Azərbaycanda korrupsiya ilə mübarizədə siyasi iradə mövcuddur

 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Azərbaycanda korrupsiya ilə mübarizədə siyasi iradə olduğunu təsdiqlədi. Bu barədə “Trend”ə millət vəkili Fuad Muradov bildirmişdir.

F. Muradov demişdir ki, bütün Avropa ölkələrində də korrupsiya faktları mövcuddur və bu, bir neçə günə həll olunacaq məsələ deyil: “Əsas olan cənab Prezidentin siyasi iradəsinin ortalıqda olması, ölkədə həyata keçirilən islahatlar və islahatların əhali tərəfindən geniş dəstək almasıdır”.

Millət vəkili vurğulamışdır ki, korrupsiya ilə mübarizə bir prosesdir və Azərbaycanda davamlı olaraq həyata keçiriləcək:“Bu gün, ümumiyyətlə, dünyada korrupsiya ən çox gündəmdə olan məsələdir və hər bir ölkədə onun həllinin tapılmasına çalışırlar. Azərbaycanda artıq korrupsiya ilə mübarizə sahəsində çox ciddi irəliləyiş əldə olunub. İlk növbədə, vətəndaşlarla icra qurumlarının ünsiyyəti minimuma enib, hər hansı arayışın, texniki sənədlərin alınmasında məmur-vətəndaş ünsiyyəti minimuma çatıb. Artıq bunun da nəticəsi olaraq korrupsiya faktları azalıb. ”ASAN xidmət"in yaranması vətəndaşların işinə çox böyük kömək olub. Misal üçün, pasport alınması qaydaları sadələşdirilib, sürücülük vəsiqələrinin dəyişdirilməsi asanlıqla həyata keçirilir və digər məsələlərdə ciddi irəliləyişlər baş verib".

Millət vəkili vurğulamışdır ki, artıq beynəlxalq təşkilatların korrupsiya ilə bağlı yaydığı hesabatda göstərilir ki, Azərbaycanda bu sahədə uğurlar əldə olunub.Qeyd edək ki, iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin səmərə verdiyini bildirmişdir.

Prezident İlham Əliyev demişdir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir: “Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır.”

Prezident bildirmişdir ki, əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır: “Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaqdır. Eyni zamanda, inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaqdır. Onların içində, əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur. ”Asan xidmət"in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur.

Eyni zamanda, əlbəttə ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır. Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan, bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında