“Geostrategiya” jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

 

 Aylıq ictimai-siyasi, elmi-populyar “Geostrategiya” jurnalının 2013-cü il may-iyun nömrəsi çapdan çıxmışdır. AzərTAc xəbər verir ki, təsisçisi “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Nəşrə başladığı qısa müddət ərzində “Geostrategiya” jurnalı geniş populyarlıq qazanmışdır. Buna səbəb jurnalın Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkəmizin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırmasıdır. Nəşrin hər nömrəsində respublikamızın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin təhlilinə geniş yer verilmişdir.

Jurnalın yenicə çapdan çıxan nömrəsində də bu məsələlər diqqətdə saxlanmışdır.

“Geostrategiya”nın yeni nömrəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin ordumuzun 95 illik yubileyinə həsr olunmuş hərbi paradda söylədiyi tarixi nitqlə açılır.

 Nəşrdə tarix elmləri doktoru, professor Əli Həsənovun rus dilində dərc olunmuş “İranın Xəzər-Qara dəniz hövzəsinə yanaşması və Cənubi Qafqazın təhlükəsizliyi, Azərbaycanın təhlükəsizlik sahəsində geostrateji maraqları” məqaləsi zəngin tarixi faktlar və müasir analitik təhlili ilə diqqəti cəlb edir.

“Geosiyasət” rubrikası altında dərc olunmuş bu sanballı məqalədə Cənubi Qafqaz və Orta Asiya məsələlərində özünəməxsus funksiyası olan dövlətlərdən biri kimi İranın qonşu ölkələrlə, eləcə də Azərbaycan ilə bağlı maraqları öz əksini tapmışdır.

Professor qeyd edir ki, İranın Orta Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik məsələlərinə, regionun hərbi -geostrateji problemlərinə özünün tarixi yanaşması vardır. İran region dövlətləri arasında hansısa qeyri-stabilliyin, münaqişənin yaranmasında maraqlı deyildir.

Müəllif dərin elmi araşdırmalara əsaslanan məqaləsində əsas diqqəti İran ilə Azərbaycan arasında mövcud olan tarixi dostluq ənənələrinin bu gün də uğurla davam etdirilməsinə təkan verən amillərə yönəltmişdir.

Məqalədə bir daha diqqətə çatdırılmışdır ki, İran ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Jurnalda tarix üzrə fəlsəfə doktorları Tofiq Nəcəflinin “Tufan Gündüzün “Son qızılbaş Şah İsmayıl” kitabı ilə bağlı bəzi qeydlər” və Nəcəf Müseyiblinin “Qəbələ rayonundakı Qalayeri xalkolit dövrü yaşayış məskəni ön Asiya - Qafqaz miqrasiyaları kontekstində” sərlövhəli məqalələri də böyük maraq doğurur.

Bunlardan əlavə, jurnalda professor Qabil Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan ilə iqtisadi əməkdaşlığından, tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyevin müasir dövrdə Cənubi Qafqazın geosiyasi problemlərindən bəhs edən araşdırmaları dərc edilmişdir.

Oxucular, həmçinin “Geostrategiya”nın yeni nömrəsində AMEA-nın Tarix İnstitutunun dissertantı Akif Məmmədlinin Şimal-Qərbi Azərbaycanın tarixi toponimlərinin öyrənilməsinə, gənc geoloq Əziz Fərəcovun süxurların maqnit xassələrinin araşdırılmasına və digər  fəlsəfi, dini, ədəbi mövzulara həsr edilmiş maraqlı yazılarla tanış ola bilərlər.

Jurnalın bu nömrəsində, eyni zamanda, rusdilli auditoriyanın istəyi nəzərə alınaraq rus dilində maraqlı yazılar dərc edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında