pullu xidmətlərin isə 80,8 faizi məhz həmin müəssisələrin payına düşmüşdür.

2013-cü ilin ötən altı ayı ərzində rayon üzrə rabitə xidmətləri sahəsində 38,2 milyon manat, nəqliyyat üzrə isə 29,6 milyon manat dəyərində xidmətlər göstərilmişdir. Məşğulluq strategiyasının həllinə diqqətin getdikcə artırıldığını bildirən məruzəçi dedi ki, hesabat dövründə rayonda 1072 iş yeri yaradılmışdır ki, bunun da 247-si yeni açılmış, 35-i mövcud müəssisə və təşkilatlarda, 790-ı isə fiziki şəxslərə aiddir. Bütövlükdə isə 2003-cü ildən 2013-cü il iyulun 1-dək Nizami rayonunda 22430 yeni iş yeri açılmışdır ki, bunun da əksəriyyəti daimidir. Cari ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq əmək haqqının 419,9 manat təşkil etdiyini vurğulayan məruzəçi ayrı-ayrı sahələr üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən də geniş bəhs etdi. Qeyd olundu ki, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları sosial sahədə əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Bütövlükdə isə 2013-cü ilin ilk yarısında rayon üzrə pensiya, müavinət və sosial yardımın ödənilməsinə 1,9 milyon manat vəsait xərclənmişdir.

2013-cü ilin ötən dövrü ərzində rayonda elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən İldırım Mehdiyev abadlıq və quruculuq işlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu diqqətə çatdırdı, bu sahədə əldə olunmuş uğurları sadaladı.

Məruzə ətrafında çıxış edən digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar. Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğulayan natiqlər rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər, il ərzində görüləcək işlərdən bəhs etdilər.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında