r
İyulun 10-da Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, nasir və ədəbiyyatşünas, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev) son mənzilə yola salınmışdır.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.
Mərhumun cənazəsi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər və çiçəklər düzülmüşdü.
Gülhüseyn Hüseynoğlunun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasına gəlir, görkəmli ədibə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev mərhum yazıçının Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı əsərlərdən, insani keyfiyyətlərindən geniş söz açmışdır.
Bildirmişdir ki, Gülhüseyn Hüseynoğlu, sözün həqiqi mənasında, gözəl insan, dəyişməz mövqeyə malik vətəndaş, ustad yazıçı, zəhmətkeş alim olmuşdur. Keçən əsrin 40-cı illərindən ədəbi yaradıcılığa başlamış Gülhüseyn Hüseynoğlunun ömrünün mənasını məğrurluq, təvazökarlıq, zəhmətkeşlik kəlmələri daha dolğun ifadə edir. Vaxtilə Azərbaycanın müstəqillik arzusunu dilinə gətirdiyinə görə sovet sistemi tərəfindən zindana atılan yazıçı ömrü boyu qürurundan enməmiş, təmənnasız, gözü-könlü tox yaşamışdır.
Antisovet “İldırım” təşkilatını yaradan, məhkəmənin hökmü ilə 25 il azadlıqdan məhrum edilən Gülhüseyn Hüseynoğlu elmi fəaliyyətinin, demək olar ki, əsas hissəsini məhz sovet sisteminin qurbanı olmuş nakam şair Mikayıl Müşfiqin yaradıcılığına həsr etmişdir. O, bir müəllim kimi yeni nəslin ağıllı, vicdanlı və zəhmətsevər ruhda böyüməsi üçün böyük əmək sərf etmişdir. Alim təqribən 60 ilə yaxın bir müddətdə Bakı Dövlət Universitetində çalışmış, elmlər doktoru olmuş, professor dərəcəsinə yüksəlmişdir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Gülhüseyn Hüseynoğlunun vəfatının yalnız ədəbiyyatımız deyil, mənəviyyatımız üçün də böyük itki olduğunu demişdir. Bildirmişdir ki, Gülhüseyn Hüseynoğlu çox istedadlı yazıçı olmaqla bərabər, nadir mənəviyyata malik bir insan olmuşdur. O, gəncliyində Vətənin azadlığı, Azərbaycan dilinin bərqərar olması uğrunda ciddi mübarizəyə qoşulmuş və onun “cəzasını” çəkmişdir. Gülhüseyn Hüseynoğlu müəllim adının yüksək daşıyıcısı olmuş, bu adın təmizliyini, saflığını ömrü boyu saxlamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, xalq şairi, Nəriman Həsənzadə və Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov mərhumun gözəl insani keyfiyyətlərindən, mübarizliyindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Bildirmişdir ki, istedadlı yazıçı, nümunəvi müəllim olan Gülhüseyn Hüseynoğlu gözəl insan, vətəndaş ömrü yaşamışdır. Qeyd olunmuşdur ki, Gülhüseyn Hüseynoğlu Azərbaycan mənəviyyatının böyük yaddaşında bir örnək kimi həmişə yaşayacaqdır.
Görkəmli ədibin oğlu Toğrul Abdullayev mərhumun ailəsi adından yazıçının xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.
Sonra görkəmli ədibin cənazəsi son mənzilə yola salınmışdır.
Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.