Tatyana Bubnova: AzərTAc Azərbaycan haqqında informasiyanın yayılmasında mühüm yer tutur

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (MDHƏF) icraçı direktorunun müavini Tatyana Bubnova Bakıya səfəri və AzərTAc-ın 90 illik yubiley tədbirlərində iştirakı ilə bağlı təəssüratlarını bölüşmüşdür.
T.Bubnova demişdir: "Qədim informasiya agentliklərindən biri olan AzərTAc-ın 90 illik yubileyi ilə əlaqədar tədbirlərdən ən xoş təəssüratla qayıtmışam. Əvvəla, gözəl, çox açıq və gülərüz, qonaqpərvər insanlar məni heyran etdi. İkincisi, yubiley tədbirləri çox yüksək səviyyədə keçirilmişdir. Xarici agentliklərin, MDB ölkələri agentliklərinin çoxlu nümayəndələri var idi, bu isə agentliyinizin təkcə postsovet məkanında deyil, dünyada böyük nüfuzundan xəbər verir. Biz bilirik ki, AzərTAc-ın geniş respondent şəbəkəsi vardır və onlarla sıx əlaqə saxlanılır. Elə biz də Azərbaycan haqqında informasiyaların yayılmasında xüsusi yer tutan bu agentliklə çox sıx qarşılıqlı əlaqə saxladığımız üçün tədbirlərdə iştirak edirdik".
MDB-də humanitar əməkdaşlığın möhkəmləndirilməsində və ümumi mədəni məkanın yaradılmasında milli informasiya agentliklərinin, o cümlədən AzərTAc-ın rolu barədə suala cavab verən Tatyana Bubnova bildirmişdir ki, birlik ölkələri arasında humanitar əməkdaşlığın möhkəmlənməsində KİV-lərin, o cümlədən milli informasiya agentliklərinin rolu çox böyükdür. O demişdir: "Onlar bu işdə böyük rol oynayırlar, çünki informasiya agentlikləri informasiya bələdçisi kimi böyük əhəmiyyətə malikdirlər. Müasir dünyada informasiya, demək olar ki, hər şeydir. İnformasiyanın təqdim olunmasından, işıqlandırılmasından, qərəzsiz və obyektiv təqdim olunmasından çox şey asılıdır. Vahid informasiya məkanı barədə ideya humanitar əməkdaşlıq haqqında MDB səviyyəsində imzalanan sənədlərdə hələlik əksini tapmasa da, bu məkan de-fakto mövcuddur. Məhz informasiya agentlikləri, o cümlədən AzərTAc bu məkanı inkişaf etdirir, genişləndirir və birləşdirirlər. Bilirəm ki, MDB-nin üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyası (ANİA) yaradılmışdır. MDB informasiya agentlikləri burada informasiya mübadiləsi aparırlar. Onlar informasiyalarının bir hissəsini oraya göndərirlər ki, həmkarları bu informasiyalardan pulsuz istifadə edə bilsinlər. Düşünürəm ki, AzərTAc ANİA-da fəal rol oynayır. Biz Bakıda olanda AzərTAc MDB Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının agentliyinizin yubileyinə həsr olunmuş XI iclasına ev sahibliyi edirdi. Qonaqpərvər ev sahibi kimi AzərTAc bu iclasın yüksək səviyyədə keçməsi, çox mühüm qərarların qəbul edilməsi üçün əlindən gələni etmişdir".
MDHƏF-in nümayəndəsi qeyd etmişdir ki, Bakıda olarkən AzərTAc-ın rəhbərliyi ilə əməkdaşlıq perspektivləri və müxtəlif birgə layihələr müzakirə olunmuşdu. Tatyana Bubnova demişdir: "Biz AzərTAc-n baş direktoru Aslan Aslanov ilə söhbət etdik, bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq, qarşılıqlı anlaşmaya gəldik və bir-birimizə qarşılıqlı rəğbət hisslərimiz yarandı. Düşünürəm ki, artıq uzun müddətdir çox sıx əməkdaşlıq etdiyimiz AzərTAc ilə qarşılıqlı fəaliyyətimiz artıq başqa keyfiyyətdə davam etdiriləcəkdir. Biz agentliyin jurnalistlərini bütün tədbirlərimizə, mətbuat konfranslarına, press-turlara dəvət edir, fəaliyyətimiz barədə informasiya ilə təmin edirik. Biz AzərTAc-ın birgə layihələrdə iştirak edə biləcəyindən də danışmışıq. Biz gənc jurnalistlər üçün kurslar, digər tədbirlər keçirə bilərik. Məncə biz sıx əməkdaşlıq edəcəyik".
T.Bubnova əlavə etmişdir: "Azərbaycanın sosial-iqtisadi inkişafı və iqtisadi uğurları göz qabağındadır. Şəhərinizə heyran qalmışam. O nəinki gözəldir, həm də dinamik inkişafdadır. İndi Bakıda tikilən yeni binalar ətrafdakı arxitekturaya çox uyğunlaşdırılmışdır. Bəzən yeni binanı, köhnə binadan ayırmaq çətin olur. Şəhər fəal tikilir, landşaft dizaynı da çox gözəldir. Bütün bunlar dünya maliyyə böhranına baxmayaraq, ölkənin iqtisadi rifahından xəbər verir. Bakıya səfərimdən ən xoş təəssüratlar qalmışdır".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında