Özbəkistanda yaşayan azərbaycanlılardan Yeni Azərbaycan Partiyasının (YAP) ünvanına məktub daxil olmuşdur.
YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məktubda Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporunun özündə 50 min nəfərdən çox soydaşımızın birləşdiyi göstərilmişdir. Məktubda bildirilir ki, müxtəlif illərdə və müxtəlif səbəblərdən bu ölkəyə köçən azərbaycanlılar qardaş xalq tərəfindən çox səmimi qarşılanmış və ölkənin həyatına qaynayıb-qarışmışlar. Azərbaycanlılar ölkənin ictimai-siyasi və mədəni-iqtisadi həyatında fəal iştirak edirlər. Özbəkistanda yaşayan həmvətənlərimiz arasında görkəmli alimlər, ictimai xadimlər, həkimlər, müəllimlər, mühəndislər, hüquqşünaslar, idmançılar və incəsənət ustaları da vardır. Bir sözlə, qardaş ölkə həyatının elə bir sahəsi yoxdur ki, azərbaycanlılar özlərini məsuliyyətli, peşəkar mütəxəssis və zəhmətkeş kimi göstərməsinlər.
Məktubda deyilir: “Özbəkistanda qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Mədəniyyət Mərkəzi və onun filialları ölkənin bir çox regionlarında səmərəli fəaliyyət göstərir. Onların fəaliyyətlərinin əsas məqsədi milli mədəniyyətimizi, ədəbiyyatımızı və incəsənətimizi, xalqımızın adət-ənənələrini qorumaq, gənclərin beynəlmiləl və tolerant ruhda tərbiyəsini təşkil etməkdir.
Bununla yanaşı, bizlərdən heç kim tarixi Vətənimiz olan Azərbaycanı yaddan çıxarmır, onun maraqları və istəkləri ilə yaşayır, orada baş verən hadisələri çox böyük diqqətlə izləyir. Özbəkistanda daimi yaşayan azərbaycanlılar ulu öndərimiz Heydər Əliyevin xatirəsini daim uca tuturlar. Paytaxt Daşkənd şəhərinin mərkəzində Heydər Əliyevin adını daşıyan küçədə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ucaldılmışdır.
Prezident İlham Əliyevin şəxsində biz ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısını görürük. Keçən bu illər ərzində Prezident İlham Əliyev çox böyük işlər görmüş, o cümlədən Azərbaycan-Özbəkistan dostluğunun daha da möhkəmlənməsinə nail olmuşdur. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun dəvəti ilə Özbəkistana səfəri zamanı Prezident İlham Əliyev Daşkəndin ən gözəl binalarından biri olan Azərbaycan Mədəniyyət Mərkəzində olmuş, Mərkəzdə çalışan əməkdaşlarla və diaspor təşkilatlarımızın fəalları ilə görüşərək, problemlərimizlə maraqlanmış və bizə öz dəstəyini göstərmişdir.
Məmnuniyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın mövqeyi dünya siyasi arenasında daha da güclənmişdir. Vətəndaşların rifahı daha da yaxşılaşmış, iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Gənclər hərəkatının inkişafına, təhsilə, idman və səhiyyəyə böyük dəstək göstərilmişdir. Bu barədə biz yalnız mətbuat, televiziya və radio vasitəsilə deyil, həmçinin Azərbaycanda yaşayan dostlarımız və qohumlarımız vasitəsilə məlumatlar əldə edirik.
Azərbaycan diasporu prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsini böyük sevinclə qarşılamışdır. Çünki Azərbaycanın əldə etdiyi nailiyyətlər onun adı ilə bağlıdır. Onu yalnız milyonlarla soydaşlarımız deyil, Azərbaycanın dünyadakı bütün dostları, həmçinin Özbəkistanda olan diasporumuz dəstəkləyir.
Azərbaycan və özbək xalqlarını çoxillik dostluq telləri birləşdirir. Biz əminik ki, İlham Əliyev yenidən Prezident seçilərsə, iki ölkənin əlaqələri daha yüksək səviyyəyə qalxacaqdır.
Biz Özbəkistanda yaşayan azərbaycanlılar daim Azərbaycanın və onun Prezidenti İlham Əliyevin diqqətini hiss etmişik.
Azərbaycan vətəndaşı olmadıqlarına görə Özbəkistanda yaşayan bir çox azərbaycanlılar qarşıdan gələn seçkilərdə bu və ya digər namizədə səs verə bilməzlər, lakin bizdən kimi Azərbaycan Prezidenti görmək barədə xəbər alsalar, tarixi Vətənimizdəki bu yüksək vəzifədə birmənalı olaraq yenidən dövlət başçısı İlham Əliyevi görmək istədiyimizi söyləyərdik.
Biz tarixi Vətənimizin bir kiçik hissəsi olaraq Azərbaycan xalqına öz mövqeyimizi çatdırmaq istəyir və xalqımıza gələcək həyatında daha böyük uğurlar arzulayırıq”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.