Bir də görürsən, biri deyir ki, “mən kişiyəm”. Uzun illərdir belə adamlar və “mən kişiyəm” sözləri haqqında çox düşünmüşəm. Hamı bilir ki, həyatda iki cins olur - kişi və qadın. Bəs, bu “mən kişiyəm” deyənlər nə istəyirlər? Görürük də, kişisən, qadın deyilsən! Bu sözləri qadın qarşısında demək isə çox əcayibdir! Ha başımı sındırıram, “mən kişiyəm” deyənlərin məqsədini başa düşə bilmirəm.
Bir də görürsən, ona tay olan bir başqası da cavab verir, ki, “sən kişi olanda, kişilik dəbdən düşəcək”. Başqaları isə deyir: “Kişilik Koroğlu ilə getdi”.
Çox görmüşəm, “mən kişiyəm” deyənlərdə nə isə bir şey çatmır, yaxud ailəsində bir naqislik var. Adam nə qədər deyər, “mən kişiyəm”?! Bu, nə demək istəyir, qarşısındakını kişi hesab etmir, yoxsa, sübut etmək istəyir ki, təkcə o kişidir?
“Mən kişiyəm” deyənlərdən soruşmaq lazımdır və soruşuram: Balaca bir idarənin müdirisən, vəzifən var, ona görə kişisən? Sən ki, özündən böyüklərin qarşısında ikiqat əyilirsən! Yaltaqlıq etməkdən sifətində qırışlar əmələ gəlib! Deməli, yarındıqların daha yaxşı kişidirlər, eləmi? Pulun çoxdur? Sənin kimi pullular ona-buna pul xərcləyirlər ki, bəlkə, birtəhər hörmət qazansınlar...
Ailənə yaxşı baxırsan? Ömründə zənbil götürüb bazara getməmisən, xanımını bazara göndərirsən. Hələ lovğa-lovğa orada-burada danışırsan ki, “kişi nədir, bazar nədir! Arvadın canı çıxsın, işdən gələndə özü bazarlıq etsin!”. Ay bədbəxt, evinin bir lampası xarab olanda da xanımın dəyişir! Uşaqlara da, sənə də baxır, gecə-gündüz şam kimi yanır. Sən isə deyirsən, qoy, bazarlığı da o eləsin! Deməli, sən belə kişisən!
Danışığını da bilmirsən. Bilsəydin, addımbaşı deməzdin ki, “mən kişiyəm”. Ona görə də hansısa bir məclisdə üç-dörd kəlmə mərifətli söz deyə bilmirsən. Mədəniyyətin də yox! Mədəniyyəti olmayan adam heç yaşına uyğun geyinə də bilməz. Deməli, şit geyinirsən...
Sənin kimiləri hərəkətlərini, oturub-duruşlarını da bilməz. Böyük-böyük danışar, orda-burda özünü öyər, kişilikdən dəm vurarlar. Sənsən kişi?
Görün, nə günə qalmışıq ki, sənin kimilərinin sayəsində ekranlarda, səhnələrdə qadınlar kişilərə deyirlər: “Kül sənin kişi başına!” İyirmi-otuz il əvvəl ekranlardan, səhnələrdən belə sözlər eşitmişdik? Yüz il bundan əvvəl belə söz deyəni “yerbəyer” eləyərdilər...
Gəncliyimdə çox yaraşıqlı, geyimli-keçimli bir cavan oğlan tanıyırdım. Azərbaycanda hansı qızı istəsəydi, onunla evlənə bilərdi. Sevdiyi qız isə rus idi. İş yerindən hər gün ona zəng vurub, saatlarla danışardı. Bir gün çoxlu telefon danışığı borcu olduğu üçün onu işdən qovdular.
Valideynləri, qardaşları onu sevgisindən döndərə bilmir, hətta, məni köməyə çağırırdılar. Çəkinə-çəkinə ona söz deyəndə, xahiş edirdi ki, işinə qarışmayım. Mən də qarışmırdım. Bir gün böyük bir şadlıq sarayında toyuna getdik. Atasının qanı çox qara idi. Soruşdum, nə olub? Dedi ki, oğlum bu qızla evlənir, ürəyim partlayacaq! Elə də oldu, düz bir aydan sonra, kişi dünyasını dəyişdi. Bilirsinizmi, bu cavan oğlan niyə rus qızı ilə evləndi? Çünki rus məktəbində oxumuşdu, nə öyrənmişdisə, onlardan öyrənmişdi. Ondan törəyənlər nə olacaqlar? Əməlli-başlı nə Nizamini, nə Füzulini, nə Sabiri, nə Mirzə Cəlili tanıyacaqlar. Nə Azərbaycan adət-ənənələrini biləcəklər, nə də musiqimizi başa düşəcəklər. İnanmıram, Puşkini, Tolstoyu da lazımınca öyrənsinlər. Deməli, hər şeydən yarımçıq olacaqlar. Oğlan uşaqları bilməyəcəklər ki, Azərbaycan kişisidirlər, yoxsa rus “mujiki”...
Gənc oğlanlar ağızlarını açan kimi deyirlər ki, “təmiz qız axtarıram. Özü də gərək ideal olsun”. Bundan bir soruşan gərək, sən özün təmizsən, idealsan? Yaxşı, əvvəl-axır, “təmiz qızla” evlənirlər. Axırı, nə olur? “Arvadsan, otur arvad yerində!” Görəsən, belə kişilər kişi yerində otura bilirlər? Xalqın, necə deyərlər, gül kimi qızlarını alıb, bədbəxt edirlər!
Görkəmli dramaturq İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesində belə bir epizod var: Qız gecə vaxtı görüşdən gəlir. Anası ona anlatmağa çalışır ki, “qızım, bizim kişilərin nəvazişlərindən aldığımız zövqün ömrü cəmi üç ay çəkir. Sonra bizə ayağını yerə möhkəm dirəmiş, namuslu, qeyrətli ər lazımdır!”. Bu, o deməkdir ki, sadəcə olaraq, sevgi ilə evlənmək olmaz, gərək gələcək həyat yoldaşını yaxşı tanıyasan. Biləsən, əsli-kökü nədir, keçmişi nədir, gələcəyi nə ola bilər!
Xalq arasında belə bir məsəl var: “Əvvəlcə İmam sifətində görünürlər, sonra Yezidə dönürlər”. Bu sözləri əsasən, kişilər haqqında demişlər. Gecə-gündüz qızlara yalvaran, dil tökən, arxalarınca sürünən, minnətçi düşənlər evlənəndən sonra Yezid nədir, lap İblisə dönürlər! “Mən kişiyəm” deyib, hayqırırlar. Pa atonnan! Kişiyə bax! Xalqın qızını almısan, dolandır də! Bu nə biabırçılıqdır, məhkəmələrdə nə baş verir bilirsiniz? İki qaşığın birini arvada verməlisən. Az qalır, aldığın alt paltarlarının da adını çəkəsən! Kişi deyilsən? Papağını götür, çıx, get! Şair demişkən, “getmək istəyirsən, bəhanəsiz get”. Onsuz da onun qururunu qırmısan, ömürlük bədbəxt etmisən, uşaqlarını da üstünə atmısan, aliment verməkdən də boyun qaçırırsan! Bəs, deyirdin, “mən kişiyəm?” Nə oldu? Sənin kişiliyin bura qədərmiş?
Yəqin ki, eşitmisiniz, deyirlər: “Filankəs arvad hesabına yaşayır”. Bu nə deməkdir? Yəni “kişinin” xanımı işləyir, yaxud valideynləri ona kömək göstərir, “kişi” isə işləmir, işləmək də istəmir. Beləliklə, ailəsini maddi cəhətdən qətiyyən təmin etmir, orda-burda da lovğalanır ki, “mən kişiyəm”. Kişisən, get, daş daşı, yük boşalt, fəhləlik elə... ailəni dolandır. Belə “kişilər” əslində ailədə heç kimə lazım deyil. Belələrinin cəmiyyətdə də hörməti olmur. A bala, özün dolana bilmirdin, evin-eşiyin də yox idi, niyə evlənirdin? Bəs, haradadır sənin kişilik məsuliyyətin?
İstanbulda işləyəndə Az.TV-nin əməkdaşlarından bir qrupu qonağımız oldu, məşhur aparıcı Nailə İslamzadənin “Ailələr və talelər” verilişinin maraqlı bir çəkilişini apardılar. Verilişdə tanınmış türk vətəndaşları ilə yanaşı, mən də iştirak edirdim. Bir professor dedi ki, “arvadından narazısansa, bütün ömrü çürütməyə dəyməz, boşa, getsin”. Onun bu sözləri məni qəzəbləndirdi, soruşdum: “Bəs uşaqlar? Siz gözəl yaşayışınıza görə, xanımınızı boşayacaqsınız, uşaqlar da yetim qalacaq, eləmi? Şəxsən mən, balamın bir damla göz yaşının axmaması üçün həyatımdan keçməyə hazıram!”.
Verilişdə türk “kişisi” tərəfindən incidilən, alçaldılan, zülm edilən bir qadını da müdafiə etdim. Veriliş efirə gedəndən sonra Türkiyə və Azərbaycan vətəndaşları mənə zəng vurdular, dediklərimi təqdir etdilər. İndiyədək həmin professorun ürəksizliyi məni düşündürür. Yaxşı, birinci arvadı boşadın, ikinci arvadı aldın, o da pis çıxdı, onu da boşayıb üçüncüsünü alacaqsan? Görəsən, o professor tələbələrinə də belə öyüd-nəsihət verir?
Deyirlər, oğul atadan nümunə götürər. Neçə-neçə “oğullar” görmüşəm ki, birini boşayıb, ikincisini alıb. Heç demə, atası da ikinci qadınla evlənib.
Musiqiçi balasının çox vaxt musiqiçi olduğunu, rəssam uşağının rəssam olduğunu, aktyor oğlunun aktyor olduğunu görmüşük. Bu “varisliyi” həmişə qəbul etmişik. Amma, atası ikinci qadınla evlənib deyə, oğul da ona oxşamalıdır? Bu nə bəhsəbəsdir belə? Onlara bir məsləhətimiz var: Balalar, gördünüz atanız belə bir iş görüb, siz onun yolu ilə getməyin. Birdəfəlik bilin, birincinin qədir-qiymətini bilməyən, ikincisinin heç bilməz. Gərək bu, qızların da qulağında “sırğa” olsun...
Gəncliyimdə “Bakı” axşam qəzetinin müxbiri idim. Felyetonlar yazırdım. Redaksiyaya bir dələduz barədə şikayət məktubu daxil olmuşdu. Redaktor mənə tapşırdı ki, tənqidi yazı hazırlayım. Belə oldu ki, gecə saat 11-də həmin dələduzla Yasamaldakı evinin həyətində görüşdüm. Xanımı qarşıma çay qoydu. Tənqidi yazı hazırlayacağımı bildirəndə, müsahibim yekə bir çörək bıçağını stolun üstünə qoydu və dedi: “Yazını yazsan, bu bıçaqla səni öldürəcəyəm! Kişi kimi söz verirəm!” Dedim, “incimə, sən kişiyə oxşamırsan!” Soruşdu, “niyə?” “Kişi evinə gələn qonağı bıçaqla qorxutmaz”, — dedim. Guya, dediyi sözdən utanaraq, üzr istədi. Amma, yenə də yazsam, mənə xətər yetirəcəyini bildirdi. Çay da içmədim, həyətdən çıxdım. Bir həftədən sonra felyetonum qəzetdə dərc olundu. Özünə “kişi” deyən fırıldaqçını əməllərinə görə, məhkum etdilər...
Görün, kişilik meyarları nə qədər yüngülləşib ki, radioda belə bir reklam verirlər: “Prostomol! Kişi ol!” Prostomolla kişi olmaq olar?!
Televiziyalarda isə tez-tez bu reklamı göstərirlər: “Kişiliyini sübut et”! Tamaşaçılar da maraqla baxırlar ki, necə? Biri tapançadan atəş açıb, gülləni bir dairədən keçirir. Olur əsl kişi!
Başqa bir reklama görə, kişilərin ağlını başından çıxarmağın bir yolu varmış: “Naz-qəmzənizlə kişilərin ağlını başdan çıxarın. Bəzənin, düzənin”. Deməli, bəzənib-düzənməklə kişilərin ağlını başından çıxarmaq olarmış... Bu xanımdan soruşmaq istəyirəm: kişilərin ağlını başından çıxarmaq sənin nəyinə lazımdır?
Bir də baxırsan, reklam gedir: dənizin sahilində oğlanla qız çimərlik paltarında uzanıblar. “Həzz dəqiqələri cənnəti xatırladır. Həzz dəqiqələrində Baunti yeyin...” (Heç dəxli var?)
Bax, budur kişilik meyarlarına baxış! Onun üçün də “mən kişiyəm” deyənlər çoxalıb!
Biz də “həzz dəqiqələrində” belə yazılar yazırıq...
Xeyrəddin QOCA,
yazıçı-publisist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.