Ömrü örnək olanlar

Bir görüşün təəssüratı
Son vaxtlar gənclərimizin mənəvi tərbiyəsində müşahidə etdiyimiz nöqsanlardan tez-tez gileylənirik. Amma bu işdə biz yaşlıların da günahkar olduğunu heç düşünmürük. Mənalı ömür yaşamış insanlar haqqında sovet dönəmində daha çox yazardıq. Onları gənclərə örnək göstərərdik. Deyim ki, əhəmiyyəti də çox olurdu.
Gəncədə tanınmış ziyalı Zahid müəllimlə rastlaşanda qəlbimdə məhz bu cür duyğular yarandı. Onu çoxdan tanıyırdım. Bilirdim ki,60-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunda işləyirdi. 80-ci illərdə şəhər qəzetində işləyərkən texniki bitkilərin xəstəlikləri sahəsində elmi tədqiqat apardığından da məlumatım var idi. Bu da həyatın bir möcüzəsi idi. Uzun illərdən sonra görüşməyimizə çox sevindim və onunla bir neçə saat ünsiyyətdə oldum. Həyat kitabını vərəqlədim. Mənalı bir ömrün tarixçəsini qələmə almağı qərara aldım. İstədim ki, həyatın kəşməkəşləri qarşısında davam gətirən, əsl alim, ziyalı, müdrik ağsaqqal, qeyrətli vətəndaş ömrü yaşayan bu şəxsin həyatı başqalarına da örnək olsun.
Zahid Abuzərli Gəncədə dünyaya gəlsə də, ailəsində daim eşitdiyi başqa bir vətənin xatirələri ona da Ermənistanın Üçkilsə kəndinin sevgisini yaşatmışdı. 1918-ci ildə ermənilərin zülmündən baş götürüb qaçan babası Hüseyn kişi Gəncəbasarda məskunlaşmış, övladlarını əsl azərbaycanlı kimi böyüdüb başa çatdırmışdı. Zahid müəllimin atası Əlipaşa Abuzərli görkəmli pedaqoq kimi tanınırdı. Samuxda maarif müdiri, Gəncədəki 1 və 16 saylı məktəbdə direktor işləmişdi. Qəribədir ki, soyadlarının Abuzərli, atasının adının Əlipaşa olması vaxtilə bu ailəni narahat günlər keçirməyə, haralarasa izahatlar yazmağa, müəyyən maneələrlə qarşılaşmağa vadar etmişdi.
İkinci Dünya müharibəsi bu ailəyə daha böyük zərbə vurmuşdu. Cəbhəyə yollanan atası Mozdok ətrafında döyüşlərdə qəhrəmanlıqla həlak olmuş, orada da dəfn edilmişdi. Anasının körpələri yatırtdıqdan sonra gecələr ağlaması acı bir səhnə kimi bu gün də onun gözləri önündən silinməyib. Bəlkə o xatirələrə olan ehtiramından idi ki, sonralar Zahid müəllim uzun-uzadı yazışmalar aparıb atasının uyuduğu məzarın yerini tapmışdı.
Bütün gəncliyi boyu atasının ailə qarşısındakı məsuliyyət yükünü daşıdı. Ailəninin böyük oğlu kimi elə çalışdı ki, atasının adına layiq olsun.Həkim olmaq arzusu ilə yaşasa da, anasını tək qoyub Bakıya getmək istəmədi. Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəz fakültəsinə daxil oldu. Fakültənin ictimai işlərində fəal iştirak etdi. Fakültə komsomol təşkilatının katibi, eyni zamanda, institut komsomol komitəsinin büro və plenum üzvü seçildi. Ali məktəbi başa vurduqdan sonra Gəncə Pedaqoji İnstitutunun botanika kafedrasının təcrübə sahəsində çalışdı. 1960-cı ildə Gəncədə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu təşkil olunanda orada texniki bitkilərin xəstəlikləri şöbəsinə elmi işçi qəbul edildi. Şəraitin olmaması ucbatından insanların sağlamlığı keşiyində dura bilməsə də, Uca Tanrının yer üzünə bəxş etdiyi digər canlıların- bitkilərin mühafizəsi ilə məşğul oldu. Pambığın ən qorxulu problemi sayılan soluxma xəstəliyinin problemləri üzrə ixtisaslaşdı. Bu sahəyə sevgisi onu elmin kəşməkəşli yollarından keçirdi. Fitopatologiya-pambıq xəstəlikləri üzrə aspiranturaya daxil oldu və 1965-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. Amma 45 ildir ki, o yenə axtarışdadır, bu sahədə tədqiqatlarını artıq 1984-cü ildən Elmi-Tədqiqat Pambıqcılıq İnstitutunda davam etdirir. 15 ildir ki, institutun bitki mühafizəsi şöbəsinin rəhbəridir.Zahid Abuzərli keçmiş İttifaqın bir çox şəhərlərində keçirilən elmi simpoziumlarda, konfrans və müşavirələrdə məruzələrlə çıxış edib, öz iş təcrübəsindən danışıb. 40-dan artıq elmi əsərin müəllifidir.
Söhbət zamanı Zahid müəllim respublikamızda pambıqçılığın çox şöhrətli vaxtlarını xatırladı. Partiyanın Mərkəzi Komitəsinin qərarı ilə bir çox rayonlarda, o cümlədən Tərtər, Ağsu, Göyçay rayonlarında pambıqçılıq təsərrüfatlarına praktik kömək göstərmək və tövsiyələr vermək üçün ezam olunardılar. Bu həm böyük məsuliyyət tələb edir, həm də şərəf işi sayılırdı. Zahid müəllim deyir ki, Azərbaycanın cəmi 4 rayonunda olmamışam, ömür imkan versə, onları da gəzib görəcəyəm.
1956-cı ildə Zahid Abuzərli həm gözü, həm də sözü tutan Rəna xanımla evlənir. O da ali təhsilli idi. Gəncədəki 43 saylı orta məktəbdə müəllimə işləyirdi. Onlar birlikdə 4 oğul böyüdüb boya başa çatdırdılar, ali təhsil verdilər. Övladları da harada çalışırlar-çalışsınlar ata- analarının üzünü ağ ediblər. Onun böyük oğlu Natiq Abuzərlini daha yaxşı tanıyıram. Azərbaycan Texnologiya İnstitutunda oxuyarkən əlaçı tələbə kimi təhsilini davam etdirmək üçün Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinə göndərilmişdi. Ali təhsilini başa vurduqdan sonra Gəncəyə qayıtmış, xalça kombinatında müxtəlif vəzifələrdə çalışmışdı. Şəhərin ictimai həyatında fəallıq göstərmişdi. Ordu sıralarında xidmətini başa vurduqdan sonra xüsusi hərbi təhsil alıb və hazırda məsuliyyətli və şərəfli bir sahədə çalışır. Xoşbəxt günlərin acı səhifələri də var. 1993-cü ildə Zahid müəllim həyat yoldaşı Rəna xanımı itirib. Həyatının onsuz günləri təsvirə gəlməz. Həyat gözəlliyini və mənasını itirmiş kimi görünür. Amma ömrün başqa töhfələri bu yoxluğu qismən də olsa doldurur. Bunlar övladlarının ona bəxş etdikləri nəvə paylarıdır. Özü də çox simvolik bir sayda. Zahid müəllim yeddi oğlan, bir qız babasıdır. Zahid müəllim əsil ziyalıdır. Ədəbiyyata, incəsənətə xüsusi maraq göstərən adamdır. Zəngin kitabxanası var. Klassiklərimizin əsərlərindən parçaları əzbərdən deyir. Nitqi hikmətli sözlərlə doludur. Bunlarla yanaşı, incə yumora sahib olan insandır.
Adət-ənənələrimizdən söz düşəndə xalqımızın ən gözəl mərasimlərinin bir qədər bayağılaşdırıldığından təəssüf hissi ilə danışdı. Vətən, valideyn, böyük-kiçik qarşısında ləyaqət hissinin itirilməməsini gənclərimizə tövsiyə etdi. Bugünkü görüşümüzdən sonra vaxtilə layiqli bir elm adamı, Gəncə ziyalısı kimi tanıdığım bu şəxsi el ağsaqqalı, vəfalı həyat yoldaşı, gözəl ata, nurani bir insan, mənəvi dəyərlərimizin qoruyucusu kimi yenidən kəşf etdim. Doğrudan da, gərək ömrü örnək kimi yaşayasan ki, onun mənası olsun.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında