Bakı qəsəbələrinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılır

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Xatırladaq ki, ölkə Prezident İlham Əliyevin 2011-ci il mayın 4-də imzaladığı sərəncamla təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakıətrafı kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması üçün  kompleks tədbirlər nəzərdə tutulmuşdur.

Ötən müddətdə həmin tədbirlərin icrası ilə bağlı xeyli iş görülmüşdür. Belə ki, Dövlət Proqramı çərçivəsində ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanı qəsəbəsinə qədər olan hissəsinin istismara verilməsi Abşeron yarımadasının bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsinə imkan yaratmışdır. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin mövcud imkanlarından istifadə etməklə müqəddəs Ramazan ayı ərəfəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı xəttinin Balaxanıya qədər  hazır hissəsi ilə Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə  içməli suyun verilməsinə başlanmışdır. Bununla da, uzun müddətdir içməli sudan əziyyət çəkən yaşayış məntəqələrinə fasiləsiz içməli suyun verilməsi təmin edilmişdir. Beləliklə, yeni mənbədən içməli suyun verilməsi ilə Mehdiabad qəsəbəsində 4270, Digah qəsəbəsində 2960, Gülüstan yaşayış massivində isə min nəfərdən artıq sakinin 24 saat fasiləsiz su təchizatı təmin olunmuşdur. Bununla yanaşı, hazırda yeni ünvanların şəbəkəyə qoşulması işləri davam etdirilir və bunların nəticəsi olaraq Mehdibad və Digah qəsəbələrində, eləcə də Gülüstan yaşayış massivində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 10 min nəfərdən artıq olacaqdır. Layihə çərçivəsində hər bir abunəçi “smart-kart” tipli sayğacla təmin olunur.

“Azərsu” ASC-nin tədbirlər proqramına uyğun olaraq cari ilin iyul-avqust aylarında  Məhəmmədi, Balaxanı, 1-ci və 2-ci Zabrat, Sabunçu qəsəbələrinə də suyun verilməsi planlaşdırılır. Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanıdan Qala qəsəbəsinə qədər olan hissəsinin tikintisi isə avqust ayında tamamlanacaqdır. Buna qədər Ramana və Qala qəsəbəsində anbar komplekslərinin inşası da başa çatdırılacaqdır.

Yeri gəlmişkən, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırda Bakı şəhəri və Abşeron rayonunun 36 qəsəbəsində su və kanalizasiya layihələri icra olunur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral xəttinin tikintisi, həmçinin qəsəbələrdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması işləri başa çatdıqdan sonra Abşeron yarımadasında  1 milyondan artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaqdır.

M. QULİYEV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında