Azərbaycan mətbuatının nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Azərbaycanda Milli Mətbuat Gününün böyük təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Neçə illərdir ki, davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı fərman imzalamışdır. Həmin vaxtdan hər il iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının nümayəndələri, həmçinin televiziya və agentliklərin rəhbərləri, bir sıra qəzet və jurnalların redaktorları, əməkdaşları Milli Mətbuat Günü münasibətilə iyulun 22-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulmuş, böyük mütəfəkkirin xatirəsi anılmışdır.

Böyük maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışmışdır. Bildirmişdir ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunmuş, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.

Qeyd edilmişdir ki, 138 il əvvəl görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı olacağını bilsəydi, qürur hissi keçirərdi. O dövrdə 5-10 ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların təfəkküründən yararlanmaq hər ziyalının işi deyildi. Bu səbəbdən Milli Mətbuat Gününün məhz Həsən bəy Zərdabinin adı, onun yaratdığı “Əkinçi” qəzeti ilə bağlanması bu böyük publisistin haqqıdır.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxışında son illər ölkəmizdə medianın inkişafı, fikir və məlumat azadlığının təmin olunması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, mətbuatın hüquqi-normativ bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun iqtisadi müstəqilliyinin təmin edilməsi də dövlətin diqqət mərkəzindədir. Azərbaycanda 156 jurnalistin dövlət tərəfindən mənzillə təmin olunması bunun parlaq nümunəsidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

Şəkillərə iri formatda baxmaq üçün üzərində klikləyin



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında