Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında Gəzdim Azərbaycanı: Bakı-Quba

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) “Gəzdim Azərbaycanı” layihəsi bu dəfə Azərbaycanın uca dağlara, sıx meşələrə, qədim abidələrə, zəngin etnik tərkibə malik bölgəsi olan Qubadan bəhs edir.

Müasirləşən, modernləşən bölgələrimizin dünyaya tanıdılması məqsədilə hazırlanmış altı dəqiqəlik videoreportajda yaşıllıqlar diyarı Qubanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və təbiəti barədə məlumat verilir.

Süjetdə qeyd edilir ki, Quba xanlığının paytaxtı  olmuş şəhərdə memarlığı və tarixi ilə diqqəti cəlb edən çox tikililər vardır. XIX əsrə aid Səkinə xanım, Hacı Cəfər və Cümə məscidləri, Günbəzli hamam, Tağlı körpü Quba memarlığının şah əsərlərindəndir.

Videoreportajda Qubadakı kütləvi soyqırımı məzarlığı barədə də məlumat verilir. Qeyd edilir ki, məzarlıq 2007-ci ildə Qudyalçayın sağ sahilində yerləşən stadionun yaxınlığında yenidənqurma işləri aparılarkən aşkar edilmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, burada 1918-ci ildə erməni-daşnak quldurları tərəfindən kütləvi qırğın törədilmişdir. Ərazidə böyük memorial kompleks də inşa olunmuşdur.

Süjetdə bildirilir ki, müasir Quba qabaqcıl təhsil, idman, səhiyyə sahələrinin olduğu bir şəhərdir. Şəhərdə şahmat məktəbi, gənclər mərkəzi tikilmiş, yeni mədəniyyət ocaqları inşa olunmuş, yeni parklar salınmışdır.

Videoreportajda Qubanın Azərbaycanın inkişaf etmiş kənd təsərrüfatı rayonlarından olduğu vurğulanmışdır. Quba almasının təkcə bu rayonda deyil, bütün Azərbaycanda məşhur olduğu, rayonun bağlarında yetişdirilən almaların Azərbaycanın və Rusiya bazarlarında satıldığı diqqətə çatdırılmışdır.

“Gəzdim Azərbaycanı: Bakı-Quba” videoreportajında füsunkar təbiətinin Qubanı turizm üçün çox cəlbedici etdiyi də vurğulanır. Bildirilir ki, burada turistlər üçün hər cür şərait vardır. Həmçinin süjetdə bildirilir ki, Quba  Azərbaycanın tolerantlığının nümunəsidir. Burada azsaylı xalqların nümayəndələri vahid ailə kimi yaşayırlar. Qubada azərbaycanlılarla yanaşı, tatlar, ləzgilər, ruslar, yəhudilər və digər milli azlıqların nümayəndələri özlərinə məxsus adət-ənənələrini qoruyub saxlamışlar.

Yəhudi məhəlləsi kimi Qubada məşhur olan Qırmızı Qəsəbə şəhər kənarında, Qudyalçayın sahilində yerləşir. Yəhudilərin məskunlaşdıqları bu ərazi xarici və yerli turistlər üçün maraqlı bir məkandır. Qəsəbə dağ yəhudilərinin dünyada ən sıx yaşadıqları ərazidir.

Videoreportajda Qubanın sıldırım qayaları üzərində, təqribən 2500 metr hündürlükdə yerləşən qədim yaşayış məntəqəsi Qrız kəndi və məşhur dağ kəndi Xınalıq haqqında da geniş və ətraflı məlumat vardır.

“Gəzdim Azərbaycanı: Bakı-Quba” videoreportajında bu bölgənin özünəməxsus şirniyyatı barədə də məlumat verilir. Bu videoreportjla və həmçinin Azərbaycanın digər bölgələrindən hazırlanmış tanıtım videoları ilə bu linkdən http://azertag.com/the_modernizing_districts ttp://azertag.com/the_modernizing_districts  tanış olmaq mümkündür.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında