Şriftin ölçüsü:
22.07.2010 00:11 | Oxunma sayı: 381
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ayda həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunaraq yaxalanmış, onlardan ümumilikdə 425 kiloqram narkotik vasitə aşkar edilərək götürülmüş, 5 cinayət işi başlanılmışdır.
MTN-nin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Həsənov İmran Heydər oğlu, Mahmudov Rahib İmran oğlu və Rusiya Federasiyasının vətəndaşı Cəlalov Camal Mirhüseyn oğlu Sankt-Peterburq şəhərində saxlanılmış, onlardan 397 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, dəstə üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyəti istintaqla araşdırılan Möhsün adlı İran İslam Respublikasının vətəndaşı həşişin xüsusi qaydada qranit daşların içərisinə qablaşdırılmasını, gəmi vasitəsilə konteynerdə Rusiyanın Həştərxan limanına, buradan isə yük avtomobili ilə Sankt-Peterburq şəhərinə göndərilməsini təşkil etmişdir. Dəstə üzvləri qranit daşları təhvil alarkən cinayət başında yaxalanmışlar.
Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Əliyev Fazil İskəndər oğlu saxlanılmış, onun idarə etdiyi "AzSamand" markalı avtomobilə baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, qabaqcadan əlbir olaraq, Fazil Əliyevin sifarişinə əsasən hazırda şəxsiyyəti istintaqla araşıdırılan İran İslam Respublikasının vətəndaşı satış məqsədilə həmin narkotik vasitənin qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar İrandan Azərbaycan ərazisinə keçirilməsini və Astara rayonunun Telman kəndi yaxınlığında gizlədilməsini təşkil etmişdir. Fazil Əliyev də idarə etdiyi avtomobili ilə həmin yerə gəlmiş, heroini oradan götürüb Bakı şəhəri istiqamətində hərəkət edərkən Lənkəran rayonu ərazisində yaxalanmışdır.
Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Rufullayev Elizbar İsaxan oğlu, Quliyev Anar Zakir oğlu, Əliyev Ceyhun Naib oğlu və Ağayev Dəyanət Yaşar oğlu saxlanılmış, onlardan 16 kiloqram 170,94 qram narkotik vasitə olan həşiş qətranı və 17 qramdan artıq heroin aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, adları çəkilən şəxslər, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli surətdə İrandan Azərbaycan ərazisinə gətirmişlər.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Babayev Ramiz Qılman oğlu, Quliyev Vüsal Eldar oğlu, Babaşov İlqar Qəzi oğlu, Qarayev Zahir Əzi oğlu və Arayeşkar Tünzalə Həsənpaşa qızı saxlanılmış, onlardan külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tünzalə Arayeşkarın həyat yoldaşı, hazırda İranda yaşayan və bu ölkənin vətəndaşı olan Mahmud Arayeşkar qaçaq yolla Azərbaycan Respublikası Astara rayonunun Təngərüd kəndinin ərazisinə külli miqdarda narkotik vasitələrin keçirilməsini və gizlədilməsini təşkil etmişdir. Ramiz Babayev və Vüsal Quliyev, sonuncunun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə həmin kəndə gələrək, - 12 kiloqrama yaxın narkotik vasitə olan həşiş qətranını və 900 qrama yaxın heroini nişan verilmiş yerdən götürüb Vüsal Quliyevin Astara şəhərində yaşadığı evində gizlətmişlər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ramiz Babayev və Vüsal Quliyev narkotik vasitələrdən təxminən 2 kiloqram həşiş qətranını Ramiz Babayevin dayısı İlqar Babaşovla birlikdə Cəlilabad rayonunun Alar kəndində Zahir Qarayevə vermiş, sonuncu da həmin narkotiki hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satmışdır. 900 qrama yaxın heroini isə Ramiz Babayev və Vüsal Quliyev Bakı şəhərində Tbilisi prospektində Tünzalə Arayeşkara çatdırmışlar. Keçirilmiş baxış zamanı Vüsal Quliyevin Astara şəhərindəki evindən 9 kiloqram 659,1 qram həşiş qətranı, Tünzalə Arayeşkarın yaşadığı ünvandan isə təxminən 900 qram heroin aşkar edilərək götürülmüşdür.
Digər əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Kazımov Rəşad Salman oğlu və Şirvan şəhər sakini Hüseynov Ceyhun Vaqif oğlu yaxalanmış, onlardan 100 qrama yaxın heroin aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, Ceyhun Hüseynovun qardaşı, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elman Hüseynovun tapşırığına əsasən, Rəşad Kazımov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə görüşərək, ondan bir cüt qara rəngli kişi ayaqqabısını təhvil almışdır. Həmin iranlı qeyd olunan ayaqqabıları Rəşad Kazımova verərkən onun içərisində heroin olduğunu bildirmişdir. Ceyhun Hüseynov Rəşad Kazımova ayaqqabıları cəza müəssisəsinə qardaşı Elman üçün aparacağını bildirmiş və hələlik onları gizlətməyi tapşırmışdır. Əməliyyat tədbirləri ilə Ceyhun Hüseynov və Rəşad Kazımov saxlanılmış, sonuncunun işlədiyi Nəsimi rayonundakı taxta sexinə keçirilmiş baxış zamanı bir cüt qara rəngli kişi ayaqqabısı aşkarlanmışdır. Həmin ayaqqabılar müayinə edilərkən onların dabanlarında gizlədilmiş 100 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.